Məhkəmə qərarları › İş №2(011)-95/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-95/2024

29.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-95/2024 29.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi (MTK-nı sədri) Nümayəndə iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh X1 qarşı “qanuna uyğun olmayan konstruktiv dəyişikliklərin ləğvi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında əvvəllər mövcud olmuş mübahisə üzrə çıxsrılmış məhkəmə qətnamələri ilə müəyyən edilir ki: 1.1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 07 iyun 2006-cı il tarixli, 146 saylı sərəncamı ilə "xxxx" X2 ünvan 1 ünvanda 2 girişli, zirzəmili, 14 (+mansard) mərtəbəli yaşayış binasının inşasına icazə verilmiş və həmin icazə əsasında "xxxx" MMM-in sifarişinə əsasən ünvan 1 ünvanda, 2 girişli, 14 (+mansard) mərtəbəli, sahəsi 13258,0 kv.metr olan 104 mənzildən (yaşayış üçün istifadə olunan mansardla birlikdə) və sahəsi 3726,0 kv.metr olan qeyri-yaşayış sahələrindən (zirzəmi, 1-ci və 2-ci mərtəbə da daxil olmaqla) ibarət olmaqla, ümumi sahəsi 18156,9 kv.metr olan yaşayış binası inşa edilmişdir; 1.2. "xxxx" MMM-nin təsisçisi E.B.Ələkbərov və X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 91 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan 2 ünvanda yerləşən 1 saylı, 2 girişli yaşayış binasında 2-ci giriş, mansarda mərtəbədə, sahəsi 117,01 kv.m olan 3 otaqdan ibarət 295 nömrəli mənzilin tikintisini, alıcı isə həmin mənzilin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüş, "xxxx" MMM-nın təsisçisi NümayəndəB. tərəfindən verilmiş xx.xx.2017-ci maliyyə arayışına görə mənzilin tam dəyəri (140.412 manat) X4 tərəfindən ödənilmişdir. Aydın Mürvələdov xx.xx.2020-ci il tarixdə ölmüş, 03 fevral 2021-ci il tarixdə notariat orqanında vərəsəlik işi açılmış, onun vərəsələri - arvadı Cavabdeh (cavabdeh), uşaqları X3, X5, X6 və X7r; 1.3. 10 avqust 2020-ci il tarixdə "xxxx" MMC təşkilati-hüquqi forması dəyişdirilərək İddiaçı Mənzil Tikinti Kooperativinə çevrilmiş və sonuncu "xxxx" MMC-nin hüquqi varisidir; 1.4. Bundan başqa, iddiaçının cavabdehə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və mənzillərin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-6366/2022 saylı qətnaməsi ilə təmin edilərək, xx.xx.2017-ci il tarixli, 91 saylı, 31 oktyabr 2014-cü il tarixli, 5 saylı, habelə 18 noyabr 2015-ci il və 22 iyun 2016 tarixli nömrəsiz müqavilələrin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 1210-cu məhəllə, 1 saylı binanın, mansarında yerləşən 3 otaqlı, sahəsi 117,01 kv.metr olan 295 saylı; həmin binanın mansardında yerləşən 1 otaqlı, sahəsi 59,7 kv.metr olan 294 saylı; habelə həmin binanın 3 otaqlı, sahəsi 114,33 kv.metr olan 145 saylı mənzillərinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1443/2023 saylı qətnaməsi ilə təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilmiş, bu sonuncu qətnamədən iddiaçının verildiyi kassasiya şikayəti isə AR Ali Məhkəməsinin 2(102)-2528/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə qismən, iddianın - "xxxx" MMM ilə Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 1210-cu məhəllə 1 saylı binanın 2-ci giriş, 1 və 2-ci mərtəbələrində yerləşən, sahəsi 500 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2015-ci il tarixli nömrəsiz müqavilənin, habelə "xxxx" MMM ilə X4 arasında Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 1210-cu məhəllə, 1 saylı binanın 1-ci giriş, 1 və 2-ci mərtəbələrində yerləşən, sahəsi 1000 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2016-cı il tarixli nömrəsiz müqavilənin etibarsız hesab edilməsinin rədd edilməsi hissələrində ləğv edilmiş və mülki iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Hazırda həmin iş yeni apellyasiya baxışındadır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1443/2023 saylı qətnaməsi isə 294 və 295 saylı mənzillərə dair müqavilənin etibarsız hesab edilməsi və həmin mənzillərin boşaldılması hissəsində qanuni qüvvəsini almışdır.

2. Eləcə də, iş materialları ilə müəyyən edilir ki, ünvan 3 ünvanında mansarda mərtəbədən ibarət olmaqla 14 mərtəbədən ibarət yaşayış kompleksinin işçi lahiyəsi Bakı ŞİHnin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır.

3. Həmçinin, AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X8 X10 Baş İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 1210-cu məhəllədə “Yeni Bulvar” yaşayış kompleksinin tikintisinə dair (sifarişçi "xxxx" MMM) 2 rəy verilmişdir. xx.xx.2014-cü il tarixdə verilmiş 18315 nömərli birinci rəydə yaşayış kompleksinin 1 və 2 saylı binalardan ibarət olması, binalaın hər birinin tikinti planında kənar oxlar arasındakı ölçülərinin 53,6 x 19,4 m. düzbucaqlı formasında 2 girişli, 12 mərtəbəli (+) mansarda və zirzəmidən ibarət olması göstərilmişdir. Həmin İdarə tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş 22672 saylı ikinci rəydə isə sözügedən yaşayış komleksində 1 saylı binada mərtəbə saylarında dəyşiklik edilərək müvafiq icra orqanları ilə razılaşdırılması və yeni variantda binanın planda (Bina 1) kənar oxlar arasındakı ölçüləri 23,6 x 24,7 m. düzbucaqlı formasında olmaqla 2 girişli, 1 səviyyə zirzəmili, 14 mərtəbəli və mansardalı qəbul edilməsi qeyd edilmişdir.

4. Eləcə də, xx.xx.2019-cu il tarixli Azərbaycan Respunlikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi tikinti-planlaşdırma Mərkəzi tərəfindən verilmiş “İcazə” sənədində Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 6, 6 A; 2 girişli, zirzəmili, 14 (+mansard) mərtəbəli yaşayış binasının ümumi sahəsinin 18156,9 kv.m., mənzillərin 104 ədəddən ibarət olmaqla ümumi sahəsinin 13258 kv.m., qeyri-yaşayış sahəsinin - zirzəmi, 1-ci və 2-ci mərtəbədən ibarət olmaqla, ümumi sahəsinin 3726 kv.m, olması göstərilmiş, binanın tikintisinə dair icazə verici sənədin Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 146 nömrəli sərəncamının, tikinti obyektinin sahibinin "xxxx" MMC olması, xx.xx.2019-cu il tarixdən isə yaşayış binasının istismarına icazə verilməsi qeyd edilmişdir. Həmçinin, həmin “İcazə” sənədində AR FHN tərəfindən aparılmış müayinənin nəticələrinə dair müsbət rəyin olmasına istinad edilmişdir.

5. AR FHN tərəfindən verilmiş sözü gedən həmin müsbət rəy “Çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazırlığı barədə Rəy” adlanmaqla xx.xx.2019-cu il taxdə 0251 nömrə ilə tərtib edilmişdir, həmin Rəydə də yaşayış komleksinin 2 girişli, zirziməli, 14 (+mansarda) mərtəbəən ibarət olması, tikintinin 2017-ci il tarixdə başa çatması, eyni zamanda binanın əvvəlki bənddə göstərilən ölçülərdə və sayda olması, mansarda mərtəbəsinin yaşayış üçün istifadə olunması göstərilmişdir.

6. Bundan başqa, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sözü gedən 296 saylı mənzilin dövlət qeydiyyatına alınmasından imtina barədə cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qeyd olunan ünvanda (ünvan 4inasının təqdim olunmuş layihəsində və hüquq müəyyənedici sənədlərdə 296 saylı mənzil 3 otaqlı gösətərilsə də, idarənin mütəxəsisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin binanın mansard mərtəbəsində yerləşdiyi, 4 otaqlı olduğu, qonşu mənzilin bir hissəsinin, ümumi istifadədə olan dəhlizin bir hissəsinin və mansard mərtəbənin üstündə yerləşən 43,8 kv.m sahənin istfadədə olduğu müəyyən edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri

7. İddiaçı cavabdehin qanunsuz əməllərinin aradan qaldırılmasının, mövcud qanunvericiliyin tələblərinə zidd olaraq həyata keçirilmiş tikinti-quraşdırma işlərinin layihəyə uyğun bərpa olunması öhdəliklərin cavabdehin üzərinə qoyulmasını, aparılacaq bərpa işlərinin layihəyə uyğun icrasına nəzarət səlahiyyətinin iddiaçıya həvalə edilməsini təmin etmək barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh iddiaçıya məxsus neft məhsulları saxlanılan 5000 tonluq rezervuarın "Mühafizə Zonası'nın yazınlığında özbaşına tikili inşa etmişdir. İddiaçıya məxsus rezervuarın "Mühafizə Zonası'nda yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin rezervuara qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, “Mühafizə Zonası”nın mövcudluğu olduqca zəruridir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

9. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

10. İddiaçı sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılsa da, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, cavabdehin vəkili və nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb etdi.

11. Cavabdehin vəkili və nümayəndəsi iddia ərizəsinə yazılı etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

12. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. Maddə 29, İİ və İV hissə. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarinı ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır.

15. Maddə 180.4 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarına əsasən sökülə bilər.

16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsi

17. Maddə 3.0.15. Mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir.

18. Maddə 3.0.11. bina – insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyektidir.

19. Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir.

20. Maddə 14.1. Şəhərsalma və tikintiyə dair normativ sənədlər sistemi əhali üçün sağlam və təhlükəsiz yaşayış, iş və istirahət mühitinin (şəraitinin) yaradılması məqsədlərinə xidmət edir.

21. Maddə 14.3. Şəhərsalma və tikinti fəaliyyətinin həyata keçirilməsi zamanı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməlidir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

22. Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.

23. Maddə 3.2. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir.

24. Maddə 10.0.10. yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aiddir

25. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.

26. Maddə 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir.

27. Maddə 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır.

28. Maddə 24.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə); yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi.

29. Maddə 39.1. Çoxmənzilli binada sahə mülkiyyətçisi həmin binada ona mülkiyyət hüququ əsasında məxsus olan sahə ilə bitişik sahəni mülkiyyətinə əldə etdikdə, o, bu Məcəllənin İV fəslində müəyyən edilmiş qaydada həmin sahələri bir sahədə binanın dayanıqlığına xələl gətirmədən birləşdirmək hüququna malikdir. Əgər bu çoxmənzilli binada digər sahələrin sərhədlərinin, binanın ümumi əmlakının sərhədləri və həcmlərinin dəyişdirilməsinə və ya həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda payların dəyişməsinə səbəb olmursa, binada digər sahələrin mülkiyyətçilərinin razılığı olmadan bitişik sahələr arasında sərhədlər dəyişdirilə və ya bu sahələr iki və daha çox sahəyə bölünə bilər.

30. Maddə 39.2. Əgər sahələrin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini onlara birləşdirmədən mümkün olmursa, bu cür yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya çoxmənzilli binanın bütün sahələrinin mülkiyyətçilərinin razılığı alınmalıdır.

31. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.

32. AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli Qərarı ilə tədiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndələrinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir (4.1). Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir (4.2).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

38. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

39. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

40. Həm tərəflər arasında mövcud olmuş əvvəlki məhkəmə mübahisələri, həm də hazırkı mübahisə üzrə işin fakitiki halları ilə müəyyən edilir ki, ünvan 2də yerləşən 1 saylı, 2 girişli yaşayış binasında 2-ci giriş, mansard mərtəbədə, sahəsi 117,01 kv.m olan 3 otaqdan ibarət 295 nömrəli mənzil cavabdehin mərhum əri X4 tərəfindən iddiaçının hüquqi varisi olduğu "xxxx" MMM ilə bağlanmış xx.xx.2017-ci il tarixli, 91 nömrəli mənzilin alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. "xxxx" MMM tərəfindən verilmiş maliyyə arayışına əsasən mənzilin dəyəri tam ödənilmişdir. Qeyd edilən bu hallar isə mərhum Aydın Məmmədovun, eləcə də onun vərəsəsi olan cavabdehin həmin mənzilə dair mülkiyyətə gözlənti hüququnun yaranmasına əsas vermiş olur.

41. Yuxarıda sadlanan maddi hüquq normalarında mülkiyyətçinin öz mülkiyyətində olan mənzilindən, digər şəxslərin hüquq və mənafelərinin pozulmaması şərtilə, maneəsiz istifadə etməsi, ona sahiblik etməsi, tikinti və quraşdırma işləri aparmaq və s. kimi hüquqları təsbit edilmişdir. Lakin istər mülkiyyətdən maneəsiz istifadə və sahiblik, istərsə də, hər hansı tikinti işlərinin aparılması qanuna uyğun olmalı, digər mülkiyyətçilərin hüquqları ilə bir araya sığan qaydada həyata keçirilməlidir. Tikintisi qanunla müəyyən edilmiş qaydada həyata keçirilməyən istənilən daşınmaz əmlak isə qanunun verdiyi anlayışa əsasən özbaşına tikili hesab edilir. Mülki Məcəllənin 180-ci maddəsində özbaşına tikilinin anlayışı verilmişdir.

42. İşin mübahisəsiz halıdır ki, cavabdehin faktiki istifadəsində və sahibliyində olan sözügedən mənzildə əlavə tikinti işləri aparılmışdır. Mübahisənin xüsusi halı həm də ondan ibarətdir ki, aparılan tikililərin sökülməsi iddia edilən 294 və 295 saylı mənzillər Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 1210-cu məhəllədə inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının mansard mərtəbəsində yerləşir. Bu halda iddianın təmin edilməsi üçün iki halın araşdırlması vacibdir: biricisi, aparılmış tikinti işlərinin qanuna uyğun olub-olmaması; ikincisi, həmin tikinti işlərinin yaşayış binasının təhlükəsiz istismarına və orada yaşayan digər mənzil mülkiyyətçilərinin hüquq və mənafelərinə necə təsir göstərib-göstərməməsi.

43. Məhkəmə birinci halla bağlı qeyd edir ki, tikinti işlərinin qanuna uyğun olmasının əsasları və şərtləri yuxarıda sadalanan normalarda göstərilmişdir. Qanunun ümumi mənasına görə mövcud tikililərdə (ev, mənzil, yaxud başqa təyinatlı tikili və qurğular) hər hansı dəyişikliklərin aparılması bu sahədə səlahiyyətli olan müvafiq dövlət orqanlarının icazəsi (nəzarəti) ilə həyata keçirilməlidir. Burada dövlət nəzarətinin olması tikintinin tikinti norma qaydalarına uyğun həyata keçirilməsi ilə bərabər, həm də vətəndaşların hüquqlarının qorunmasına xidmət edən dövlət siyasətinin bir hissəsini təşkil edir. Təsadüfi deyildir ki, Şəhrsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsində deyilir ki, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Həmçinin, Mənzil Məcəlləsinin 10.0.10-ci maddəsində də göstərilir ki, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aiddir

44. Qeyd edilən müddəalardan da göründüyü kimi, yaşayış binalarının lahihələndirilməsi, binada və orada yerləşən ayrı-ayrı mənzillərdə sonradan istənilən dəyişikliklərin aparılması ilə bağlı tikinti işlərinin yerinə yetirilmsi müfafiq dövlət orqanları ilə razılaşdırlmaqla həyata keçirilməlidir. Lakin cavabdehin faktiki sahibliyində olan 294 və 295 saylı mənzillərdə sonradan aparılan əlavə tikinti işləri müvafiq dövlət orqanları ilə razılaşdırılmamışdır. Aparılmış tikinti işlərinin tikinti norma və qaydalarına uyğun olub-olmaması ilə bağlı təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7413 saylı ekspert rəyində də qeyd edilmişdir ki, ünvan 2də yerləşən yaşayış binasının mansard hissəsində cavabdeh tərəfindən 294 və 295 saylı mənzillər birləşdirilmiş, giriş eyniləşdirilərək binanın ümumi dəhliz hissəsinin tutulması, mənzillərdə sanitar qovşağın girişinin dəyişdirilməsi və mənzilin giriş hissəsində yeni binanın əsas yükdaşıyan dəmir-beton elementlərinin üzərində 7,9 x 3,9 metr ölçüdə antersol mərtəbənin yaradılması müşahisə edildi. Eyni zamanda, yaşayış binasının AR FHN UNDA Dövlət Baş Ekspertiza İdarəsində razılaşdırılmış işçi lahiyələrində binanın mansard mərtəbəsindəki mənzillərdə aparılmış yenidənqurma işləri nəzərədə tutulmamışdır. Həmçinin, ünvan 2də yerləşən yaşayış binasının mansard hissəsində 294 və 295 saylı mənzillərdə cavabdeh tərəfindən aparılmış tikinti işlərinə dair hər hansı bir icazə sənədləri olmadığı üçün həmin tikinti işlərinin AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli Qərarı ilə tədiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndələrinə uyğun inşa olunmadığı müəyyən edildi.

45. İkinçi halın, yəni sözü gedən mənzildə aparılan tikinti işlərinin yaşayış binasının təhlükəsiz istismarına və həmin binada yaşayan digər mənzil mülkiyyətçilərinin hüquq və mənafelərini pozub-pozmamasının müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7413 saylı rəyində isə ekspert belə nəticəyə gəlmişdir ki, AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli mütəxəsis rəyinə əsasən ünvan 2də yerləşən yaşayış binasının mansard hissəsində 294 və 295 saylı mənzillərdə cavabdeh tərəfindən aparılmış yenidənqurma işləri binanın əlavə yüklənməsinə səbəb olmuş və gələcəkdə baş verə biləcək fövqəladə hallar zamanı binanın təhlükəsiz istismarına, dayanıqlığına və orada yaşayan insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilər.

46. Şərh edilən əsaslardan da göründüyü kimi, cavabdeh tərəfindən mübahisələndirilən mənzildə yerinə yetirilmiş əlavə tikinti işləri qanunsuz, yəni müvafiq dövlət orqanları ilə razılaşdırılmadan həyata keçirildiyindən, habelə aparılmış tikinti işləri binanın təhlükəsiz istismarına, dayanıqlığına və orada yaşayan insanların həyat və sağlamlığı üçün təhlükə yaratdığından iddia həmin hissədə əsaslıdır.

47. Məhkəmə hesab edir ki, iddia “aparılacaq bərpa işlərinin layihəyə uyğun icrasına nəzarət səlahiyyətinin İddiaçı MTK-ya həvalə edilməsi” hissəsində təmin edilə bilməz. Əvvəldə də qeyd edildiyi kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından ibarətdir. İddiaçının göstərilən iddia tələbinin əsasını təşkil edən maddi hüquq norması isə mövcud deyil. Belə ki, göstərilən iddia tələbi qətnamənin icrasından irəli gələn məsələdir. Söküntü yalnız layihədən kənar inşa edilmiş tikililəri ehtiva edir ki, bu da icraçının nəzarəti altında həyata keçirələcəkdir. Buna görə iddiaçıya əlavə səlahiyyət verilməsi qanunvericiliklə tənzimlənməyən hüquqi əsas yarada bilər. AR Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Məhkəmə hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri cavabdehdən tutulmalıdır.

49. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. ünvan 2də yerləşən yaşayış binasının mansard hissəsində 295 saylı mənzildə (faktiki olaraq 294 və 295 saylı mənzillərdə) Cavabdeh tərəfindən aparılmış tikinti işləri qanunsuz hesab edilsin. ünvan 2də yerləşən yaşayış binasının mansard hissəsində 295 saylı mənzildə (faktiki olaraq 294 və 295 saylı mənzillərdə) Cavabdeh tərəfindən aparılmış tikinti-quraşdırma işləri həmin ünvanda yerləşən yaşayış binasının layihəsinə uyğun bərpa edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 100 manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar