Məhkəmə qərarları › İş №2(011)-953/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-953/2024

24.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-953/2024 24.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Maştağa qəsəbəsi, Subtropik Sovxozda iddiaçıya məxsus fərdi evinin İTRON tipli G-4 markalı **********8 nömrəli qaz sayğacını Cavabdeh İB-nin əməkdaşları iddiaçının iştirakı olmadan özbaşına şəkildə açaraq onu Zenner tipli G-4 markalı **********0 nömrəli qaz sayğacı əvəzləmişlər. Çıxarılan sayğac qutuya qoyaraq möhürlənməli və dövlət yoxlaması üçün Cavabdeh İB-nin Metrologiya departamentində yalnız iddiaçının iştirakı ilə açılıb yoxlanılmalı idi. Lakin Cavabdeh İB-nin əməkdaları qanunun tələblərini pozaraq sayğacı qutuya qoymamış və iddiaçının iştirakı olmadan qaz sayğacını Cavabdeh İB-nin Metrologiya Departamentində birtərəfli qaydada yoxlayaraq özlərindən rəy vermişdilər ki, guya ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü sol hissədən kənar təsir nəticəsində oturacaqdan aralanıb, qaz keçir, sayğacın hesablama mexanizmi qazın həcmini qeyd etmir. Əgər həqiqətən də belə olsaydı o zaman Cavabdeh İB-nin əməkdaşları sayğacı çıxararkən bunu mütləq ******* nömrəli aktda qeyd edərdilər. 30 aprel 2023-cü ildə Cavabdeh İB-nin Bakı Regonal Qazın Satışı Departamentin nümayəndələri Kənan Əhmədov, Emin Şahkərimov, Dünyamalı Əliyev iddiaçıya məxsus **********00141 nömrəli abonent hesabına heç bir ciddi araşdırma aparmadan, laboratoriyada iddiaçının iştirakı olmadan aparılmış saxta yoxlamanın rəyi əsasında 25920 m3 yəni 3110.40 manat cərimə yazmışlar. Onlar bu cərimə məbləğini evdə qazdan istifadə etdiyi qaz cihazlarını inventar etmədən, heç bir məhkəmə rəran olmadan, qeyri-qanuni şəkildə, birtərəfli qaydada yazmışlar. Guya ki, iddiaçı bir saata 6 m3, yəni sutka ərzində 144 m3 və beləliklə ay ərzində 4320 m3 qaz işlədir. Bu rəqəmi isə son 6 ay hesablayaraq onlar saxta şəkildə 25920 m3 kimi ağlasığmaz rəqəm almışlar. Axı fərdi yaşayış indəki adi qaz cihazları ilə ay ərzində necə 4320 m3qaz sərf etmək olar? Bu ki, fərdi yaşayış evidir, qazdan daha çox istifadə edən sənaye müəssisəsi deyildir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh İB tərəfindən onun **********00141 nömrəli qaz hesabına qeyri-qanuni yazılmış 3110.40 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışını dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 13 aprel 2023-cü il tarixli ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ünvanına aid sayğaca baxış keçirilmiş, aktda “MSK - 14-2/3-5-3735-1 saylı laboratoriya rəyinə əsasən sayğacın hesablama mexanizmi keçən qazın həzmini qeyd etmir” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü il üçün borcu 3110,40 manat təşkil edir. İş materiallarında olan 30 aprel 2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ünvanına aid qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan 6x24x180=25920 m3 müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 13 aprel 2023-cü il tarixli ******* saylı aktın surətində “MSK -14-2/3-5-3735-1 saylı laboratoriya rəyinə əsasən sayğacın hesablama mexanizmi keçən qazın həzmini qeyd etmir” qeyd edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 3110,40 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00141) ünvanına dair hesablanmış 3110,40 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 51,11 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ünvanına (abonent kodu: **********00141) hesablanmış 3110,40 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 51,11 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar