Məhkəmə qərarları › İş №2(011)-97/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-97/2025

10.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-97/2025 10.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Bakı şəhəri Nəsimi rayonu “Hacı Əjdərbəy” X7 Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Bakı şəhəri Nəsimi rayonu “Hacı Əjdərbəy” X9 Cavabdeh İB-nə qarşı – Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 788.970,33 manat borc məbləğinin “Hacı Əjdərbəy” X9na məxsus abunə hesabından silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dini qurumların dövlət reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, “Hacı Əjdərbəy” X9 xx.xx.2009-cu il tarxində 100109A2-22 nömrə ilə qeydiyyata alınmışdır. Qeydiyyata alınmanın hüquqi əsasları: təsisçilərin xx.xx.2009-cu il tarixli protokolu və xx.xx.2009-cu il tarixli ərizəsidir. Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, “Hacı Əjdərbəy” məscidi xx.xx.2009-cu il tarixdə 43 nömrə ilə qeydə alınmışdır. Bakı şəhəri, Nəsimi rayonu, “Hacı Əjdərbəy” X7 nizamnaməsi tərtib edilərək təsdiq edilmiş və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 100109A2-22 nömrəli, xx.xx.2009-cu il tarixli şəhadətnamə ilə xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmaqla bu barədə şəhadətnamə verilmişdir. İcma əvvəllər xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçməklə 353 saylı şəhadətnamə almışdır. Nəsimi rayonu “Hacı Əjdərbəy” məscidi dindarların dini icması təsisçilərinin ümumi yığıncağının xx.xx.2009cu il tarixli protokoluna əsasən dini icmanın Nizamnaməsi və digər təsis sənədlərinin qanunda göstərilən tələblərə uyğunlaşdırılması və yenidən dövlət qeydiyyatından keçməsi üçün dövlət komitəsinə müraciət edilməsi qərara alınmışdır. Sözügedən protokola əsasən dini icmanın sədri vəzifəsinə Həmdulla Babayev təyin olunmuşdur. 2009-cu ildən “Hacı Əjdərbəy” məscidinə rəhbərlik etdiyi dövrdən hal-hazıradək məscidin qaz, su, işiq və sairə kommunal xərclərini vaxtı-vaxtında ödəmişdir. Qazdan istifadə etməyinə görə indiyə kimi məscidin bütün xərclərini vaxtında ödəməsinə baxmayaraq həmişə Azəriqaz İstehsalat birliyinin Bakı Regional Qazın Satışı Departamenti Nəsimi xidmət sahəsindən gələn hesab fakturada "Hacı Əjdərbəy” məscidinin qalıq borcu 788.970,33 manat kimi göstərilib. xx.xx.2023-cü il tarixdə verilmiş 116 nömrəli hesab fakturaya əsasən qalıq borc 788.970,33 manat göstərilmişdir. “Hacı Əjdərbəy” məscidi olaraq hər ay istifadə etdikləri qazın pulunu vaxtında ödəmişdirlər. Həmdulla Babayev 2009-cu ildən “Hacı Əjdərbəy” Məscidinin dini icmasının sədri vəzifəsinə təyin olunmamışdan əvvəl bu borc var idi. “Hacı Əjdərbəy” Məscidinin adna yazılan 788.970,33 manat borcun haradan yaranması barədə heç bir məlumatı yoxdur. Cavabdeh tərəfindən əsassız olaraq **********00001 istehsalçı hesabına yazılmış 788.762,33 manat borcun silinməsini tələb edirlər. Hesablanmış borc məbləğini aşağıda göstərdikləri səbəblərdən əsassız hesab edirlər. Belə ki, iddiaçı tərəfindən hər ay vaxtı-vaxtında qaz paylayıcısının istehlakçıya verdiyi qazın hesabı tam şəkildə ödənilmişdir. Ay ərzində istifadə olunan həcmdə qazın dəyəri tam şəkildə, davamlı olaraq cavabdeh tərəfinə ödənilmişdir. Bu barədə qəbzlər mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə müəssisənin qaz təchizatı əlavə məlumat verilmədən dayandırılacaq və müvafiq qaydada məhkəməyə müraciət edilərək yaranmış borcdan əlavə məhkəmə xərcləri tələb ediləcək. Sual yaranır ki, nəyə görə borc böyük məbləğdə olsa da, məscidin qaz təchizatı heç bir vaxt dayandırılmayıb? Nəyə görə bugünə qədər cavabdeh tərəfindən məhkəməyə müraciət edilməyib? Əgər bu borc həqiqətə uyğun olsa idi, düzgün hesablanmış olsa idi bugünə qədər qalıq borc kimi öz əksini tapmaz, məhkəməyə müraciət edilib tərəflərindən ödənilməsi təmin olunardı. Ancaq bu borc real borc deyil və cavabdeh tərəfindən əsassız olaraq hesablanmışdır. Sayğaca nəzarət edilməsinin qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq hesab edirlər ki, vəziyyətin bu hala gəlib çıxmasına (788.762,33 manat əsassız borcun yaranmasına) səbəb birbaşa qaz idarəsidir, qaza və qaz qurğularına nəzarət edilməli idi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 sonradan məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2010-cu il tarixə hesablanmış 783.727,24 manat borc məbləğinin silinməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O, əlavə etmişdir ki, xx.xx.2010-cu il tarixə mövcud olan borcun hesablanmasını əsaslandıran heç bir sənəd yoxdur. Buna görə də borc silinməlidir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, xx.xx.2010-cu il tarixi üçün abonentin borc hesabındakı borc məbləğinin hesablanmasına dair materiallar mövcud deyil. xx.xx.2010-cu il tarixədək Cavabdeh İB-də mövcud olmuş elektron qeydiyyat sistemi sıradan çıxmışdır, buna görə də həmin tarixədək borc məlumatları və borcun hesablanması üçün əsas olmuş materiallar qalmayıb. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının nümayəndəsi X2 bildirmişdir ki, xx.xx.2010-cu il tarixi üçün abonentin borc hesabındakı borc məbləğinin hesablanmasına dair sənədlər mövcud deyil. O, iş üzrə qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Borcun hesablanmasını əsaslandıran sənədlərin olmadığı halda, borcun tələb olunmasını əsaslı hesab etmir. Məhkəmə mülki işin materiallarını araşdıraraq və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Hacı Əjdərbəy” Məscidinə (X4) məxsus 10**********000 saylı abonentin saldosundan görünür ki, abonentin 2010-cu ilin aprel ayı üzrə cədvəlin “ayın əvvəlinə borc” bölməsində 783.727,24 manat borcu mövcud olmuşdur. İddiaçı 2010-cu ilin aprel ayının əvvəlinə olan həmin borcu mübahisələndirir. Saldodan həmçinin görünür ki, sonuncu dəfə abonentə qaz sayğacının quraşdırılması xx.xx.2015-ci il tarixdə olmuşdur. 2010-cu ilin aprel ayından daha əvvəlki müddətlər abonent saldosu üzrə qeyd edilməmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, həmin tarixlər üçün abonentin saldo məlumatları mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qeyri-kommersiya hüquqi şəxsinin Dövlət Qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, “Hacı Əjdərbəy” X9 xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Cavabdeh İB-nin 00301082 nömrəli xx.xx.2024-cü il tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktın surətindən görünür ki, “Hacı Əjdərbəy” Məscidi üçün 2024-cü ilin yanvar 01-30 yanvar tarixi ərzində hesablanmış qaz sərfinin məbləği 157,50 manatdır. İş materiallarında olan Cavabdeh İB-nin ******* nömrəli xx.xx.2024-cü il tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktın surətindən görünür ki, “Hacı Əjdərbəy” Məscidinə 2024-cü ilin 01-29 mart tarixləri ərzində hesablanmış qaz sərfinin məbləği 112,25 manatdır. İş materiallarında olan Cavabdeh İB-nin ******* nömrəli xx.xx.2024-cü il tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktın surətindən görünür ki, “Hacı Əjdərbəy” Məscidinə 2024-cü ilin 01-30 aprel tarixləri ərzində hesablanmış qaz sərfinin məbləği 19 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məhkəməyə ünvanlanmış məktubuna əlavə edilmiş ekspert rəyindən görünür ki, tədqiqata əlavə edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Göründüyü kimi, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvanda qaz sayğacı sonuncu dəfə 2015-ci ildə quraşdırılmış, abonentə məxsus saldoda 2010-cu ilin aprel ayının əvvəlinə 783.727,24 manat borc mövcud olmuşdur. Abonentin saldosunda 2010-cu ilin aprel ayından qeydiyyat aparılmaqla, daha əvvəlki müddətlər saldoda qeyd edilməmişdir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktı cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin (bu halda borcu tələb edənin) üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, abonentə 2010-cu ilin aprel ayının əvvəlində və daha əvvəlki dövrdə hesablanmış borclarla bağlı hər hansı təsdiqedici materiallar, o cümlədən borcun hesablanmasına əsas olmuş sayğac göstəriciləri barədə məlumatlar mövcud deyil. Bu işin mübahisəsiz halıdır. Cavabdehin nümayəndəsi bildirmişdir ki, mübahisəli borca aid dövrdə toplanılmış məlumatları qeydiyyata alan elektron tətbiq (elektron sistem) sıradan çıxmışdır. Bundan başqa iddiaçıya məxsus ünvanda qazdan istifadə qaydalarının pozulmasına dair cavabdeh tərəfindən hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Mübahisə ilə bağlı iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Belə ki, istehlakçıdan tələb olunan borc məbləğinin hesablanmasını əsaslandıran sübutlar məhkəməyə təqdim olunmadığından (mövcud olmadığından), iddia tələbləri təmin edilərək iddiaçıya 2010 ilin aprel ayının əvvəlinə hesablanmış 783.727,24 manat borc məbləği silinməlidir.. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 1.077,73 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, “Hacı Əjdərbəy” məscidinin dini icmasına (abonent kodu: 10**********000) Cavabdeh tərəfindən 2010-cu ilin aprel ayının əvvəlinə hesablanmış 783.727,24 (yeddi yüz səksən üç min yeddi yüz iyirmi yeddi manat iyirmi dörd qəpik) manat borc məbləği abonentin hesabından silinsin. 1.077,73 (bir min yetmiş yeddi manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar