Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-976/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 01.11.2020-ci il tarixinədək hesablanmış 1606 (min altı yüz altı) manat 13 (on üç) qəpik məbləğində kommunal xidmətlərə görə yaranmış borc və məhkəməyə müraciət üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 66, giriş 3, 136 saylı mənzilin alqı-satqısına dair Cavabdehla binanın inşasını həyata keçirmiş "xxxx" MTK arasında 06.04.2004-cü il tarixində müqavilə imzalanmışdır, mənzili əldə etmək üçün ödəniş etdiyinə görə cavabdehin də payçısı (üzvü) olduğu "xxxx" MTK ilə İddiaçı MMC arasında bağlanmış 05.01.2015-ci il tarixli müqaviləyə əsasən binaların həyətinin, blokların təmiz saxlanılması, lazım gəldikdə təmir-bərpa işlərinin aparılması, lift mexanizminə texniki xidmət göstərilməsi, binaların mühafizəsinin təmin olunması, kommunal xidmət haqqının yığılması, xərclərin ödənilməsi və digər xidmətlərin göstərilməsi icraçı İddiaçı MMC-yə həvalə edilmişdir, Müqavilə bağlanan tarixdən etibarən İddiaçı MMC tərəfindən yüksək keyfiyyət və peşəkarlıqla bütün sakinlərə, o cümlədən cavabddeh Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 66, giriş 3, 136 saylı mənzilə kommunal xidmətlər göstərilmiş, lakin bəzi az sayda sakinlərin, o cümlədən cavabdehin iddiaçıya qalıq borcu yaranmışdır, 01.08.2014-cü il tarixindən etibarən yığılmış borcun ödənilməsi dəfələrlə cavabdehdən tələb olunsa da, bunun müsbət nəticəsi olmadığı üçün məhkəməyə müraciət olunması zərurəti yaranmışdır, cavabdehin iddiaçıya vaxtında ödəmələri həyata keçirməməsi iddiaçının məhz kommunal xidmətlərlə bağlı üçüncü şəxslər qarşısında əlavə xərclər yaranması və bununla da MMCyə zərər vurulması ilə nəticələnmişdir, buna görə də iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, həmin binadakı mənzili 2004-cü ildə almışdır, alqıdan sonra həmin mənzili təmir etdirmək istəmiş, lakin maddi imkanının olmaması səbəbindən bunu edə bilməmişdir, həmin mənzil təqdim etdiyi fotoşəkillərdən görünüdüyü kimi yaşamağa hazır vəziyyətdə deyil, əsaslı təmirə ehtiyacı vardır, buna görə də, həmin mənzildə yaşamır, hal-hazırda ünvan 1 ünvanda yaşayır, həmin mənzildə yaşamadığından iddiaçının göstərdiyi heç bir xidmətdən də istifadə etmir, onunla iddiaçı arasında bu xidmətlərin göstərilməsinə dair hər hansı bir müqavilə yoxdur, MTK ilə bağladığı müqavilədə “bina təhvil verildikdən sonra onun istismarı sakinlərin vəsaiti hesabına ancaq bu binaya xidmət edən istismar müəssisəsi hesabına həyata keçirilməsinə” dair ümumi müddəa olsa da, həmin xidmətlərin göstərilməsi, xidmət haqqı və digər bu kimi məsələlərdə onun razılığının ifadə olunduğu hər hansı müqavilə bağlanmamışdır, belə olan halda xidmətdən istifadə etmədiyi üçün, həmçinin iddiaçı ilə aralarında belə xidmətlərin göstərilməsinə dair hər hansı bir müqavilə olmadığı üçün onun xidmət haqqı ödəmək kimi bir öhdəliyi də yoxdur, ona qarşı qaldırılmış iddia tələbi tamamilə əsassızdır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan İddiaçı MMC və "xxxx" MTK arasında bağlanmış 05.01.2015-ci il tarixli 01 saylı müqavilənin surətindən görünür ki, sifarişçi "xxxx" MTK inşası onun tərəfindən həyata keçirilən, ünvan 2 ünvanında yerləşən yaşayış binalarına tam həcmdə kommunal xidmət göstərməyi və nəzarət etməyi icraçı İddiaçı MMC-yə həvalə etmiş, kommunal xidmətlərə görə xidmət haqqı yaşayış sahələrinin hər bir kvadrat metri üçün 0.2 manat, qeyri-yaşayış sahələrinin hər bir kvadrat metri üçün 0.15 manat müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı MMC və "xxxx" MTK arasında bağlanmış 05.01.2015-ci il tarixli 01 saylı müqaviləyə 01 nömrəli, 26.06.2018-ci il tarixli dəyişikliyi surətindən görünür ki, tərəflər kommunal xidmətlərə görə xidmət haqqı yaşayış sahələrinin hər bir kvadrat metri üçün 0.3 manat, qeyri-yaşayış sahələrinin hər bir kvadrat metri üçün 0.25 manat müəyyən edilməsi kimi dəyişiklik edilməsində razılığa gəlmişlər. İş materiallarında olan 013-11/İŞ saylı, 19.09.2019-cu il tarixli, Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, 01.08.2019-cu il tarixinə 1026.32 manat borcu yaranması ona bildirilmiş, borcunu ödəməsi tələb edilmiş, əks halda xidmət göstərilməsinin dayandırılması və bu barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 94 saylı MKİS tərəfindən verilmiş 598 saylı, 08.10.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gen. Mehmandarov küçəsi 22A saylı evin 47 saylı mənzilində Ağdam rayonundan olan məcburi köçkün kimi qeydiyyatsız yaşayır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MTK tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış binalarına tam həcmdə kommunal xidmət göstərilməsi və nəzarət edilməsi İddiaçı MMC-yə həvalə edilmiş, kommunal xidmətlərə görə xidmət haqqı yaşayış sahələrinin hər bir kvadrat metri üçün 0.3 manat, qeyri-yaşayış sahələrinin hər bir kvadrat metri üçün 0.25 manat müəyyən edilmişdir, cavabdeh ünvan 1 ünvanda yaşayır. Bununla belə, iddiaçı tərəfindən kommunal və digər xidmətlər göstərməsi əvəzində cavabdehin xidmət haqqı ödəmə öhdəliyi götürməsinə, həmçinin cavabdehin mübahisəli ünvan üzrə kommunal xidmətlərdən istifadə etməsi halları məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, iddia tələbi sübutetmə yükü ilə bağlıdır, iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır. Belə ki, iddia tələbi kommunal xidmətlərə görə ödənişlərlə əlaqədar olsa da, tərəflər arasında belə öhdəliklərin tənzimlənməsinə dair hər hansı bir müqavilənin olması iş materiallarından görünmür. Bununla bərabər məhkəmə, cavabdehin kommunal xidmətləri ödəmək öhdəliyini onun mübahisəli ünvan üzrə mülkiyyət hüquqları ilə bilavasitə qarşılıqlı əlaqədə nəzərdən keçirərək qeyd edir ki, belə xidmətlərin tənzimlənməsinə dair tərəflər arasında hər hansı bir müqavilənin olmaması, bu xidmətlərdən istifadə edildiyi təqdirdə, ona dair ödənişlərdən azad edilmək üçün əsas kimi nəzərə alına bilməz. Lakin məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh fərqli ünvanda yaşadığından, mübahisəli ünvan üzrə kommunal xidmətlərə görə tərəflər arasında müqavilənin mövcud olmaması şəraitində belə xidmətlərə görə haqqın ödənilməsi mümkünlüyü sübutetmədən asılı olacaqdır. İddiaçı isə, bu hallara dair sübutları iş materiallarına əlavə etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 751.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı “Cavabdeh İddiaçı xeyrinə 01.11.2020-ci il tarixinədək hesablanmış 1606 (min altı yüz altı) manat 13 (on üç) qəpik məbləğində kommunal xidmətlərə görə yaranmış borc və məhkəməyə müraciət üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Cavabdeh İddiaçı xeyrinə 01.11.2020-ci il tarixinədək hesablanmış 1606 (min altı yüz altı) manat 13 (on üç) qəpik məbləğində kommunal xidmətlərə görə yaranmış borc və məhkəməyə müraciət üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-976/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-976/2021
10.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver