Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-977/2025 09.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DNŞ-nin Cavabdeh Qazın Regional Satışı Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 8640 kub metr məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd edilmiş Bakı şəhəri, Xətai rayonu, Levanevski küçəsi, ev 10, mənzil 2A iddiaçının mülkiyyətindədir. Həmin mənzilə evə ZENNER G-4 markalı **********0 nömrəli mexaniki sayğac quraşdırılıb. İddiaçı daima sərf etdiyi qaza görə vaxtı-vaxtında ödəniş etmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh İBnin texniki qrupu həmin ünvanda yerləşən sayğaca baxış keçirmiş və guya sayğacın yivli birləşməsi deformasiyaya uğraması, hesasablama mexanizminin qulaqcığında əzik-cızıq izlərinin olması aşkar olunmuş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. İddiaçı həmin aktla razılaşmayaraq imza etməkdən imtina etmişdir. Bundan sonra həmin sayğacı çıxararaq aparmış və yeni sayğac qoymuşlar xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin texniki qrupu həmin ünvanda yerləşən sayğaca yenə baxış keçirmiş və bu dəfə guya hesablama mexanizmləri hərəkətə gətirən dişli çarxın dişləri kənar təsir nəticəsində kəsilməsi aşkar olunmuş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Bundan sonra Bakı Regional Qazın Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib olunmuşdur. Tələbnamədə dəymiş ziyanın hesablanması aşağıdakı kimi göstərilmişdir: G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 kub.metr saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Yəni 4x24x90-8640 kub metr. İddiaçı Cavabdeh İB-nin əməkdaşlarına bu hesablanmanın və ümumiyyətlə tərtib olunmuş aktın əsassız olmasım bildirsə də iddiaçının iradlarına məhəl qoymamışlar. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin tərtib etdiyi akt əsassız və qanunsuzdur, ona görə ləğv edilməli və həmin aktın əsasında hesablanmış cərimə silinməlidir. Əvvəlan ayğaca baxış kecirilən zamanı əgər kənar müdaxilənin olması müəyyən olunmuşdursa nəyə görə heç bir tədbir görülməmişdir. Bundan iki il sonra guya hesablama mexanizmləri hərəkətə gətirən dişli çarxın dişləri kənar təsir nəticəsində kəsilməsi barədə akı tərtib ediblər. Həmçinin hesablama mexanizmləri hərəkətə gətirən dişli çarxın dişlərinin kəsilməsi mümkün deyil. Çünki bu vaxt sayğacın işləməsi mümkün olmur. Bundan başqa cavabdehin tərtib etdiyi birinci aktda da göstərilir ki, sayğacın yivli birləşməsi deformasiyaya uğrayıb. İkincisi yazılan 8640 kub qaz sərfiyyatı da həqiqətə uyğun deyil. Çünki iddia ərizəsinə əlavə etdiyi abonentin saldosundan da görünür ki, iddiaçı sayğacda problem yaranan qədər və bundan da sonra təxminən eyni dərəcədə qaz sərf etmişdir. Bütün qaz sayğacları küçələrdə yerləşdirilib və mühafizə qutuları ilə əhatə olunmamışdır. Hansı ki, bu vəzifə birbaşa cavabdehin üzərinə düşür ki, bu da istehlakçı ilə cavabdeh arasında bağlanmış müqavilədə öz əksini tam tapmışdır. Məhz cavabdehin günahı üzündən, yəni qaz sayğaclarının müqavilədə nəzərdə tutulmuş qaydada mühafizə edilməməsi nəticəsində mütəmadi olaraq bu cür problemlər yaranır və bu kütləvi hal almışdır ki, bu da istehlakçıların hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt asasında hesablanmış 8640 kub metr məbləğində cərimə silinməlidir. Həmin evdə böyük bir ailə yaşayır, ailədə azyaşlı uşaqlar var. Ailə vəziyyəti çox ağırdır. Ailənin yeganə qazanc gətirəni iddiaçıdır. İddiaçı da günəmuzd fəhləliklə məşğul olur. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən **********00021 saylı abonent koduna əsassız olaraq hesablanmış 1.036,80 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın dişlərinin kənar təsir nəticəsində kəsildiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1.036,80 manat borc tələb edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2022-ci ilin dekabr ayına abonentin 1.036,80 manat borcu mövcuddur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1.036,80 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00021 saylı abunə koduna hesablanmış 1.036,80 manat məbləğində cərimə borcu silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 30.37 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00021 saylı abunə koduna hesablanmış 1.036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdehndən 30.37 (otuz manat otuz yeddi qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-977/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-977/2025
09.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver