Məhkəmə qərarları › İş №2(011)-986/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-986/2022

11.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-986/2022 11.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Mahmudova Zeynəb Əmirxan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi – JN-929F Kod 30319018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətamə”nin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1983-cü il tarixli qərarı ilə iddiaçıya Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 10/4 saylı fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi verilmiş və iddiaçının adına texniki pasport tərtib olunmuşdur. Həmin texniki pasportda ad və soyadı düzgün qeyd edilsə də ata adı Hümbətalı əvəzinə Hümbət kimi qeyd olunmuşdur. Hazırda iddiaçı həmin torpaq sahəsinə dair çıxarış almaq istəyir. Lakin texniki pasportda ata adı səhv yazıldığından sərəncam vermək hüququ məhdudlaşmışdır. İddiaçı qeyd olunan torpaq sahəsinə dair çıxarış almaq üçün DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə müraciət etmiş, xx.xx.2021-ci il tarixli məktubla qeyd olunan sənəddə ata adında yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Belə ki, şəxsiyyət vəsiqəsində, sürücülük vəsiqəsində, avtomobilin texniki pasportunda, polis orqanlarında xidmətlə bağlı xidməti vəsiqədə ad, soyadı, ata adı Ərizəçi kimi göstərilmişdir. Ərizəçi sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya ilə qiymətləndirilməsinə aid” pasportun Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs AR ƏMDK-nin Yanında Daşınmaz Əmlak Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********20 saylı xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş texniki pasportun surətindən görünür ki, Naximov küçəsi 10/4 ünvanında yerləşən mənzilin sahibi Ərizəçi Hümbət oğludur. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. 30 ildir ərizəçini tanıyır. Ərizəçinin atasının adı Hümbətalıdır. Hal-hazırda ərizəçi ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, ərizəçinin dostudur. Ərizəçini 1978-ci ildən tanıyır. Atasının adı Hümbətalıdır. Ərizəçi həyat yoldaşı, 2 oğlu və 2 gəlini ilə birlikdə ünvan 1 ünvanında yaşayır. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçini 2006-cı ildən tanıyır. Ərizəçinin atasının adı Hümbətalıdır. Ərizəçi ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Beləliklə işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, Ərizəçi adına verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya ilə qiymətləndirilməsinə aid” pasportda onun ata adı səhvən “Hümbət” kimi göstərildiyindən, o hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə dair müvafiq sənəd ala bilmir. Məhkəmə hesab edir ki, ərizəçi “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya ilə qiymətləndirilməsinə aid” pasportun ona məxsus olması barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilərək, “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya ilə qiymətləndirilməsinə aid” ЖЭУ 27 saylı texniki pasportun Ərizəçi məxsus olmasına dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya ilə qiymətləndirilməsinə aid” ЖЭУ 27 saylı pasportun Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar