Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-100/2023 11.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Socarın «Neft Kəmərləri İdarəsi»nin nümayəndəsi X1, Cavabdeh Lənkəran oğlunun iştirakları ilə, İddiaçı «Neft Kəmərləri İdarəsi»nin Cavabdeh Lənkəran oğluna qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı «Neft Kəmərləri İdarəsi» Cavabdeh Lənkəran oğluna qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, iddiaçının istismarında olan Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yeraltı neft kəmərinin 21-ci km-də, kəmərdən təqribən 30 m aralı məsafədə, kəmərə perpendikulyar 1-ci sırada, kəmərin mühafizə zonası daxilində cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar, darvaza və yerə tökülmüş betonun cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı «Neft Kəmərləri İdarəsi»nin nümayəndəsi X2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, iddia ərizəsinin “cavabdehə qadağan edilsin” hissəsində nəzərə alınmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «Neft Kəmərləri İdarəsi»nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı istismarında olan Böyükşor- Sumqayıt DŞ-700 mm-lik yeraltı neft kəmərinin 21-ci km-də, kəmərdən təqribən 30 metr aralı məsafədə, kəmərə perpendikulyar 1-ci sırada, kəmərin mühafizə zonası daxilində, Abşeron rayonu Saray qəsəbəsi ünvanında Cavabdeh Lənkəran oğlu tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar, darvaza və yerə beton tökülməsi faktı aşkar olunmuşdur. Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü il tarixdə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; d) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. Neft boru kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin, mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür, bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Bu səbəbdən də, məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə razıdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Lənkəran oğlu iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, tikinti aparmaq niyyəti olmamış, işə gedib-gəlmək mümkün olsun deyə, yola beton tökülmüşdür. Torpaq kənd təsərrüfat təyinatlıdır. Beton yolun eni təxminən 4 metr təşkil edir. Sadəcə olaraq daşlar tökülməklə yüngül şəkildə betonlaşdırılmışdır. Mülki iş üzrə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizasının rəyi ilə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Qarovul rəisi E.E.Əliyev, atıcılar Y.H.Cəlilov və İ.S.Zamanov tərəfindən imza edilməklə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə 4 saylı qarovulun 1-ci iş növbəsində saat 12:20-də 17-18 saylı postların ərazisində, (Abşeron rayonu, Saray qəsəbəsi) Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yeraltı neft kəmərinin 21-ci km-də, kəmərdən təqribən 30 m aralı məsafədə, kəmərə perpendikulyar 1ci sırada, vətəndaş Cavabdeh Lənkəran oğluna aid olduğu iddia edilən köhnədən inşa edilmiş, hasarlanmış və içərisində yaşayış olan evin darvazasının çöl hissəsində yerə beton tökülməsi aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan işlərin qanunazidd olduğu ev sahibinə izah edilərək görülən işlərə, həmçinin, əlavə işlərin aparılmamasına dair yazılı qaydada xəbərdarlıq təqdim edilmişdir. -Mülki iş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, həyətyanı sahədə beton tikili inşa edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3731 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, fərdi yaşayış evi, darvaza və hasarın Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü il tarixdə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşmədiyi, beton yolun isə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü il tarixdə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı istismarında olan Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yeraltı neft kəmərinin 21-ci km-də, kəmərdən təqribən 30 metr aralı məsafədə, kəmərə perpendikulyar 1-ci sırada, kəmərin mühafizə zonası daxilində, Abşeron rayonu Saray qəsəbəsi ünvanında Cavabdeh Lənkəran oğlu tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar, darvaza və yerə beton tökülməsi faktı aşkar olunmuşdur. Neft boru kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan Cavabdeh Lənkəran oğlu tərəfindən həmin ünvanda inşa edilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Mülki Prosessual Məcəllənin: 97.1. maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3731 saylı rəyi ilə fərdi yaşayış evi, darvaza və hasarın 50 metrlik mühafizə zolağının daxilinə düşmədiyi, beton yolun isə 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. Bu səbəbdən də, məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, digər sübutlarla paralel qiymətləndirib məhkəmə tərəfindən mübahisəli tikili olan beton yolun həqiqətən də magistral neft kəmərinin mühafizə zonasında yerləşməsini təsdiq edən sübut kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia tələbinə münasibət bildirilməmişdən öncə iddiaçının həmin tələbin qaldırılması üçün subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalıdır. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, ...mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...”. Lakin bununla yanaşı, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı «Neft Kəmərləri İdarəsi»nin balansında olan mühafizə zonasında aparılmış qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etməkdə İdarənin maraqlı tərəf qismində subyektiv hüququ mübahisəolunmazdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi”nin: 2.1-ci bəndinə əsasən, şirkətin əsas məqsədi Azərbaycan Respublikası ərazisində və onun hüdudlarından kənarda, quru və dəniz sahələrində neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft-kimya sənayesinin inkişaf etdirilməsini, neft, neft-kimya və qaz məhsullarının paylanmasını, satışını, habelə, istehlakçıların müvafiq enerji daşıyıcılarına olan tələbatının sabit və dayanıqlı ödənilməsi sahəsində müasir tələblərə cavab verən rəqabətə davamlı malların, işlərin və xidmətlərin təqdim olunmasını təmin etməkdən və gəlir əldə etməkdən ibarətdir. 2.4-cü bəndinə əsasən, şirkət fəaliyyət növlərinin səmərəli həyata keçirilməsini təmin etmək üçün qanunazidd olmadan, aşağıdakılar barədə müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdir: şirkətin və onun strukturuna daxil olan qurumların istifadəsi üçün ayrılmış torpaqların təyinatı üzrə istifadə edilməsi, bu torpaqlardan istifadə hüquqlarının strukturuna daxil olan qurumlara ötürülməsi və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına müvafiq qaydada razılıq verilməsi. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən, bu Məcəllənin 95.1.3-1, 95.1.4 və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli, 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 695 nömrəli Fərmanının 4.10-cü bəndinə əsasən, həmin Məcəllənin 95.3-cü.maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi beton yol qeyd olunan kəmərin mühafizə zonasında yerləşir. Müəyyən edildiyi kimi, xüsusi şərtlərlə istifadə olunan ərazi zonasında, yəni, mühafizə zonasında inşa edilmiş tikili öz mahiyyət etibarilə qanuni tikili hesab edilə bilməz. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu və ya digər tikilinin qanuni tikili hesab edilməsi üçün ilkin olaraq tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ tanınmalıdır, lakin sözsüz ki, hazırki iş üzrə cavabdehin istifadəsində olan torpaq sahəsinin müəyyən hissəsi xüsusi şərtlərlə istifadə olunan zonaya düşdüyündən həmin hissədə torpaq sahəsinə fiziki şəxsin mülkiyyət hüququnun tanınması mümkün deyildir. Bununla yanaşı, cavabdeh istifadəsində olan, lakin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində nəinki, lazımi icazələr almadan, üstəlik də şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla bina və qurğular inşa etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 9-cu maddəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqların kateqoriyasında kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqlarının bölgüsü aparılmışdır. 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Göründüyü kimi, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqların tərkibində formalaşan mühafizə zonalarının məqsədi məhz əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Bu kateqoriya torpaqların təyinatı yaşayış üçün sahələrin salınmasını nəzərdə tutmur və müəyyən edilən mühafizə zonasında yaşayış evinin tikintisi mühafizə zonasının əhəmiyyətini sıfıra endirir. Bu isə məhz əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından yolverilməzdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan qismən təmin edilməli, iddiaçının istismarında olan Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yeraltı neft kəmərinin 21-ci km-də, kəmərdən təqribən 30 m aralı məsafədə, kəmərə perpendikulyar 1-ci sırada, kəmərin mühafizə zonası daxilində cavabdeh tərəfindən inşa edilmiş yerə tökülmüş beton cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət rüsumu məbləği isə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 88, 150ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı «Neft Kəmərləri İdarəsi»nin istismarında olan Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yeraltı neft kəmərinin 21-ci km-də, kəmərdən təqribən 30 m aralı məsafədə, kəmərə perpendikulyar 1-ci sırada, kəmərin mühafizə zonası daxilində Abşeron rayonu, Saray qəsəbəsi ünvanında Cavabdeh Lənkəran oğlu tərəfindən inşa edilmiş yerə tökülmüş beton cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. Cavabdeh Lənkəran oğlundan aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-100/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-100/2023
11.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver