Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1017/2025 02.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü oğlu X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirdi ki, onun oğlu - xx.xx.2006-cı il təvəllüdlü X8 ümumi xəstəlik səbəbindən əmək qabiliyyətsizdir, 1-ci dərəcəli əlildir, daim kənar şəxsin qulluq və nəzarətinə ehtiyacı vardır. Onun oğlu Daun sindromu xəstəliyindən, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, (İQ-32), davranış pozuntuları ilə, F80.0 nitq artikulyasiyasının spesifik pozuntusu xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik səbəbindən onun oğlu hərəkətlərini idarə edə bilmir, bu səbəbdən də oğlunu nəzarətsiz qoymaq mümkün deyildir. O, özünü idarə edə bilməyən övladına baxmaq məcburiyyətindədir və övladının bütün əziyyətlərini o, çəkir. Oğlu əqli qüsurlu olduğu üçün sənədləşmə işi lazım olduqda sənədlərə imza ata bilmir, bu da bir sıra çətinliklər yaradır. Hazırda övladı X4 məhkəmə qaydası ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Odur ki, qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 məhkəmə iclasında xx.xx.2006-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə etiraz etmədiklərini bildirdi. İş materiallarında olan AA4122443 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2006-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Abşeron rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ № 835928 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 08 avqust 2006-cı ildə Bakı şəhərində doğulmuşdur. Atası Ərizəçi, anası isə X1r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 551 saylı rəyindən görünür ki, X5 Daun sindromlu şəxsdə ağır dərəcəli əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar (anamnestik məlumatlara görə yoxlanılan şəxs Daun sinromu ilə anadan olması, düçar olduğu xəstəliklə əlaqədar erkən uşaqlıq dövründə yaşıdlarına nəzərən psixofiziki inkişafda geri qalması, nitqi çox zəif inkişaf etməsi, tək-bir sözlərdən ibarət olması, əqli geriliklə əlaqədar kiçik yaşlarında Bakı şəhər X2 müraciətləri olması, arasıra əsəbiliyi, narahatlığı, hərdən fizioloji ifrazatları ilə natəmiz olması, həmçinin fikirlərini ifadə edə bilməməsi, hazırda yaşayış yeri üzrə psixiatrik kabinetində qeydiyyatda olması, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2024-cü il tarixdə müayinə edilərək “Daun sindromu. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik (İQ-32), davranış pozuntuları ilə. F80.0 Nitq artikulyasiyasının spesifik pozuntusu” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, daim kənar şəxsin nəzarəti və himayəsinə ehtiyacının olması, hal-hazırki psixiatrik müayinənin nəticələri (nitqinin inkişaf çox zəif etməsi, intellektual imkanlarının olmaması, maraq dairəsinin adi tələbatlarını ödəməklə məhdudlaşması, kəskin ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. İİ Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2006-cı il təvəllüdlü X8 öz hərəkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərinə rəhbərlik edə bilirmi? Cavab: X5 Daun sindromlu şəxsdə ağır dərəcəli əqli gerilik müəyyən edilir. X8 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarına malik deyil. 2-ci sual: xx.xx.2006-cı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab oluna bilərmi? Cavab: X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Daun sindromlu şəxsdə ağır dərəcəli əqli gerilik ilə diaqnozlu xəstəlik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, 08 avqust 2006-cı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Belə ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və onun öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 551 saylı rəyi ilə tamamilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.7-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olan uşaqların, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.12-ci və 118.13-cü maddələrinə uyğun olaraq övladlığa götürmək istəyən şəxsin ailəsində sınaq müddəti ilə yerləşdirilən uşaqların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 08 avqust 2006-cı il tarixdə doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1017/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1017/2025
02.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver