Məhkəmə qərarları › İş №2(012)-1023/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1023/2022

06.07.2022 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1023/2022 06.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə, eyni zamanda, Qanuni nümayəndə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı bağışlama müqaviləsinin və müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanuni nümayəndəsi X11 qarşı bağışlama müqaviləsinin və müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanuni nümayəndələri X20 arasında xx.xx.2013-cü il tarixdə Dövlət Notariat Kontorunda bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə məhkəmə baxış iclasında Cavabdeh2 vəkili Vəkil şifahi vəsatət verərək qanuni nümayəndə qismində Qanuni nümayəndə çıxış etməli olduğunu bildirmiş, bu səbəbdən də, X10 əsl Qanuni nümayəndə ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş, Qanuni nümayəndə Cavabdeh1 qanuni nümayəndəsi qismində işə cəlb olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı yaşadığı Abşeron rayonu Xırdalan qəsəbəsi M.Adıgözəlov küçəsi 36 saylı ev 1865-ci ildə inşa olunmuş və həmin evdə onun valideynləri yaşamışdır. Sözügedən ev sonradan onun atası X21 mülkiyyətində olmuş və atası xx.xx.1977-ci il tarixdə vəfat edəndən sonra xx.xx.1977-ci il tarixdə Abşeron rayon Dövlət Notariusu tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə” əsasında həmin evə onun vərəsəlik hüququ tanınmışdır. 1989-cu ildə yaşadığı evin texniki pasportu yenidən onun adına hazırlanmışdır. Həmin evdə iddiaçı, oğlu X17, gəlini Qanuni nümayəndə, nəvələri xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh1 ilə birlikdə yaşamışlar. Lakin sonradan oğlu vəfat etdiyindən və gəlini övladlarını, yəni onun nəvələrini özü ilə apardığından o, evdə tək yaşamışdır. Bir müddət sonra gəlini onun bütün problemlərini həll edəcəyini və ona qulluq göstərəcəyini bildirdiyindən öz aralarında gəlininin ona ömrünün sonuna kimi baxacağına, onun isə mülkiyyətində olan evini nəvələrinin adına bağışlayacağına dair razılığa gəlmişlər. O, 1939-cu il təvəllüdlü olduğundan və əmək qabiliyyəti olmadığı üçün yaşadığı ev barəsində sonradan başqa problemlər olmasın deyə, xx.xx.2013-cü il tarixdə bağışlama müqaviləsi əsasında evi Abşeron rayon Xırdalan şəhərində yerləşən Dövlət Notariat Kontorunda bağışlamış, həmin bağışlama müqaviləsi reyestr qeydiyyatından keçmiş və bağışlama müqaviləsini bir tərəfdən o, digər tərəfdən isə nəvələri yetkinlik yaşına çatmadığı üçün onların əvəzinə X20 imza etmişlər. Qeyd edir ki, bağışlama müqaviləsi təsdiq edildikdən bir müddət sonra gəlini övladlarını götürərək çıxıb getmiş və o, evdə tək yaşamalı olmuşdur. Həmin vaxtlarda o, həm özünü, həm də evi saxlamaqda çətinliklər çəkmişdir. Ona görə də dəfələrlə gəlininə nəvələrini evə gətirməyi, ona kömək etməyi bildirsə də, gəlini onun sözünə baxmamışdır. Sonradan, özünə lazım olan ərzaq və digər ləvazimatları almaq üçün getdikdə, yolda onu avtomaşın vurmuş və o, ağır xəsarət alaraq uzun müddət xəstə yatmışdır. Bu müddətdə nəvələri və gəlini onun yanına gəlməmiş və qulluğunda durmamışlar. Onun xəstə olduğu müddətdə qayğısını qonşular və digər yaxınları çəkmişlər. Artıq uzun müddətdir ki, nə nəvələri, nə də gəlini evə gəlir və evin probemləri ilə maraqlanmırlar. Hazırda da, hesab edir ki, o, evi nəvələrinin adına keçirərək aldadılmışdır. Ona görə bağışlama müqaviləsi üzrə tərəflər öz üzərinə götürdükləri öhdəlikləri layiqincə icra etmədikləri üçün müqavilə ləğv edilməlidir. Belə ki, bağışlama müqaviləsinin 3.3-cü bəndinə əsasən “Hədiyyə alan fərdi yaşayış evini xüsusi mülkiyyətinə qəbul etməyi öhdəsinə götürür”. Lakin onun bağışladığı ev sənədlə cavabdehlərin adına qeydiyyatdan keçsə də, cavabdehlər evin və onun qayğısını çəkməmişlər. Belə başa düşür ki, bağışladığı ev cavabdehlərə lazım deyil və cavabdehlərin niyyəti onun vəfatından sonra evi başqa şəxsə satmaq olmuşdur. Sözügedən müqavilənin 5.1-ci bəndinə əsasən, “Müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz öhdəliklərinin icrasından imtina edərsə o, bununla əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməli, eyni zamanda, dəbbə pulu (cərimə) verməlidir.” Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı izahatında iddia ərizəsini müdafiə etdiyini bildirərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 və digər Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən iddia ərizəsinə verilmiş etirazdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 iddiaçının nəvələridir. İddiaçı xx.xx.2002-ci il tarixdə, Cavabdeh1 isə xx.xx.2007-ci il tarixdə X17 ilə Yəhyayeva (İslamova) Samirə Balənməd qızının rəsmi nikahından anadan olmuşlar. X2 xx.xx.2012-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etmişdir. Atalarının sağlığında iddiaçının hal-hazırda bağışlama müqaviləsini mübahisələndirdiyi ünvan 1 ünvanında yaşamışlar. Atalarının ölümündən sonra iddiaçı və onun digər ailə üzvləri anaları Qanuni nümayəndə ilə yola getmədikləri üçün məcburi olaraq həmin evdən çıxarılmış və onlar kirayələrdə yaşamağa məcbur olmuşlar. Halbuki, mülkiyyətlərində 2013-cü ildən fərdi yaşayış evi olsa da, iddiaçı və onun digər ailə üzvləri onları həmin evə daxil olmağa qoymamışlar. Onların azyaşlı olmağından və öz hüquqlarını müdafiə etmək iqtidarında olmadığından anaları Qanuni nümayəndə isə onları böyütmək və ehtiyaclarını ödəməklə məşğul olduğundan mülkiyyət hüquqlarının müdafiəsi üçün tədbirlər görə bilməmişlər. İddiaçı iddia ərizəsində hazırki iş üzrə qanuni nümayəndə olan anaları Qanuni nümayəndə guya iddiaçıya ömür boyu baxacağını öz öhdəsinə götürməsini nəzərə alaraq onun da qarşılığında mülkiyyətindəki evi bağışladığını qeyd etmişdir. Birincisi, iddiaçı özü ataları vəfat etdikdən sonra anaları ilə yola getməyərək onu hər şeydən kənarlaşdırmışdır. İddiaçının iddia ərizəsində “gəlini” deyərək adını çəkmədiyi Qanuni nümayəndə bağışlama müqaviləsində iddiaçıya qulluq etməsi və bu şərt daxilində evin bağışlanması ilə bağlı heç bir müddəa yoxdur. Yəni, bağışlama müqaviləsi şərtlə bağlanmamışdır. Eyni zamanda, bağışlama müqaviləsi bağlanarkən İddiaçı 11 yaşı, Cavabdeh1 isə 6 yaşı olmuşdur və inandırıcı deyildir ki, həmin yaşda uşaqların iddiaçını aldadaraq bağışlama müqaviləsi imzalatsınlar və ona söz versinlər ki, gələcəkdə ona qulluq edəcəklər. İddiaçı bağışlama müqaviləsini imzalayarkən və fərdi yaşayış evini bağışlayarkən tamamilə azad iradəsi ilə hərəkət etmiş, həmin vaxt iddiaçı onlar qarşısında hər hansı şərt irəli sürməmiş, daha sonra isə onlarla yola getmədiyi üçün mülkiyyətdə olan evdən çıxararaq mülkiyyətlərindən, ən əsası isə yaşadıqları mənzildən məhrum etmişdir. İddiaçı onlarla yola getsəydi, əlbəttə ki, bir böyüyü olaraq ona ömrünün sonuna kimi sevə-sevə qulluq edərdilər. İddiaçı iddia ərizəsində qəzaya düşdüyünü və ona həmin müddətdə baxmadıqlarını qeyd etmişdir. Bu deyilənlər tamamilə əsassızdır. Belə ki, iddiaçı avtoqəzaya düşərkən ilkin məlumatı Samirə X1 Tural Əmrah oğlu vermiş və onlar həmin qəzada səhvən nəvə İddiaçı xəsarət aldığını anlamışlar. Daha sonra taksi ilə bir neçə xəstəxana gəzərək iddiaçının qəza keçirdiyini dəqiqləşdirmişlər. Nəvələri olaraq iddiaçıya qəzaya düşdüyü müddətdə qulluq etmiş, məhkəməyə verənə qədər də hər gün gedərək baş çəkmişlər, baxmayaraq ki, iddiaçı mülkiyyətlərində olan evdən onları məhrum etmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, “elə başa düşürəm ki, bağışladığım ev cavabdehlərə lazım deyil və onlar mənim dünyamı dəyişməyimi gözləyirlər ki, evi başqa şəxsə satsınlar”. Qeyd edilən fikirlərə cavab olaraq, onların mülkiyyətlərində olan evdə yaşamağa heç bir şeyə ehtiyacları olmadığı qədər ehtiyacları var. Qanuni nümayəndə min-bir əziyyətlə çalışaraq aldığı əmək haqqının çox hissəsini kirayəyə verir. O halda həmin evə ehtiyac olmazdı ki, başqa yerdə mülkiyyətdə ev olardı. Həmin evi başqa şəxsə satmaqla bağlı da hər hansı bir planları yoxdur və bununla bağlı iddianı sübut etmək isə iddia edənin vəzifəsidir. Bağışlama müqaviləsi üzrə hədiyyəni qəbul etmiş, hətta adlarına hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 07 iyun 2013-cü il tarixli çıxarış əsasında qeydiyyatdan keçmişdir. Yəni, iddiaçının və onun digər ailə üzvlərinin təqsirli hərəkətləri nəticəsində mülkiyyətdə olan evdə yaşamağa qoyulmamaqları o demək deyildir ki, onlar hədiyyəni qəbul etməmişlər. İddiaçı bağlanmış 18 may 2013-cü il tarixli bağışlama müqaviləsinin şərtlə bağlandığını və aldadıldığını iddia edərək Mülki Məcəllənin 673.1.2-ci maddəsinə istinad etmiş, onları üzərilərinə qoyulmuş vəzifələrini yerinə yetirməməkdə günahlandırır. Halbuki, bağlanmış və hazırda mübahisələndirilən bağışlama müqaviləsinin 1.2-ci bəndində konkret olaraq qeyd edilir ki, hədiyyə verənin fərdi yaşayış evini verməsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Eyni zamanda, iddiaçı müqavilənin 5.1-ci bəndinə istinad edir ki, həmin bənddə müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərinin icrasından imtina edərsə, o, bununla əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməli, eyni zamanda, dəbbə pulu verməlidir. Müqaviləyə diqqətlə baxdıqda onların hədiyyə verən qarşısında ona qulluqla bağlı hər hansı öhdəlikləri yoxdur, əksinə, iddiaçı qeyd edilən fərdi yaşayış evindən mülkiyyətçi kimi istifadə etmələrinə icazə verməməklə və mülkiyyətdə olan evdə yaşamağa qoymamaqla öz öhdəliklərini pozur ki, istinad etdiyi müqavilə şərtinə görə də iddiaçıdan ziyan və dəbbə pulunu əksinə, onlar tələb etməlidir. Mülki Məcəllənin 673.3-cü bəndinə əsasən, iddiaçı tərəfindən 2013-cü ildən keçən 9 il müddətində bir dəfə də olsun imtina ilə bağlı hər hansı bildiriş göndərilməmişdir. Hal-hazırki iddiada iddiaçı bağışlama müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Halbuki, Mülki Məcəllənin 674-cü maddəsində bağışlamanın imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilməsindən söhbət gedir və həmin hallar da qanunla müəyyən olunmuşdur. Hal-hazırki iddiada bu halların heç biri yoxdur və iddiaçı imtina hüququnun həyata keçirilməsi üçün qanunvericilikdəki lazımi prosedurlara da riayət etməmişdir. Eyni zamanda, qanunun tələbindən çıxış edərək hazırki iş üzrə cavabdeh olan Cavabdeh1 adından onun hüquqlarının müdafiəsini həyata keçirmək üçün valideyn kimi Qanuni nümayəndə çıxış etməsi üçün hər hansı maneə yoxdur. Cavabeh Cavabdeh1 anası Qanuni nümayəndə himayəsindədir və iddia ərizəsində qanuni nümayəndə kimi göstərilən X20 İddiaçı qızı olduğu, yəni iddiaçı ilə yaxın qohum olduğu üçün yetkinlik yaşına çatmayan Cavabdeh1 Mülki Məcəllənin 36.3-cü maddəsinə əsasən məhkəmədə təmsil edə bilməz. Ona görə də iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə baxış iclasında iştirak etmiş cavabdeh X7 vəkili, Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi Vəkil iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddia tələbi tamamilə əsassızdır, belə ki, hazırda, mübahisəli ev iddiaçı tərəfindən cavabdehlərin adına bağışlanmasına baxmayaraq, cavabdehlər həmin evdə deyil, kirayədə yaşayırlar. Cavabdehlər məhkəməyə verilənədək böyük nəvə Cavabdeh2 nənəsinə baş çəkmiş, ona qulluq göstərmiş, çox yaxşı baxmışdır. Hətta nənəsi ilə bağlı qəza hadisəsi baş vermiş, səhvən nəvə Arifənin qəzaya düşdüyü zənn edilərək, ailə üzvləri hadisə yerinə getmiş, nənə olan İddiaçı yardım etmişlər. Diskdə əks olunmuş səs yazılarında iddiaçının qızı X20 özünü yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi kimi qələmə vermişdir. Halbuki, azyaşlıların anası Qanuni nümayəndə olduğu halda, qanuni nümayəndə qismində bibi, yəni X20 çıxış etmişdir. Beləliklə də, qanuni nümayəndə kimi bibi X10 iştirak etməsi məhkəmə araşdırması zamanı onlar tərəfindən təsadüfən müəyyən olunmuşdur. Bu səbəbdən də, iddia tələbləri əsassızdır, həmçinin, iddia müddəti ötürülməklə verildiyindən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh2 izahatında göstərmişdir ki, onun mübahisəli evin bağışlanmasından xəbəri olmamış, müqavilə bağlanan zaman o, iştirak etməmişdir. Məhkəmə iclasında Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh2 və Cavabdeh1 onun övladlarıdır. Yoldaşı vəfat edəndən sonra baldızları onu döyüb evdən çıxarmışlar. İddiaçı onun qaynanasıdır. Onun həyat yoldaşı X17 2012-ci ildə vəfat etmişdir. Evdən çıxarıldıqdan sonra o, uşaqları ilə birlikdə Rusiyaya getmişdir. Yoldaşının 2012-ci ildə vəfatından sonra qaynanası xx.xx.2013-cü il tarixdə bağışlama müqaviləsi əsasında evi nəvələrinə bağışlamışdır. Sonradan iddiaçı onları axtarmış və o, uşaqları ilə birlikdə həmin evə gəlmişdir. Lakin buna baxmayaraq, baldızı X20 onu və uşaqlarını hədələyərək evdən çıxarmış və həmin vaxtdan da o, kirayədə yaşayır. Qabyuyan işləməklə gündəlik çox az miqdarda qazanc əldə edir. Onun yoldaşı vəfat etməmişdən hələ qaynanası sözügedən evi nəvələrinə bağışlayacağını bildirmişdir. Həyat yoldaşı vəfat edənə qədər o, qaynanası ilə birlikdə yaşamış, onlarla birlikdə baldızı da yaşamışdır. Baldızı hətta uşaqlarını atmış, Sumqayıtda yerləşən 1 saylı İnternat məktəbinə qoymaq istəmiş, imtina aldıqdan sonra uşaqlarını da öz anası evinə gətirmişdir. Qaynanası bütün günü işlədiyindən baldızının uşaqlarına da o, baxmışdır. Baxdığı müddətdə baldızı onların evinə gəlməmiş, yalnız beş ildən sonra deportasiya edildikdən sonra baldızı mübahisəli evə gəlmişdir. X18 hansı ixtiyarla evə gəlməklə hədələmiş, lakin qaynanası buna müdaxilə belə etməmişdir. Hətta o, baldızından aidiyyəti polis idarəsinə də şikayət etmişdir. Qaynanası, yəni iddiaçı gəlini olaraq onun və övladlarının ona baxmamasından şikayət etsə də, qeyd etmək istəyir ki, o, həmin evə buraxılmadığı müddətdə qaynanasına da baxması mümkün deyildir. Onun bağışlama müqaviləsindən sonradan məlumatı olmuşdur. Belə ki, böyük baldızı ona bu barədə məlumat vermiş və bu barədə səs yazıları da mövcuddur. O, müqavilə bağlanan anda iştirak etməmiş, qızlarının əvəzinə qəyyum kimi bibiləri, yəni onun baldızı X20 iştirak etmişdir. Hesab edir ki, qaynanasının qızlarının evi var, yoldaşı vəfat edəndən sonra qaynanası həmin evi nəvələrinə bağışlamış, o, uşaqları ilə birlikdə kirayədə yaşayır, bu səbəbdən də, ev onun həyat yoldaşının haqqı olmaqla, hazırda da, qızlarının olmalıdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qanuni nümayəndə nümayəndəsi X8 Qanuni nümayəndə izahatı ilə eyni məzmunlu izahat vermişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin iddia tələbinə dair münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli İİ-AZ № 027274 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X6 xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “İslamova” soyadı verilmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-İ № 274486 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 xx.xx.2002-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 36 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X17, anası X5r. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İİİ № 383394 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 xx.xx.2007-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1224 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X17, anası Qanuni nümayəndədır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İ № 552699 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2012-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 250 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsi ümumi sahəsi 85.8 kv.m olan 36 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 55 saylı reyestr kitabının 85 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********49-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsi 36 saylı evdə qeydiyyatda olan X12, X10, Hüsniye Gencin imzaları ilə təsdiq olunmuş ərizələrdən görünür ki, onlar İddiaçı məxsus olan Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsi 36 saylı evin bağışlanmasına etirazlarının olmadıqlarını bildirmişlər. -Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 1721 saylı məktubundan görünür ki, İddiaçı Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı yanında Övladlıq və Qəyyumluq Komissiyasına ünvanladığı xx.xx.2013-cü il tarixli İ-1381 saylı ərizəyə Komissiyada baxılmış, Komissiya İddiaçı adına olan Xırdalan şəhəri M.Adıgözəlov küçəsi, ev 36-nın azyaşlı nəvələri xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 adına sənədləşdirilməsinə və onların əvəzindən bibisi X10 Dövlət Notariat Kontorunda bağışlanma və alqı-satqı müqaviləsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində, bank müəssisələrində müvafiq sənədlərə imza etməyinə etiraz etməmişdir. -Abşeron rayonu 1 saylı Notariat Kontorunun notariusu X13 tərəfindən təsdiq olunmaqla xx.xx.2013-cü il tarixli 4Ə/1954 reyestr nömrəli ev bağışlanma müqaviləsinin surətindən görünür ki, hədiyyə verən İddiaçı Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsi 36 saylı evdə qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evini hədiyyə alanın mülkiyyətinə verir. Hədiyyə alan isə fərdi yaşayış evini xüsusi mülkiyyətinə qəbul edir. Müqavilənin 1.2-ci bəndinə əsasən, hədiyyə verənin fərdi yaşayış evini verməsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləşdirilməmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən, hədiyyə alan fərdi yaşayış evini öz xüsusi mülkiyyətinə götürməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən, müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərinin icrasından imtina edərsə, o, bununla bağlı əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməli, eyni zamanda, dəbbə pulu (cərimə) verməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən, Mülki Məcəllənin 144, 146, 421, 423, 666-674-cü maddələrinin məzmunu və həmin müqavilənin hüquqi nəticələri tərəflərə izah edilmişdir. Müqavilədən daha sonra görünür ki, müqavilə hədiyyə verən İddiaçı ilə hədiyyə alan Cavabdeh1 və Cavabdeh2 adlarından azyaşlı olduqları üçün Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 1721 saylı məktubu əsasında X20 tərəfindən imza edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsi ümumi sahəsi 85.8 kv.m olan 36 saylı ev Cavabdeh1 və Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 55 saylı reyestr kitabının 85 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********49-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli **********49-10301 saylı texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsi ümumi sahəsi 85.8 kv.m olan 36 saylı ev Cavabdeh1 və Cavabdeh2 mülkiyyətindədir. -X10 Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına ünvanlandığı xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, X20 izahatında uşaqların adından çıxış etmək, imza etmək və sairə tədbirlər görməyin səlahiyyəti xaricində olduğunu, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 1721 saylı məktubunun etibarsız sayılmasını, yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh1 qəyyumunun birmənalı olaraq bioloji anası Samirə xanım olduğunu bildirmişdir. -Abşeron Rayon İcra Hakimiyyətinin Bakı şəhəri Dövlət Notariat Kontoruna ünvanlandığı İ-89-099 saylı məktubdan görünür ki, İslamova (Yəhyayeva) Samirə Balənməd qızının etdiyi müraciətə Komissiyada baxılmış, Komissiya Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 1721 saylı məktubunu etibarsız saymış və yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh1 qəyyumu valideyni İslamova (Yəhyayeva) Samirə Balənməd qızı hesab edilmişdir. -Abşeron Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 128-338 saylı məktubundan görünür ki, Qanuni nümayəndə ərizə ilə Abşeron Rayon Polis İdarəsinə müraciət edərək, baldızı X10 nənəsini ziyarətə gedən qızı Cavabdeh2 incitdiyini, evdə rahatlıq vermədiyini, evdən qovacağı ilə hədələdiyini bildirərək tədbirlər görülməsini xahiş etmiş, X20 isə yazdığı izahatında Qanuni nümayəndə bir ana kimi övladlarına baxmadığını, uşaqlarına özünün baxdığını bildirmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı, xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsi 36 saylı evdə qeydiyyatdadır. -Abşeron RPİ tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsi 36 saylı evdə qeydiyyatdadır. -Quba RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Qanuni nümayəndə Quba rayonu 1-ci Nügədi kəndində qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 Azərbaycan Respublikasının vətəndaşıdır. -Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 xx.xx.2007-ci il tarixdə anadan olmuş, atası Qurban İslamov, anası Qanuni nümayəndədır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Qanuni nümayəndə İddiaçı oğlu X17 ilə xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuş və onların həmin nikah münasibətlərindən xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 anadan olmuşdur. X17 xx.xx.2012-ci il tarixdə vəfat etmiş və bundan sonra, xx.xx.2013-cü il tarixdə İddiaçı mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsi 36 saylı evi nəvələri, yəni, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hədiyyə vermişdir. Hazırda, tərəflər arasında ailə mübahisələri olduğundan, iddiaçı həmin müqavilənin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsi 36 saylı ev əvvəlcə İddiaçı mülkiyyətində olmaqla sonuncuya bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarış verilməklə həmin ünvan üzrə xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 55 saylı reyestr kitabının 85 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********49-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq): 6.1.5 maddəsinə əsasən, müqavilələr azadlığı prinsipi mülki qanunvericiliyin prinsiplərinə daxildir. 390.1. maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qanunvericilikdən göründüyü kimi, mülki qanunvericiliyin əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipindən çıxış edərək məhkəmə qeyd edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Hazırki mülki iş üzrə mülki iş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli 4Ə/1954 reyestr nömrəli bağışlama müqaviləsinin tərəfləri hədiyyə verən İddiaçı ilə hədiyyə alanlar Cavabdeh2 və Cavabdeh1 qanuni nümayəndəsi X20 çıxış etməklə, həmin müqavilə Abşeron rayon 1 saylı Notariat kontorunun xüsusi notariusu X13 tərəfindən 4Ə/1954 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla təsdiq edilmişdir. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri, müqavilənin doğuracağı hüquqi nəticələr izah edilmiş, müqavilə tərəflərin iradə ifadəsinə uyğun olaraq imza edilərək təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsinin şərtlərinə əsasən, İddiaçı mülkiyyətində olan mənzili öz nəvələrinə bağışlamış və Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən, Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsi ümumi sahəsi 85.8 kv.m olan 36 saylı ev Cavabdeh1 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda da, cavabdehlərin mülkiyyətindədir. İddia tələbindən göründüyü kimi, İddiaçı həmin müqavilənin ləğv edilməsini tələb etməklə, başqa sözlə, sözügedən mənzilin yenidən onun mülkiyyətinə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Mülki Məcəllənin: 152.1. maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 324.1. maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4.maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericiliyin mülkihüquqi öhdəliklərinin ən mühüm yaranma əsası olan əqdlər, onların etibarsızlığı, o cümlədən aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməlidir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin: 666.1. maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. maddəsinə əsasən, bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 668.1.1 maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. 670.1. maddəsinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Mülki iş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən ləğv edilməsi tələb olunan xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsi tərəflərin iştirakı ilə Abşeron rayonu 1 saylı Notariat Kontorunda 4Ə-1954 reyestr nömrəsi ilə təsdiq edilmiş, hədiyyə alanlar fərdi yaşayış evini xüsusi mülkiyyətinə qəbul etməklə həmin əmlak üzərində mülkiyyət hüquqları təsdiq olunmuş, başqa sözlə, fərdi yaşayış evinin hədiyyə verilməsi ilə cavabdehlər “zənginləşmişlər”. Göründüyü kimi, bağışlama müqaviləsi onun etibarlı hesab edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmışdır. İddiaçı iddia tələbində Mülki Məcəllənin 670.1-ci maddəsinə istinad etməklə, hədiyyə verdiyi şəxslərin, yəni nəvələri Cavabdeh2 və Cavabdeh1 ona baxması, qulluq göstərməsi şərtilə evi bağışladığını qeyd etsə də, məhkəmə qeyd edir ki, tədqiq olunmuş müqavilədə hədiyyə alanların sözügedən vəzifələrin icrasına dair hər hansı bir öhdəlik götürmədiyi, tərəflər arasında buna dair razılığın olmadığı müəyyən olunmuşdur. Yəni müqavilənin şərtlə müəyyən edilərək bağlanılması təsdiq olunmur. Mülki Məcəllənin: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Məhkəmə araşdırması zamanı iddiaçı nəvələrinin ona baxmaqdan imtina etmələrini, qulluq göstərməmələrini, eyni zamanda, keçirdiyi qəza ilə əlaqədar olaraq nəvələrin onun yanında olmamalarını, onu yalnız buraxmalarını qeyd etsə də, buna dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, əksinə, cavabdehlərin öz mülkiyyətlərində olan fərdi yaşayış evinə buraxılmalarına maneə yaradılmaqla, nəticə etibarı ilə həmin ünvanda yaşayan iddiaçı-nənələrinə qulluq göstərməsinə də maneə yaradıldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; hədiyyə alanın əmlakı artır; hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Mülki qanunvericilikdə bağışlama müqaviləsinin real və konsensual formaları vardır. Hədiyyə verən hədiyyəni bağışlamaqla hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla yanaşı əmlak və ya əmlak hüquqları verilir. Hədiyyə verən hədiyyə alana gələcəkdə hədiyyəni bağışlamaq vədi verdiyi halda isə bağışlama müqaviləsinin konsensual forması mövcud olur. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. Qeyd olunmalıdır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi bir qayda olaraq hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. MM-in 421-424-cü maddələri müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tənzimləyir. MM-in 423-cü maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Göründüyü kimi, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında MMdə, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. MM-in 673-cü maddəsi isə bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin MM-in 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur. MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisədə İddiaçı Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsi 36 saylı fərdi yaşayış evini bağışladığı nəvələrinin, yəni Cavabdeh2 və Cavabdeh1 verilmiş vədi, yəni ona qulluq edilməməsi səbəbindən ləğv edilməsini xahiş etsə də, həmin hallara dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, müqavilə bağlanan anda hədiyyə verən qismində iştirak etmiş İddiaçı müqavilənin şərtləri, müqavilə üzrə hüquq və vəzifələri izah edilmiş, iddiaçı həmin müqaviləni imzalamaqla müqavilə şərtlərini könüllü şəkildə razılaşmışdır. Başqa sözlə, sözügedən müqavilənin qanunvericiliyin tələbləri əsasında, hər hansı bir şərtlə bağlanılmadığı, cavabdehlərin isə hər hansı bir xidməti cavab ilə şərtləşdirilmədiyi müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş bağışlama müqaviləsindən göründüyü kimi, həmin müqavilə müqavilə tərəfləri olan hədiyyə verən İddiaçı ilə hədiyyə alanlar yetkinlik yaşına çatmamış Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış, hədiyyə alanlar yetkinlik yaşına çatmadığından yetkinlik yaşına çatmayanların qəyyumu olan X20 müqavilə tərəfi kimi çıxış edərək həmin müqaviləyə imza etmiş və onun qəyyum qismində çıxış etməsinə əsas isə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 1721 saylı məktub olmuşdur. Lakin məhkəmə araşdırması zamanı müqavilə tərəfi kimi imzalayan şəxsin yəni X10 yetkinlik yaşına çatmayanların bibisi olması müəyyən edilmişdir. Beləliklə də, müqavilə bağlanan anda yetkinlik yaşına çatmayan uşaqların qanuni nümayəndəsi, yəni anaları Qanuni nümayəndə olduğu, onun qəyyum olmasına, həmçinin, müqavilə bağlamasına maneə törədən hallar olmadığı halda, qanunvericiliyin tələblərinə zidd şəkildə müqavilə bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 39-cu bəndinə əsasən, notarius əqd iştirakçılarının yaşı ilə əlaqədar fəaliyyət qabiliyyətini onun şəxsiyyətini təsdiq edən sənəd əsasında müəyyən edir. 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların, habelə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərin adından əqdləri yalnız onların qanuni nümayəndələri olan valideynləri, övladlığa götürənləri və qəyyumları bağlaya bilər. Müqavilədə yetkinlik yaşına çatmamış şəxsin yaşı, habelə müqaviləni onun adından bağlayan şəxslərin səlahiyyəti (qohumluq əlaqəsini təsdiq edən sənəd və ya məhkəmə qətnaməsi, yaxud qəyyumluq və himayəçilik orqanının qərarı əsasında) barədə məlumat əks olunur. Bu müqavilə qanuni nümayəndə və ya qəyyum tərəfindən imzalandıqdan sonra notariat qaydasında təsdiq edilir. Təlimatın tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, xx.xx.2013-cü il tarixdə bağlanmış bağışlama müqaviləsi bağlanan zaman müqavilə tərəfləri olan hədiyyə alanlar xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 11 yaşı, xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh1 isə 6 yaşı olmaqla, 14 yaşları tamam olmamış yetkinlik yaşlarına çatmayanlar kateqoriyasına şamil olunmuş, bununla da, həmin şəxslərin adından müqavilə onların qanuni nümayəndələri olan valideynləri, övladlığa götürənləri və qəyyumları tərəfindən bağlanmalı idi. Göründüyü kimi, yetkinlik yaşına çatmayan uşaqların qanuni nümayəndəsi Qanuni nümayəndə olduğu halda, müqavilə uşaqların bibisi X20 tərəfindən imzalanmış, azyaşlıların qanuni nümayəndəsinin olub-olmaması notarius tərəfindən araşdırılmamış, Qanuni nümayəndə kimi iştirakına maneə olan hallar müəyyən edilməmişdir. Lakin buna baxmayaraq, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 1721 saylı məktubu X10 Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına ünvanlandığı xx.xx.2022-ci il tarixli izahatı əsasında, Abşeron Rayon İcra Hakimiyyətinin İ-89-099 saylı məktubu ilə etibarsız sayılmış və yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh1 qəyyumu valideyni Qanuni nümayəndə hesab edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, tərəflərin izahatı, eyni zamanda, müqavilənin hüquqi təbiətindən çıxış edərək məhkəmə qeyd edir ki, sözügedən müqavilənin yetkinlik yaşına çatmayan uşaqların bibisi X20 tərəfindən imzalanması sonradan uşaqların qanuni nümayəndəsi Qanuni nümayəndə bəlli olmuş, lakin müqavilə əsasında evin bağışlanması hədiyyə alanı “zənginləşdirdiyindən” bu hal hədiyyə alanın qanuni nümayəndəsi tərəfindən mübahisələndirilməmiş, başqa sözlə, hədiyyə alanın qanuni nümayəndəsi həmin müqaviləni “bəyənmiş”, müqavilə bəyənildikdə də etibarlı hesab edilir. Belə ki, Mülki Məcəllənin 29.1. maddəsinə əsasən, bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə xx.xx.2013-cü il tarixdə təsdiq olunmuşdur. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin hazırki mübahisə üzrə ləğv olunması xahiş olunan müqavilə bağışlama müqaviləsi olduğundan, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Qərarındakı hüquqi mövqeyə istinad edərək məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 421-424-cü maddələri müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslarını tənzimləsə də, Məcəllənin 673-cü maddəsi bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin fərqli xüsusi qaydasını və əsaslarını müəyyən etmişdir. Belə ki, sözügedən müddəa bağşlamaqdan imtina əsaslarını müəyyən etmiş, Məcəllənin 673.3-cü maddəsinə əsasən isə imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Mülki iş materiallarından göründüyü kimi isə hədiyyə verən, yəni İddiaçı mübahisəli mənzilin hədiyyə verilməsinə dair xx.xx.2013-cü il tarixdə bağışlama müqaviləsi bağladığı halda hədiyyə alanlar tərəfindən öhdəliklərinin icra edilməməsini əsas gətirmiş və bağışlamaq barədə imtina edərək müqavilənin ləğvini tələb etmişdir. İddiaçı qeyd olunan əsasın ona məhz hədiyyə alanların öhdəliklərinin icra edilməməsi ilə əsaslandırmış, lakin bu barədə bildirişi hədiyyə verənlərə ünvanlamamış, eyni zamanda, ünvanlandığı halda sübutunu məhkəməyə təqdim etməmişdir. Bununla belə, məhkəmə xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilənin ləğvi tələbini irəli sürən iddiaçının müqavilənin bağlanmasından sonra 9 il müddət keçəndən sonra məhkəməyə müraciət etməsini, eyni zamanda, hədiyyə alanlar tərəfindən öhdəliklərinin icra etməməsinə dair əsasını səmimi şəkildə qəbul etmir. Beləliklə də, iddiaçı müqavilə tarixindən 9 il müddət keçəndən sonra məhkəməyə müraciət etməklə müddəti ötürmüşdür. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək məhkəmə belə qərara gəlir ki, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia tələbləri əsassızdır, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı bağışlama müqaviləsinin və müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar