Məhkəmə qərarları › İş №2(012)-1030/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1030/2021

21.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1030/2021 21.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı aktların ləğv edilməsi və qanunsuz hesablanmış cərimə borcunun silinməsi tələbinə dair mülki işə 21 aprel 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq ünvan 1ndə yerləşən fərdi yaşayış evinə quraşdırılmış, abonent kodu **********07060 olan sayğaca görə qanunsuz olaraq iddiaçıya hesablanmış 1400 manat cərimənin tutulmasına dair tərtib edilmiş 31.01.2018-ci il tarixli ******* saylı və 30 aprel 2018-ci il tarixli ******* saylı aktların ləğv edilməsi, cərimə borcunun silinməsi və ondan əlavə olaraq tutulan 143 manat pul məbləğinin iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanan 08.04.2015-ci il tarixli, 125614 nömrəli müqaviləyə əsasən, iddiaçı təbii qazdan istifadə etməyə başlamışdır. 2017-2018-ci illərdə iddiaçı rayonda olarkən, qurumun işçiləri ünvan 1ndə yerləşən fərdi yaşayış evinə sayğac yoxlanılması məqsədilə gəlmiş və evdə heç kimin olmasına baxmayaraq qanunsuz və əsassız olaraq ******* nömrəli akt tərtib etmişlər. Bir müddət sonra 30 aprel 2018-ci il tarixdə yenidən sayğac yoxlanılmış və birtərəfli şəkildə akt tərtib edilmiş, 1400 manat cərimə borcu yazılmışdır. İddiaçının aktların tərtibindən xəbəri olmamışdır. Bu barədə cavabdehə müraciət etsə də, nəticə əldə edə bilməmişdir. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ona cərimə aktı verilməyib. Evdə heç kim olmayıb. Qanunsuz akt yazılıb. Qaz peçi və 4 göz qaz işlədiblər. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddiaya etiraz edərək izahatında bildirdi ki, müqavilədə 1 cihaz nəzərdə tutulub. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan 31.01.2018-ci il tarixli, ******* saylı və 30 aprel 2018-ci il tarixli, ******* saylı aktlardan müəyyən edilir ki, İddiaçı məxsus qaz sayğacına baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. Abonent aktı imzalamaqdan imtina etdi. İşin materiallarında olan iddiaçının adına tərtib olunan abonent saldosundan görünür ki, 2018-ci ilin yanvar ayı üçün tərtib edilən akta görə 858,20 manat, həmin ilin mart ayı üçün tərtib olunan akta əsasən 322.20 manat, həmin ilin aprel ayı üçün tərtib edilən akta görə 219.60 manat məbləğində cərimə məbləği olmaqla, cəmi 1400 manat cərimə məbləği hesablanmışdır.. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı barəsində tərtib olunan aktlar birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmişdir. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir. Cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evə aid qaz sayğacına (abonent kodu **********07060) dair 31.01.2018-ci il tarixli, ******* saylı və 30 aprel 2018-ci il tarixli, ******* saylı aktlara görə hesablanmış 1181 manat borc silinməli, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin aktların etibarsız hesab edilərək ləğv edilməsinə dair hissəsinə münasibətdə isə qeyd edir ki, akt iş üzrə sübut vasitəsidir və yekun məhkəmə aktında sübut növü kimi ona hüquqi qiymət verilir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia əsassızdır və təmin edilməməlidir. Eləcə də, məhkəmə iddia tələbini digər hissəsinə münasibətdə qeyd edir ki, 143 manat əlavə tutulmalarla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən bu hissədə tələb əsassız hesab edilib təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 20 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdeh İB-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evə aid qaz sayğacına (abonent kodu **********07060) dair hesablanmış 1181 manat cərimə borcu silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İB –dən dövlət rüsumuna görə 20 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar