Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1037/2023 31.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Nümayəndə2, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən “İstehlakçıların su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün” xx.xx.2021-ci il tarixli, 13/531 saylı texniki şərtin ləğv edilməsi və Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsi tərəfindən hesablanmış 161 manat borcun qanunsuz hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin qalan hissədə saxlanılmaq şərtilə, Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsi tərəfindən hesablanmış 43.4 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC tərəfindən verilmiş “İstehlakçıların su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün” xx.xx.2021-ci il tarixli, 13/531 saylı texniki şərtə əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə su xətti çəkilərək su sayğacı quraşdırılmalı və tullantı sularının axıdılması üçün tədbir görülməli idi. Qeyd olunan texniki şərt verildikdən sonra dəfələrlə Cavabdeh ASC-yə müraciət edilmiş və çoxsaylı müraciətlərdən sonra fərdi yaşayış evinə su xətti çəkilmiş və **********006 saylı abonent kodu açılmışdır. Lakin tullantı sularının axıdılması problemi hazırkı dövrədək həll edilməmişdir. Fərdi yaşayış evinə su xətti çəkildikdən sonra su sayğacının quraşdırılması üçün cavabdehə müraciət edilmiş və nəticə olaraq xx.xx.2022-ci il tarixdə su sayğacı quraşdırılmışdır. Su sayğacı quraşdırıldıqdan sonra su xəttində sayğac olmadığı dövrlər üçün 161 manat borcun hesablandığı bildirilmişdir. Halbuki, iddiaçı Səfərov X2 rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evində yaşamamış və orada su xəttindən ümumiyyətlə, istifadə etməmişdir. Həmin ünvanda qaz xətti olsa da istifadə olunmamış, işıq xətti isə ümumiyyətlə, yoxdur. Odur ki, iddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə su borcu olaraq hesablanmış borc qanunsuz və əsassız olduğundan və Cavabdeh ASC-yə ünvanladığı müraciətləri müsbət həll edilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, əvvəl su xətti çəkilmiş, kanalizasiya sistemi quraşdırılmamış və hələ də mövcud deyildir. Sayğac 2021-ci ilin sonunda, ikinci yarımilində çəkilmiş, ondan əvvəl isə texniki şərt verilmişdir. Abşeron rayonu, Masazır kəndində yerləşən ona məxsus fərdi yaşayış evində yaşayış olmamışdır. Təxminən, 160 manat borc olmuş və 114 manat hissəsi silinmişdir. Halbuki, yazılmış borc suya görə yazılmış borcdur. Silinməli olan borc isə tam şəkildə silinməli idi. Sayğacın göstəricisinə diqqət yetirdikdə yaşayış olmadığını müəyyən etmək olar. Həmçinin, həmin ərazi üzrə su yalnız axşamlar gəlir və hər kəsin evində su çəni vardır. Sayğac qoyulduğu təqdirdə istifadə edilən suyun xərcini ödəyə bilər. Onunla əlaqə saxlanılmış və sayğaca baxılmasının mümkün olmadığı bildirilmişdir. Sentyabrda sayğac qoyulmuş, həmin vaxtdan bəri 9 m3 hesablanmış və onun xərci də 9.5 manat olmalıdır. Yazılmış borc sayğaca qədər olan borcdur. Cavabdeh onun 4 nəfər ailə üzvləri ilə yaşadığını iddia etsə də, bu, həqiqətə uyğun deyildir, halbuki, o, tək yaşamaqla subaydır. Evin dam örtüyü vurulmuş, yaşayış mövcud deyil, həyətdə ağaclar yeni əkilmişdir. 10 kv.m həyətyanı sahədə əkin əkilir. Fərdi yaşayış evi 2020-ci ilin may ayında inşa edilmiş, torpaq sahəsi çoxdan onun istifadəsindədir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, yaşayış sahəsi yaşayış üçün əlverişli vəziyyətə gətirilməmişdir. Qablarda su daşınılmış, qonşulardan yardım istənilmiş, bu vəziyyətdə ev inşa edilmiş, lakin tamamlanmamışdır. Gün ərzində su qısa zaman kəsiyində verilir. Cavabdeh ASC tərəfindən iddia ərizəsinə qarşı etirazdan görünür ki, İddiaçı əhali kateqoriyasına aid istehlakçı olaraq ona məxsus Abşeron rayonu, Masazır kəndi, ev 202 ünvanında yerləşən evinə xx.xx.2021-ci il tarixdə **********006 nömrəli abonent kodu açılmaqla Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsi tərəfindən göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir. Su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətlər və bununla əlaqədar yaranan digər məsələlər “Su təchizatı və tullantı suları haqqında” Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1” haqqında Qərar ilə tənzimlənir. İddiaçının mənzilinə su təchizatı paylayıcı şəbəkəyə qoşulma d=15 mm olan boru (birləşmə) vasitəsilə həyata keçirilir. Abonentin istifadə etdiyi suyun ödəniş həcmi mənzilində quraşdırılmış mexaniki suölçən cihazı ilə müəyyən olunur. Belə ki, “X1”na edilmiş 4 nömrəli əlavəyə əsasən, su təchizatı və kanalizasiya xidmətlərində sayğac olmadıqda, düzgün işləmədikdə, istifadəyə yararsız olduqda və ya istifadənin həcmini müəyyən etmək mümkün deyilsə mövcud cədvələ əsasən hesablanır. İddiaçı əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyəri (evdə yaşayan nəfər hesabı ilə) ona məxsus evdə xx.xx.2022-ci il tarixdə quraşdırılmış İSS-20M-2 tipli, 22113162 nömrəli, C8446014 plomblu su sayğacının göstəricisinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Nəticədə, iddiaçıya su təchizatı və kanalizasiya xidmətlərinə görə 161 manat borc hesablanmışdır. Qeyd edilən borc ilə razılaşmayan iddiaçı tərəfindən müraciət olunmuş, araşdırma aparılmış və çirkab suyun axıdılması xidmətindən istifadə olunmadığı müəyyən olunmuş, nəticədə, xx.xx.2023-cü il tarixdə 161 manat borcdan 118 manat silinmişdir. Hazırda, iddiaçının 43.4 manat borcu qalmışdır. Hesab edilir ki, iddiaçı hazırki borc məbləğinin əsaslı olmasını qəbul edir. Ona görə də iddiaçı-istehlakçı İddiaçı Cavabdeh ASC tərəfindən işlətdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə hesablanmış-ödənilməmiş 43.4 manat borcun ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, abonentlə əlaqə saxlanılmış, sayğacın göstəricisi barədə məlumatı olmasa da, bildiyi qədərilə istehlakçı tərəfindən 9 m3 istifadə olunmuşdur. Qanunvericiliyin tələblərinə əsasən ya sayğac göstəricilərinə uyğun olaraq hesablanmaqla, ya qeydiyyatda olan və yaxud da ailə üzvlərinin sayına görə əgər bu barədə abonent tərəfindən arayış təqdim olunmursa “X1”, Su təchizatı haqqında” Qanunun tələblərinə uyğun Tarif Şurasının müəyyən etdiyi qərara görə avtomatik olaraq abonent bazasında hesabat aparılır. Abonentin sudan istifadə edib-etməməsi o halda müəyyən olunur ki, abonent ərizə ilə müraciət edib su sayğacının quraşdırılmasını xahiş edir. Ona qədər xx.xx.2021-ci il tarixdə abonentlə müqavilə bağlanmış və həmin hesaba 2022-ci ilin sentyabr ayına kimi abonentə adam sayına görə normativ qaydada hesablama aparılmışdır. Abonent dəfələrlə müraciət edərək kanalizasiyanın olmadığını bildirmişdir. Aparılmış araşdırma nəticəsində hesablanmış 161 manatdan 118 manat silinmişdir. Lakin abonentin təsərrüfatının olub-olmamasından asılı olmayaraq evi olmuş, yalnız abonentə demək olar ki, 2 ay müddətə sərfiyyat verilmişdir. Baxmayaraq ki, 2021-ci ilin sentyabr ayında kod açılmış, 2022-ci ilin dekabr ayına kimi faktiki olaraq sistem vasitəsilə hesabat verilmişdir. Bu, istənilən abonent üçün keçərlidir. Abonent bəzən yaşamadığını bildirsə də bu hal sübut deyildir. Adətən sistemlə arayış əsasında hesabat verilir. “X1”nın tələblərinə əsasən, nəzarəti müştəri xidmətlərinə nəzarətçilər, mühəndislər həyata keçirir. Arayışda olan m3 fərqləri Tarif Şurasının göstəricilərinə əsasən müəyyən edilir. Abonent tərəfindən arayış təqdim olunmursa adam sayına görə sistem hesabat verir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -“İstehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün” xx.xx.2021ci il tarixli, 13/531 saylı Texniki Şərtdən görünür ki, İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən 202c saylı fərdi yaşayış evinə xx.xx.2021-ci il tarixli müraciəti əsasında xx.xx.2021-ci il tarixdə texniki şərt verilmişdir. Texniki şərtin 1.1-ci bəndinə əsasən, istehlakçının supaylayıcı və kanalizasiya şəbəkələrinə qoşulma nöqtəsi fərdi yaşayış evinin su təchizatı şəbəkəsinə qoşulma şərtlərindən biridir. Texniki şərtin 1.5-ci bəndinə əsasən, su sayğacı (Cavabdeh ASC-nin xx.xx.2012-ci il tarixli, 106 saylı əmri ilə təsdiq olunmuş normativ təlimata əsasən) Cavabdeh ASC-nin X3 idarəsi (NİÖCİ) tərəfindən quraşdırılmalıdır. Texniki şərtin 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 275 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın 2.13-cü bəndinə əsasən, texniki şərtlər verildiyi gündən 2 il müddətində icra edilmədiyi təqdirdə qüvvəsini itirmiş hesab edilir. -“Su təchizatı və tullantı sularının axıdılması xidmətləri”nə dair abonentə aid məlumatların verilməsi xidməti elektron arayışından görünür ki, abonent kodu: **********006 olan İddiaçı məxsus ünvan 1 ünvanı üzrə sudan istifadəyə görə 161 manat borc hesablanmış və xidmət göstərilən şəxslərin sayı 4 nəfər müəyyən edilmiş, 22113162 nömrəli mexaniki sayğac xx.xx.2022-ci il tarixdən quraşdırılmış, son göstəricinin oxunma tarixi xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir. -“Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi” haqqında elektron arayışdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 202/c0 saylı fərdi yaşayış evinə quraşdırılmış sayğaca görə 2022-2023-cü il üçün 148 m3, 2022-ci ilin fevral-mart ayları üçün 0 m3, iyun ayı üçün 82 m3, iyul ayı üçün 18 m3, avqust ayı üçün 21 m3, sentyabr ayı üçün 26 m3, 2022-ci ilin oktyabr-2023-cü ilin yanvar ayı üçün 0 m3 olmaqla, ümumilikdə, cəmi 103.6 manat borc hesablanmışdır. -“Su təchizatı və tullantı sularının axıdılması xidmətləri”nə dair abonentə aid məlumatların verilməsi xidməti barədə elektron arayışdan görünür ki, abonent kodu: **********006 olan İddiaçı məxsus ünvan 1 ünvanı üzrə sudan istifadəyə görə 161.7 manat borc hesablanmış, xidmət göstərilən şəxslərin sayı 4 nəfər müəyyən edilmiş, 22113162 nömrəli mexaniki sayğac xx.xx.2022-ci il tarixdən quraşdırılmış, son göstəricinin oxunma tarixi xx.xx.2023-cü il tarixi müəyyən edilmiş və hesablanmış borc sayğacın quraşdırıldığı tarixdən əvvəlki müddət üçün hesablanmışdır. -İddiaçı Cavabdeh ASC-yə ünvanladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli ərizələrdən görünür ki, abonent fərdi yaşayış evinə su xəttinin çəkilməsini və sayğacın quraşdırılmasının tezləşdirilməsini xahiş etmişdir. -İddiaçı 1 saylı Bakı “Asan Kommunal” mərkəzinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, abonent su xəttinin çəkilməsi təmin olunmadığından bundan sonra da görüləcək işlərə zərurət qalmadığından xx.xx.2021-ci il tarixli, 13/531 saylı texniki şərtin ləğv edilməsini xahiş etmişdir. -Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 01/4/01-7/6/15072 saylı məktubdan görünür ki, ünvanın su təchizatı xidmətindən istifadəyə görə hesabatın aparılması üçün xx.xx.2021-ci il tarixdə müqavilə bağlanaraq **********006 saylı abonent kodu açılmışdır. Müqavilə bağlanan tarixdən xx.xx.2022-ci il tarixədək hesabat ailə tərkibi 4 nəfər olmaqla aparılmışdır. Qeyd edilən tarixdə su xətti üzərində İSS-20M-2 markalı, 22113162 nömrəli ilkin göstəricisi 1 m3 olmaqla mexaniki tipli sayğac quraşdırılaraq istismara verilmişdir. Hazırda, su təchizatı xidmətindən istifadəyə görə hesabda 161 manat borc vardır. Qeyd edilən borc ailə tərkibinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Gələcəkdə perspektiv layihəyə əsasən qeyd olunan ünvanda kanalizasiya şəbəkəsinin çəkilməsinə müvafiq qaydada baxılacaqdır. Yaranmış borcun ödənilməsi xahiş olunmaqla, əks təqdirdə, “X1”nın 8.1.8-ci bəndinə əsasən, su təchizatının müvafiq qaydada dayandırılacağı və məsələnin hüquqi müstəvidə həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2023-cü il tarixli “Ətraflı Abonent kartı”ndan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış su sayğacına görə 161.7 manat borc hesablanmışdır. -xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli “Ətraflı Abonent kartı”ndan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış su sayğacına görə 43.4 manat borc hesablanmışdır. -Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, S-8xx-xx/1476/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”nın 7.4-cü bəndinə əsasən, cəmiyyətin elektron abonent bazasında (kod-**********006) 118.3 manat borc hesablanmışdır. Qeyd olunan ünvanda yerləşən mənzilin su təchizatı xidmətindən istifadəyə görə hesabatın aparılması üçün xx.xx.2021-ci il tarixdə 44735563 nömrəli müqavilə bağlanaraq **********006 saylı abonent kodu açılmışdır. Müqavilə bağlanan tarixdən hesabat ailə tərkibi 4 nəfər olmaqla aparılmışdır. Sözügedən mənzilə su xətti üzərinə xx.xx.2022-ci il tarixdə İSS-20M markalı, 22113162 nömrəli mexaniki tipli su sayğacı quraşdırılmışdır. Qeyd olunan sayğaca müraciətə əsasən, xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş, istismara yararlı olduğu, normal işlədiyi məlum olmuşdur. Hazırda, su təchizatı xidmətindən istifadəyə görə mənzilin hesabında yaranmış borc 43.4 manat təşkil edir. Qeyd edilən borc ailə tərkibinə və sayğacın göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Yaranmış borcun ödənilməsi istehlakçıdan xahiş olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: 73-cü maddəsinin İ. hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 73-cü maddəsinin İİ. hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ona məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 202/c0 nömrəli fərdi yaşayış evinə su sayğacının quraşdırılmasına qədər yaranmış borcun əsassız hesablandığını iddia edərək 43.4 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Su təchizatı və tullantı suları haqqında” Qanun adlanacaq) 1-ci maddəsinə əsasən, su təchizatı sistemi suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir; kanalizasiya sistemi yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir; istehlakçı su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir. Mülki iş materiallarından göründüyü kimi, su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsinə görə İddiaçı ilə xx.xx.2021-ci il tarixdə 44735563 nömrəli müqavilə bağlanmış və tərəflər arasında sayğacın quraşdırılmasına görə istehlakçı-su təchizatı və kanalizasiya müəssisəsi hüquq münasibətləri yaranmışdır. Sözügedən müqaviləyə əsasən, istehlakçı-iddiaçıya məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə mexaniki tipli, C846014 plomb nömrəli, 22113162 nömrəli sayğac quraşdırılmışdır. Göründüyü kimi, iddiaçıya məxsus ev quraşdırılmış su sayğacından istifadəyə görə fərdi yaşayış evində 4 nəfər hesabı ilə hesablanmaqla 43.4 manat borc hesablanmışdır. Hazırda, iddiaçı həmin borcun əsassız olaraq hesablandığını iddia edərək borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun: 13-cü maddəsinin 1-ci hissəsinin a) bəndinə əsasən, su təchizatı müəssisələri müəssisənin xidməti zonasında yerləşən tələbatçıların (istehlakçıların) sifarişini aldıqda özünün xidməti zonasının konkret ərazisində məişət (təsərrüfat)-içməli su ehtiyaclarının ödənilməsi üçün obyektləri lazımi miqdarda su ilə təmin etməli, habelə su kəmərləri xətlərini quraşdırmalıdırlar. 13-cü maddəsinin 3-cü hissəsinə əsasən, yeni su kəmərlərinin tikintisi və onların istismara verilməsinə aid bütün məsələlər üzrə müddətlər və şərtlər tərəflərin bağladığı müqavilə ilə, belə müqavilə olmadığı hallarda isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilir. 26-cı maddəsinin 1-ci hissəsinə əsasən, su təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda su təchizatı müəssisəsi istehlakçının su təchizatını dayandıra bilər. 33-cü maddəsinin 1-ci hissəsinə əsasən, su təchizatı müəssisələri ilə su almaq üçün su kəmərinə qoşulması barədə müqavilə bağlamaq istehlakçıların hüquqlarından biridir. 61-ci maddəsinin 1-ci hissəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, hazırki işin mahiyyətini məhz iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış su sayğacından əvvəl yaranmış borcun silinməsi təşkil edir. Məhkəmə bununla bağlı qeyd edir ki, tərəflər arasında su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsinə görə müqavilə bağlanmamış, iddiaçının dəfələrlə müraciətindən sonra xx.xx.2022-ci il tarixdə mexaniki tipli su sayğacı quraşdırılmışdır. Qanunun tələblərindən müəyyən olunduğu kimi, su təchizatı müəssisəsinin müqavilə olmadığı halda istehlakçıya verilmiş su təchizatını dayandırmaq hüququ olduğu halda bu hüququndan yararlanmamış və istehlakçıya su təchizatının verilməsi davam etdirilmişdir. Bununla yanaşı, xidmətlərdən istifadəyə görə borcun hesablanması istehlakçının fərdi yaşayış evində yaşayıb-yaşamaması faktına əsaslandığı halda məhkəmə araşdırması zamanı iddiaçının ümumiyyətlə, həmin ünvan üzrə yaşaması öz təsdiqini tapmamışdır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 18-ci maddəsinin 1-ci hissəsinə əsasən, su təchizatı müəssisəsi məişət (təsərrüfat)-içməli ehtiyacları üçün suyun keyfiyyətinə qoyulan tələblərin təmin olunması məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirməlidir: a) paylayıcı su kəmərləri şəbəkəsinə verilənə qədər suyun keyfiyyətli olmasını təmin etmək; b) verilən suyun keyfiyyətinin müvafiq dövlət standartlarına uyğunluğuna nəzarət etmək; c) suyun götürüldüyü yerdə onun keyfiyyətinə nəzarət etmək və onun keyfiyyətinin müvafiq dövlət standartlarına uyğun gəlmədiyi hallarda ondan istifadəyə imkan verməmək. Qanunun tələblərinə istinad edərək məhkəmə xüsusi ilə vurğulayır ki, istehlakçıya su təchizatının qanunla müəyyən edilmiş keyfiyyətdə verilməsi öhdəliyini daşıyan və öhdəliyin yerinə yetirilməsinə nəzarəti həyata keçirməli olan su təchizatı müəssisəsinin öhdəliyinə vaxtında nəzarət etməməsi istehlakçı hüquqlarının pozulması ilə nəticələnmişdir. Başqa sözlə, su təchizatı müəssisəsi öhdəliyinə laqeyd yanaşmasaydı, göstərilən hal da ortaya çıxmazdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”nın 2.1. bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsinin (STKM) vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; 2.1.2. istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək; 2.1.4. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq; 2.1.6. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək); 2.1.9. aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.3. STKM ilə müqavilə bağlanılmadıqda. “X1”nın 2.1-ci bəndinin tələblərindən müəyyən olunduğu kimi, su təchizatı və kanalizasiya müəssisəsinin istehlakçı ilə müqavilə bağlanmadığı təqdirdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərmək, həmçinin, istehlakçıya müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə və həcmdə su ilə təmin etmək öhdəlikləri olduğu halda, qeyd olunan öhdəliklərinin icrası məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və müqavilənin olmadığı təsdiqini tapmaqla iddiaçı və ya cavabdeh tərəfindən məhkəməyə bu barədə sübut təqdim edilməmişdir. “X1”nın: 4.1. bəndinə əsasən, istehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.1. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək. 7.4. bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş elektron arayışlardan müəyyən olunduğu kimi, iddiaçıya su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsinə görə borc hesablansa da, sözügedən borc fərdi yaşayış evində yaşayan, xidmət göstərilməsi nəzərdə tutulan 4 nəfər üçün hesablanmışdır ki, Abşeron rayonu, Masazır kəndində yerləşən, iddiaçıya məxsus 202/0c nömrəli fərdi yaşayış evində 4 nəfərin yaşamadığı, iddiaçının isə zaman-zaman təmir işləri ilə məşğul olduğu, yaşayış üçün əlverişli şəraitə gətirilmədiyi, ümumiyyətlə, həmin ünvan üzrə kimsənin yaşamadığı təsdiqini tapmış, cavabdeh tərəfindən isə bu barədə borcun hesablanma qaydasını təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. Başqa sözlə, təqdim edilmiş abonent kartalarına əsasən, fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin sayının 4 nəfər olmasının hansı qaydada hesablanması müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də, qanunvericiliyin tələblərini, məhkəmə araşdırması zamanı tərəflərin izahatını paralel şəkildə qiymətləndirib məhkəmə qeyd edir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 202/c0 nömrəli fərdi yaşayış evinə su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsinə görə tərəflər arasında müqavilə bağlanmadığı və 4 nəfər fiziki şəxsin yaşamadığı halda qalıq borc olaraq 43.4 manat borcun hesablanması və göstərilən hal istehlakçı hüquqlarının pozulması ilə nəticələndiyindən iddia tələbləri bu hissədə əsaslıdır, ona görə də təmin edilməlidir. İddia tələbindən eyni zamanda, müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il tarixli, 13/531 saylı Texniki Şərtin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin bu hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, Texniki şərtin 3-cü bəndinə əsasən, texniki şərtlər verildiyi gündən 2 il müddətində icra edilmədiyi təqdirdə qüvvəsini itirmiş hesab edildiyindən, beləliklə də, iddiaçının texniki şərtdən istifadə etmədiyi, məhkəmədənkənar qaydada texniki şərtin ləğv olunmasına dair ərizə ilə müraciət etdiyi öz təsdiqini tapdığından, başqa sözlə, istifadə edilmədiyi təqdirdə artıq hüquqi qüvvəsini itirmiş sənədin ləğv edilməsinin hüquqi əsası olmadığından iddia tələbləri bu hissədə əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən əsassız olaraq hesablanmış 43.4 (qırx üç manat qırx qəpik) manat borc abonent kodu **********006 olan İddiaçı məxsus abunə hesabından silinsin. Cavabdeh ASC-dən dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov