Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1038/2025 12.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında X3 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, oğlu X6 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. O, serebral iflici xəstəliyindən əziyyət çəkir. Oğlunun bu ağır xəstəliyinə görə ona əlillik təyin edilmiş və əlillik vəsiqəsi verilmişdir. Övladının kənar şəxslərin qulluğuna və nəzarətinə ehtiyacı var. Oğlu onun himayəsindədir və övladına o baxır. X1 vəziyyətdə yaşaması, özünü idarə etməsi mümkün deyil, öz davranışlarını qavraya bilmir. Ekspertizanın rəyi ilə tanış olub, rəylə razıdır. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında X3 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndəsi Nümayəndə məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürülərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 317.2. maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayonu Ceyranbatan Qəsəbə İcra Hakimiyyəti Nümayəndəliyi VVAQ Şöbəsi tərəfindən AZ-İ 730269 saylı doğum haqqında şəhadətnamənin surətindən notarial qaydada təsdiqlənmiş görünür ki, X6 xx.xx.2006-cı il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuşdur. X2, anası isə Ərizəçidır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 1254 saylı rəyindən görünür ki, İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs X5 “UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏŞİNDƏ YARANMİŞ AĞİR DƏRƏCƏLİ (İMBESİLLİK DƏRƏCƏSİNDƏ) ƏQLİ GERİLİK”(F72) qeyd olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixo-fiziki inkişafdan geri qalması), hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat görünməsi, simasında çaşqın ifadənin olması, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, verilən sualları anlamaması, mnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional- iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2006-cı il təvəllüdlü X4 öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olub-olmamasına dair psixi vəziyyəti müəyyən edilsin. Cavab: Yoxlanılan şəxs X5 uşaq serebral iflici nəticəsində yaranmış ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik müəyyən edilir. 2-ci sual: X4 xəstəliyi onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə əsas verirmi? Cavab: Yoxlanılan şəxs X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. D.A.Adıgözəlovu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməyə kifayət qədər əsaslar var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1. maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 1254 saylı rəyindən müəyyən olunur ki, X6 “ağır dərəcəli əqli gerilik” xəstəliyindən əziyyət çəkir. Beləliklə məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertiza üzrə alınmış xx.xx.2025-ci il tarixli, 1254 saylı rəydə X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən əsas sübut növü kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəyini əsas sübut kimi nəzərə alıb işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən, hesab edir ki, ərizəçinin oğlu-xx.xx.2006-cı il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 321.2. maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov