Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1054/2021 06.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı aktın ləğv olunması və akt əsasında əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 06 aprel 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı aktın ləğv olunması və akt əsasında əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş US1001820 saylı aktın ləğv edilməsi və bu akt əsasında hesablanmış 398,53 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Hadiyev X1 rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, bina 3, mənzil 20 ünvanında yaşayır. “xxxx” ASC-nin əməkdaşları tərəfindən işıq sayğacına baxış keçirilmiş və protokol tərtib edilərək sayğacın üst qapağının yuxarı hissəsində dəlik açılaraq sayğaca müdaxilə olunduğu qeyd edilib. Lakin sayğacın möhürünün yerində olması və qırmızı möhürün normal olması qeyd edilmişdir. Tərtib edilmiş protokol və onun əsasında hesablanmış borc tamamilə əsassızdır. Sayğaca iddiaçı tərəfindən heç bir müdaxilə edilməyib. Sayğac blokda yerləşdiyi üçün onu qorumaq vəzifəsi iddiaçının üzərinə qoyula bilməz. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 iddianı qəbul etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, Sayğac Test Təmir laboratoriya şöbəsinin rəisidir. Rəy komissiyasının üzvüdür və akt tərtib edən işçilər komissiyanın üzvləridir. Vəzifəsi sayğacın qüsurlu olub-olmaması barədə rəy verib, protokol tərtib etməkdir. Protokol iş yerində tərtib edilir. Rəy komissiya tərəfindən tərtib olunmur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 11.09.2014-cü il tarixli çıxarışa əsasən ünvan 1 İddiaçı mülkiyyətindədir. Mülki işin materiallarından olan “xxxx” ASC tətəfindən göndərilən 13.11.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, **********12097 saylı kod üzrə mənzilin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, 27.02.2020-ci il tarixdə elektrik sayğacında müdaxilə izlərinin olması müəyyən edilmişdir, sayğacın üst qapağının yuxarı hissəsindən dəlik açması aşkar olunmuşdur. US ******* saylı akt tərtib edilmiş və itirilmiş enerjinin bərpası məqsədilə 398,53 manat məbləğində əlavə ödəniş sənədi hesablanılmışdır. Mülki işin materiallarından olan 17 mart 2020-ci il tarixli, 178225 №-li sayğacların və cərəyan transformatorların yoxlanılması protokolundan müəyyən edilir ki, **********8 nömrəli 1 fazlı sayğac laboratoriya yoxlamasından keçmiş, sayğacın üst qapağının yuxarı hissəsindən dəlik açılaraq sayğaca müdaxilə olunması və istismar müddətinin bitməsi aşkar olunmuşdur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. “Qaydaların” 5.3.2-ci bəndinə əsasən cərəyan kabellə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. “Qaydalar”ın 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. “Qaydalar”ın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi məsuliyyət daşıyır. “Qaydalar”ın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. “Qaydalar”ın 8.32-ci “a” bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. “Qaydalar”ın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, abonent İddiaçı məxsus elektrik sayğacı binanın blokunda quraşdırılmışdır. Belə olan halda ev sahibi sayğacın texniki vəziyyətinə görə məsuliyyət daşıya bilməz.Həmçinin sayğacın istismar müddəti bitib. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçının adına olan köhnə sayğacın yoxlanılması zamanı iddiaçının iştirakı təmin edilməmişdir və birtərəfli akt tərtib edilmişdir. Sayğacın yenilənməsinin iddiaçının təqsiri ucbatından olması isə cavabdeh tərəfindən sübut edilməmişdir. Bu halda sayğacın yenilənməsi cavabdehin şəxsi vəsaiti hesabına həyata keçirilməlidir. Eləcə də bu və ya digər səbəblərdən iddiaçının adına hesablanmış hər hansı bir cərimə qanunsuzdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş US1001820 saylı akta əsasən hesablanan 398,53 manat cərimə borcu **********12097 saylı abonent kodundan silinməli, iddia bu hissədə təmin edilməlidir. İddia tələbinin “aktın ləğv edilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, akt sübut növlərindən biridir. Məhkəmə qərar qəbul edərkən sübut növü kimi ona hüquqi qiymət verir. Bu səbəbdən iddia tələbi bu hissədə təmin edilməməlidir. İddia təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul cavabdeh “xxxx” ASC-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş US1001820 saylı akta əsasən hesablanan 398,53 manat cərimə borcu **********12097 saylı abonent kodundan silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh “xxxx” ASC–dən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1054/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1054/2021
06.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver