Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1056/2025 19.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əqdlərin etibarsız hesab olunması barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əqdlərin etibarsız hesab olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai İX35” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 30 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsinin və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 19 oktyabr 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan bir oğul və bir qız övladı anadan olmuşdur. Onlar artıq yetkinlik yaşına çatmışlar. Birgə nikah dövründə “Hyundai İX35” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Abşeron Rayon Məhkəməsinin 2(012)-1221/2023 saylı 13 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən “Hyundai İX35” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində onun 1/2 hissədə payı müəyyən edilmişdir. Lakin sonradan onun xəbəri olmadan həmin avtomobil Cavabdeh1 adından formal olaraq bağlanmış 30 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 keçirilmişdir. Sonra isə 19 oktyabr 2024-cü il tarixli alqısatqı müqaviləsinə əsasən həmin avtomobil Cavabdeh3 adına keçirilmişdir. Bu əməliyyatların heç birindən onun xəbəri olmamışdır. Payı müəyyən olunan avtomobil qanunsuz olaraq başqa şəxslərin adlarına keçirilmişdir. Belə olan halda, yuxarıda qeyd edilən alqı-satqı müqavilələri etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iddiaya etiraz edərək onun təmin edilməməsini xahiş etdilər. Cavabdeh1 əlavə etdi ki, avtomobilin övladına verilməsindən iddiaçının xəbəri olmuşdur və o, buna razılıq vermişdir. Ümumiyyətlə, bu avtomobil iddiaçının şifahi razılığı ilə özgəninkiləşdirilmişdir. Cavabdeh1 və Cavabdeh2 qeyd etdilər ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Cavabdeh2 Cavabdeh1 hər hansı məbləğdə pul ödəməmişdir. Onlar, həmçinin Cavabdeh3 eyni zamanda qeyd etdilər ki, mübahisəli avtomobilə görə Cavabdeh3 Cavabdeh1 20000 manat pul ödəmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1221/2023 saylı 13 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, “Hyundai İX35” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı 1/2 hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 16(012)-13/2023 saylı 03 may 2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı ərizəsinə əsasən həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, Cavabdeh1 mülkiyyətində olan “Hyundai İX35” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbs götürülmüşdür. İşdə olan 30 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 “Hyundai İX35” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili 15000 manata Cavabdeh2 satmışdır. İşdə olan 19 oktyabr 2024-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 “Hyundai İX35” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili 16000 manata Cavabdeh3 satmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X5 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 181.1-ci maddəsinə görə daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. 204.2-ci maddəsinə görə daşınar əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina üçün mülkiyyətçi bu barədə yazılı elan verməli və ya həmin əmlaka hər hansı hüququnu saxlamaq niyyəti olmadan əmlaka sahiblik etməkdən, ondan istifadə etməkdən və ona dair sərəncam verməkdən kənarlaşmasını aşkar göstərən başqa hərəkətləri yerinə yetirməlidir. 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. İşdən göründüyü kimi, mübahisə predmetini təşkil edən “Hyundai İX35” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobildə iddiaçının ½ hissədə payı 13 aprel 2023-cü il tarixli məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir. Bundan sonra, Cavabdeh1 30 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən “Hyundai İX35” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili 15000 manata Cavabdeh2, o isə 19 oktyabr 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 16000 manata Cavabdeh3 satmışdır. Hazırda İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əqdlərin etibarsız hesab olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai İX35” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 30 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsinin və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 19 oktyabr 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdən görünür ki, daşınar əşyada payı olan İddiaçı bu əşya onun keçmiş əri Cavabdeh1 tərəfindən özgəninliləşdirilərkən yazılı qaydada razılıq verməmiş və ya öz payından imtina etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mübahisəli əmlakın alqı-satqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 30 iyul 2024-cü il tarixli müqavilə öz etibarlılığını itirir. İşdən görünür ki, mübahisəli əmlakda ½ hissədə payı olan mülkiyyətçinin əmlakı özgəninkiləşdirmək fikri olmamış, lakin Cavabdeh1 bu əmlakı 15000 manata Cavabdeh2 satmış, bununla da Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla əqd bağlamışdır ki, bu da etibarsız hesab edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında əqd formal əsaslarla bağlanmış, bu zaman iddiaçının əmlakdakı payı nəzərə alınmamışdır. Cavabdeh1 bu addımını üzərinə həbs qoyulmuş əmlakın üzərindən həbsin götürülməsi barədə İddiaçı məhkəməyə ərizə təqdim etməsi ilə əsaslandırmışdır. Lakin məhkəmə bu dəlili qəbul etmir və hesab edir ki, əmlak üzərindəki payından rəsmi qaydada imtina etməyən İddiaçı hazırki tələbi əsaslıdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edildiyi kimi, daşınar əşyanın yarısına səlahiyyət verilməmiş şəxs tərəfindən iddiaçıya məxsus əmlak (1/2 hissədə) qanunsuz yolla özgəninkiləşdirildiyindən və bu etibarsız əqd nəticəsində Cavabdeh1 20000 manat məbləğində bəhrələndiyindən, daşınar əmlakın mülkiyyətçiyə qaytarılması isə mümkün olmadığından həmin məbləğin yarısı təşkil edən 10000 manat pul Cavabdeh1 tutularaq İddiaçı verilməlidir. Bununla belə, işdən görünür ki, yuxarıda qeyd edilən müqavilədən 80 gün sonra Cavabdeh2 mübahisəli əmlakı Cavabdeh3 satmışdır və iddiaçı bu əqdi də hazırda mübahisələndirir. Məhkəmə qeyd edir ki, Cavabdeh3 mübahisəli əmlakı əldə edərkən onun vicdanlı əldə edən hesab edilməməsi üçün iş materiallarında hər hansı mötəbər sübut yoxdur. İşdən görünür ki, Cavabdeh3 bütün sənədləri qanunla müəyyən edilmiş qaydada tərtib edilmiş əmlaka görə 16000 manat pulu Cavabdeh2 ödəmiş, alıcı kimi qanunla nəzərdə tutulmuş bütün funksiyaları vicdanla yerinə yetirmiş və son nəticədə əqd bağlanılaraq müvafiq qurumda təsdiq edilmişdir. İddiaçı tərəf Cavabdeh3 digər cavabdehlərlə əqd bağlamadan öncə hər hansı əlaqəsinin, pis niyyətinin, gizli sövdələşməsinin olmasını təsdiq edən və əmlakı vicdanlı əldə edən hesab edilməsini istisna edən hallar barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olubolmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Mülki Məcəllənin 152-ci maddəsinə görə, əmlak üzərində sərəncam vermək hüququ müstəsna hüquq kimi yalnız mülkiyyətçiyə aiddir, yəni əmlakın hüquqi taleyini yalnız mülkiyyətçi həll edir. O, bu hüququnu şəxsən özü və yaxud səlahiyyətli nümayəndəsi vasitəsi ilə həyata keçirə bilər. Lakin məhkəmə təcrübəsində əmlakın səlahiyyəti olmayan şəxs tərəfindən özgəninkiləşdirilməsi hallarına da təsadüf olunur. Qanunsuz özgəninkiləşdirilmiş əmlak mülkiyyətçi tərəfindən geri tələb edildikdə əmlakı əldə edənin vicdanlı əldə edən olub-olmaması məsələsi meydana çıxır və bundan asılı olaraq əldə edilmiş əmlakın mülkiyyətçiyə qaytarılıb-qaytarılmaması məsələsi işin halları nəzərə alınmaqla həll olunur. İstənilən əmlaka münasibətdə vicdanlı əldə etmə üçün ümumi şərtlər, habelə əmlakın daşınmaz və yaxud daşınar olmasından asılı olaraq xüsusi şərtlər fəqləndirilir. Vicdanlı əldə etmə üçün ümumi şərtlərə - əmlakın müqavilə üzrə əldə olunması və əldə etmənin əvəzli xarakter daşıması aiddir. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi tanınması üçün hər bir halda o, sübut etməlidir ki, əmlakı özgəninkiləşdirənin buna səlahiyyətli olub-olmadığını müəyyən etmək üçün bütün ağlabatan tədbirləri görüb: məsələn, özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmasına dair hüquq müəyyənedici sənədləri tələb edib onları nəzərdən keçirib; səlahiyyətli orqandan əmlakın üzərində hər hansı məhdudiyyətin, yüklülüyün olub-olmamasına dair müvafiq arayış alınıb və sair. Bütün bunlara baxmayaraq o, özgəninkiləşdirənin səlahiyyətsiz şəxs olduğunu müəyyən etməyib. Əgər əldə edilən əmlak barədə üçüncü şəxslərin iddiası olmuşsa və bu hal əmlakı əldə edənə məlum idisə, vicdanlı əldə edən istisna olunur. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olması, əmlakın ondan geri alınmasını məhdudlaşdırır və belə olan halda əmlakın mülkiyyətçisinin ona zərər vuran şəxslərə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ əmələ gəlmiş olur. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə əsasən mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Ali Məhkəmənin MİÜMK-ın 16 iyun 2006-cı il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarı). Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur (S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərar). Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyriqanuni itirilməsi riski mövcud olardı. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (Konstitusiya Məhkəməsi Plenumunun “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarı). İş materiallarından görünür ki, Cavabdeh3 mübahisəli əmlakı alarkən bu əmlakın statusu ilə bağlı müvafiq orqan tərəfindən araşdırılma aparılmış və əmlakın üçüncü şəxslərin iddiasından kənar olduğu müəyyən edilmişdir. Cavabdeh3 əmlakı ona satan Cavabdeh2 səlahiyyətsiz şəxs olub-olmadığını müəyyənləşdirməyə isə heç bir fiziki və ya texniki imkanı olmamışdır. Əmlakın hər hansı qiymətə alınması və ya satılması isə əqdin legitimsizliyinə əsas hesab edilə bilməz, çünki qüvvədə olan qanunvericiliyə görə əmlakın mülkiyyətçisi onu istədiyi qiymətə sata, alıcı isə həmin qiymətlə razılaşıb onu ala bilər. Başqa sözlə, məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlakın alqı-satqısı barədə 19 oktyabr 2024-cü il tarixli müqavilə üzrə Cavabdeh3 vicdanlı əldə edən statusundadır, çünki əqdin legitimsizliyi barədə onda heç bir şübhə olmamışdır. Beləliklə, məhkəmə iş materiallarına və işin faktiki hallarına əsaslanaraq belə hesab edir ki, Cavabdeh3 vicdanlı əldə edən olduğundan onunla Cavabdeh2 arasında bağlanmış 19 oktyabr 2024-cü il tarixli müqavilə etibarsız hesab oluna bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, “Hyundai İX35” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 30 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, 10000 manat pul Cavabdeh1 tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Hyundai İX35” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 30 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. 10000 manat pul Cavabdeh1 tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul Cavabdeh1 tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1056/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1056/2025
19.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver