Məhkəmə qərarları › İş №2(012)-1063/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1063/2022

14.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1063/2022 14.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, Ərizəçi hüquqmüəyyənedici sənədlərin şəxslərə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə 14 yanvar 2022-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi hüquqmüəyyənedici sənədlərin şəxslərə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş DT və XK tərəfindən verilmiş JN-339A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi X7 X11 olması, 45 inventar nömrəli texniki pasportda hüquq sahibi X2 X5 olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Hüquqi faktın müəyyən edilməsi barədə Ərizəçi ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizədə Ərizəçi tərəfindən bir-biri ilə əlaqədar olmayan iki tələb birləşdirilmişdir. Belə ki, ərizədə tələbin biri şəhadətnamənin X10 məxsusluğu, digəri isə texniki pasportun X4 məxsusluğu barədədir və bunlar bir-biri ilə bağlı olmayan iki tələbdir. Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, hazırki mülki iş üzrə ərizəçi A.Ə.X1 əvəzinə sənədin ona məxsus olması faktının müəyyən edilməsi ilə bağlı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik deyildir. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin iş materiallarından görünür ki, Ərizəçi torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnun qeydə alınması ilə bağlı DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, İdarə isə 11 fevral 2021-ci il tarixli məktubu ilə bu müraciətin təmin edilməsindən şəhadətnamədə göstərilən adla şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad arasında uyğunsuzluq səbəbi ilə imtina etmişdir. Bundan sonra isə Ərizəçi hazırki ərizə ilə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmək əvəzinə birbaşa məhkəməyə müraciət etmiş, bununla da müvafiq qurumdan lazımi sənədləri ala bilməməsini təsdiq edən sübutları ərizəsinə əlavə etməmiş, tələbinin başqa qaydada, yəni məhkəmədən kənar pretenziya qaydalarına riayət etməklə təmin edilib-edilməməsi barədə hər hansı sübut təqdim etməmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı Qərarının 1.6-cı maddəsinə görə məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Ərizəçi hüquqmüəyyənedici sənədlərin şəxslərə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar