Məhkəmə qərarları › İş №2(012)-1070/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1070/2023

13.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1070/2023 13.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onun adına olan **********00587 saylı abunə kodlu sayğaca yazılmış 520.27 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Rəhimov X1 rayonu, Milli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi, meyvə-tərəvəz bazarı ünvanında müvəqqəti olaraq məcburi köçkün kimi məskunlaşmışdır. İddiaçının yaşadığı ünvanda xx.xx.2016-cı il tarixdə tərtib edilmiş formal akta əsasən, elektrik enerjisindən guya istifadə limitindən artıq elektrik enerjisinin istifadə edilməsinə dair **********00587 saylı abunə kodlu sayğaca 520.27 manat borc yazılmışdır. İddiaçının qeyd olunan borcun mövcudluğundan xəbəri olmamış, borcun yazılması üçün əsas olmuş aktın tərtib edilməsində iştirak etməmiş və bu barədə bu günədək ona heç kim rəsmi qaydada məlumat verilməmişdir. Belə ki, iddiaçı heç vaxt elektrik enerjisindən istifadə qaydalarını pozmamış və bu səbəbdən, yazılmış borc məbləği tam qanunsuzdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, yazılmış borcla bağlı hər hansı bir sənəd mövcud deyildir, elektrik sayğacına kənar müdaxilələr olunmamışdır. İddia ərizəsində silinməsini xahiş etdiyi borcun yaranma səbəbi ilə bağlı ona sənəd təqdim edilməmişdir. O, sayğacı öz adından çıxarmaq istəmiş, “Asan Xidmət”də qeyd olunan borcun yazılması müəyyən olunmuşdur. Ona aidiyyəti quruma müraciət etməsi tövsiyyə olunmuş, ümumi yazılmış borc olduğu, həmin borcun hamıya yazıldığı bildirilmiş və ona hər hansı bir sənəd təqdim edilmədən şəxsi qərarları əsasında yazılmış borc kimi izah edilmişdir. Guya səbəb olaraq, əvvəllər sayğac olmamış, sayğac olmadığından da elektrik enerjisindən daha çox istifadə olunması ilə əsaslandırılmışdır. Halbuki, ölçü meyarı olmadığı təqdirdə hansı miqdarda elektrik enerjisindən istifadə olunması bəlli deyildir. Ona təqdim olunmuş sənəddə borc “tələb olunmayan borc” siyahısına aid edilmişdir. Əks halda, həmin borcun ondan tələb edilməsini əsassız hesab edir. Aktın mövcudluğu ilə bağlı ona məlumat verilməmiş, akt təqdim edilməmiş və digər məcburi köçkünlər barəsində də formal olaraq borcun yazıldığı bildirilmişdir. Başqa sözlə, tərtib olunmuş borc ondan tələb olunmur. Məhkəməyə müraciət etməsinin səbəbi isə o, sayğacı adından çıxarmaq istədikdə borcun ödənilməsi ondan tələb olunur. Cavabdeh "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, cavabdeh xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb müvafiq qərarın qəbul edilməsinə etiraz etmədiyini bildirmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında оlаn və məhkəmə iclasındа tədqiq оlunmuş: -»Azərişıq» ASC-nin abunə haqqında sənədindən görünür ki, abunə kodu **********00587 olan İddiaçı məxsus ünvan 2 ünvanına yerləşdirilmiş elektrik sayğacına immigrant borc olaraq, cəmi 520.27 manat borc hesablanmışdır. -»Azərişıq» ASC-nin xx.xx.2022-ci il tarixli, 7-01/07/R-219/7567 saylı məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi, meyvə-tərəvəz bazarının yaxınlığında yerləşən fərdi yaşayış evində elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun araşdırılması və silinməsi ilə bağlı (xx.xx.2022-ci il tarixli, R-219 saylı) müraciətə "xxxx" ASC-də baxılmışdır. "xxxx" ASC-nin Xırdalan ETSİ tərəfindən təqdim edilən arayışa əsasən, göstərilən ünvanda yerləşən fərdi yaşayış evində (abunə kodu **********00587) elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş akta uyğun olaraq hesablanmış 520.27 manat məbləğ “ödənişi tələb olunmayan borclar” qrafasına keçirilmişdir. Müraciətdə qeyd edilən yaşayış evinin hal-hazırda, 12.16 manat qalıq borcu vardır. -»Azərişıq» ASC-nin məhkəmənin sorğusuna əsasən, xx.xx.2023-cü il tarixdə elektron kabinetə yüklədiyi xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, araşdırma zamanı iddiaçı tərəfindən ona məxsus abonent koduna hesablanmış 520.27 manat pul məbləğinin qanunsuz hesab edərək silinməsini xahiş etdiyi, əslində isə həmin məbləğin borc kimi hesablanmayan, ümumiyyətlə isə tələb edilməyən (Etais borcu) məbləğ olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçının özü tərəfindən iddia ərizəsinə qoşma kimi əlavə edilmiş abonentin hərəkət cədvəlindən (saldo) də həmin məbləğin tələb edilməyən borclar qrafasında olduğu aydın görünür. Xüsusi ilə qeyd olunur ki, **********00587 saylı abonent kodu üzrə cari günə "xxxx" ASC qarşısında iddiaçının ödənilməli olduğu 69.10 manat borcu vardır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Rəhimov X1 rayonu, Milli kəndində qeydiyyatdadır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra mətndə “Qaydalar” adlanacaq): 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.10-cu bəndinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən, üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı elektrik enerjisindən istifadə edilməsinə görə barəsində tərtib olunmuş abonent saldosuna əsasən, 520.27 manat borc hesablanmış, bu səbəbdən də, iddiaçı həmin borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qaydaların 7.13-cü bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. İddia tələbindən göründüyü kimi, məhkəmə iclasında izahat vermiş iddiaçının onun barəsində hesablanmış və silinməsini xahiş etdiyi 520.27 manat borcun ona təqdim olunmuş abonent saldosu əsasında hesablandığı müəyyən olunmuş və qeyd olunan borc məhkəmənin sorğusuna əsasən, cavabdeh tərəfindən məhkəməyə elektron qaydada təqdim edilmiş sorğuya cavab məktubu əsasında da öz təsdiqini tapmışdır. Qaydaların 8.17-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı və tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçıya elektrik enerjisindən istifadəyə görə 520.27 manat borc hesablanmış və həmin borc məbləği mülki iş materiallarına əlavə olunmuş abonent saldosu və cavabdehin sorğuya cavab məktubu ilə də öz təsdiqini tapmışdır. Lakin mülki iş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş maliyyə arayışından göründüyü kimi, yazılmış borcun “tələb olunmayan borclar” qrafasına aid edilməsinə baxmayaraq, qeyd olunan borcun mövcudluğu inkar edilməyərək, sayğacı öz adından çıxarmaq istəyən iddiaçıdan ödənilməsi tələb olunur. Belə ki, iddiaçı sözügedən borcun tərtib olunmuş akt əsasında hesablandığını bildirsə də, sözügedən akt məhkəməyə təqdim olunmamış, həmçinin, məhkəmə sorğu əsasında iddiaçıya hesablanmış borcun yazılmasına əsas olan sənədlərin, yəni, aktın təqdim olunmasını tələb etsə də, sözügedən akt cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmamış, sorğuya cavab məktubunda həmin aktın mövcudluğuna istinad edilməmişdir. Bu səbəbdən də, məhkəmə “tələb olunmayan borc” kimi qiymətləndirilməsinə baxmayaraq iddiaçı barəsində tərtib olunmuş abonent saldosuna hüquqi qiymət verərək yazılmış borcun 2016-cı ilədək hesablanmış və elektrik enerjisindən istifadə olunmasına görə yazılmış borc kimi qiymətləndirib həmin borcun silinməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, abunə kodu **********00587 olan İddiaçı barəsində hesablanmış 520.27 manat pul vəsaiti abonentin hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq):

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 30 manat dövlət rüsumu "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi təmin edilsin. Abunə kodu **********00587 olan İddiaçı barəsində hesablanmış 520.27 (beş yüz iyirmi manat iyirmi yeddi qəpik) manat pul vəsaiti abonentin hesabından silinsin. "xxxx" ASC-dən dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar