Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1082/2023 06.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 1200 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Səmədov X1 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 25 ünvanında yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı həmin evi yeni tikmiş və köçüb yaşamışdır. Sözügedən evə sayğac quraşdırılmış, lakin 2022-ci ilin yanvar ayında sayğac işləməmiş, iddiaçı sayğacın düzəldilməsi üçün Cavabdeh İB 104 çağrı mərkəzinə telefon vasitəsilə müraciət edərək sayğacın düzəldilməsini xahiş etsə də, heç bir tədbir görülməmişdir. Evdə körpə uşaq olduğu üçün iddiaçı özü işlək sayğac taparaq sayğacı dəyişdirmişdir. İddiaçı sayğacı dəyişdirdiyi gündən sonrakı gün Cavabdeh İB-nin əməkdaşları gələrək akt tərtib etmişlər. İddiaçı evdə olmadığı halda onun aktı imzalamaqdan imtina etdiyi aktda qeyd olunmuşdur. Nəticədə, iddiaçıya xx.xx.2022-ci il tarixli, ******* saylı aktla əsassız olaraq 1 günə görə 1200 manat cərimə yazılmışdır. Sayğac iddiaçıya məxsus həyətdən çöldə olmuşdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, heç bir yerdə işləmədiyi üçün cavabdeh tərəfindən ona yazılmış borcu ödəmək iqtidarında deyildir. O, birinci Qarabağ Müharibəsinin iştirakçısı olmuş, xroniki xəstəliklə bağlı sağlamlığında problem yaranmışdır. Qaz sayğacı işləmədiyindən onu çıxarmış, əvəzinə köhnə sayğac quraşdırmış və özü həmin sayğacı birləşdirmişdir. Qaz sayğacı işləməyəndə o, bu barədə 104 qaynar xəttinə zəng etmiş, əlaqə saxlaya bilməmişdir. Heç 1 kub.m belə istifadə etməmişdir. Axşam saat 9 radələrində bu hadisə olmuş, gecə cavabdehin nümayəndələri gəlmiş və cərimə təyin etmişlər. Qanunsuz olduğunu bilsə də, hava soyuq olmuş, evdə uşaqları olduğu üçün belə bir addım atmışdır. Etdiyi hərəkətin yanlış olduğunu bilsə də, o, buna məcbur qalmışdır. Evdə dəmir (ceyran) peç, 4 göz qaz, tez qaynadan aparat olmuş, cavabdehin nümayəndələri gəlib şəkillərini çəkmişlər. Cavabdeh tərəfindən yazılmış borc onun 4-5 il ərzində istifadə etməli olduğu limitdir. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı özü də qanunsuz qoşulduğunu etiraf etmişdir. Hesab edir ki, qanunsuz olmaqla fotoşəkildən də göründüyü kimi, ev iddiaçıya məxsusdur və dəymiş ziyan hesablanaraq iddiaçıdan tələb olunur. Belə ki, əsas olduğu aşkardır, cərimə “Qaydalar” rəhbər tutulmaqla hesablanır. Nəzarətçilər tərəfindən 3 aydan bir ildə 4 dəfə sayğaclara texniki baxış keçirilərək sayğac yoxlamadan keçirilir. Sayğac smart kart olduğu üçün abonent özü istifadə edir. Sonuncu baxış günündən hesablanmaqla abonentin qanunsuz olaraq qaz sayğacından nə qədər istifadə etməsi müəyyən olunur. Belə ki, nəzarətçilərin də öz qeydiyyat kitabçası olur. Abonentin nəzarət edilən 3 ay müddətində hansı günlər üçün qanunsuz qaz xəttindən istifadə etməsi barədə qeyd edir ki, bunu da abonent və nəzarət şöbəsinin əməkdaşları bilir. Lakin hesablanma sonuncu baxış tarixindən olmaqla 90 gün, 24 saat nəzərə alınmaqla hesablanır. Bununla belə, qərarın qəbul edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin qeydiyyatda olmayan saxta sayğacdan istifadə etməsi aşkar olunmuş və sərfiyyata uyğun sayğac quraşdırılaraq dəymiş ziyanın hesablanması qərara alınmışdır. -»Azəriqaz» İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən QSQ-nin maksimal saatlıq qaz sərfi 2.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 9504 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2022-ci tarixli ******* saylı akt olmuşdur. -Abonent kodu **********00000 olmaqla, İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 2 ünvanına xx.xx.2018-ci il tarixdə Smart G4 İtron Diafraqma 1702AZ**********82 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ- 4)(1/1). Aktlara əsasən hesablanmış, abonentin 2022-ci ilə aid olan borcu 1140.48 manat göstərilmişdir. -Mülki iş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, iddiaçı ona məxsus evə quraşdırılmış sayğacı dəyişərək başqa sayğacdan istifadə etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Laçın rayonu Zağaltı kəndində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra-“Qaydalar”) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın smart tipli olduğunu, ona nəzarət edilməsinin qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb birbaşa qaz idarəsi, qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatı əsasında iddiaçıya məxsus sayğacın onun mənzilindən kənarda quraşdırılması öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının etirafı əsasında abonentin “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq, qaz sayğacından qeyri-qanuni istifadə etməsi, yəni, qaz sayğacını özbaşına şəkildə çıxararaq başqa sayğac quraşdırması müəyyən olunmuşdur. Mülki iş materiallarına əlavə olunmuş tələbnamədən göründüyü kimi, qaz sayğacından qeyri-qanuni istifadə edilməsi Cavabdeh İB-nin nümayəndələrinin texniki baxışı nəticəsində təsdiq olunmuş və bu barədə akt tərtib edilərək iddiaçıya 90 gün (3 ay), 24 saat müddəti üçün 1140.48 manat cərimə borcu hesablanmışdır. İddiaçı hazırda, Cavabdeh İB-nin nümayəndələri tərəfindən qanunsuz və əsassız olduğunu iddia etdiyi 1200 manat cərimə borcunun silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə xx.xx.2019-cu tarixli ******* saylı akt ilə bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan borc məbləği yuxarıda qeyd olunan akt əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablanmış və iddiaçının qaz sayğacından qeyri-qanuni istifadə etməsi mülki iş materiallarına əlavə olunmuş fotoşəkillər, cavabdehin nümayəndəsinin izahatı, həmçinin, iddiaçının qismən etirafı əsasında təsdiq olunmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən, 90 gün müddəti üçün istifadə olunmuş cəmi 9504 kub.m qazdan istifadə edilməsi müəyyən olunmuş və itirilmiş qazın bərpa edilməsi qərara alınmaqla iddiaçıya 1140.48 manat borc hesablanmışdır. İddia tələbinin əsası kimi istinad etdiyi halları və faktları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı silinməsini xahiş etdiyi 1200 manat cərimə borcunun 24 saat (bir gün) müddətində qaz sayğacından qeyri-qanuni istifadə etməsi nəticəsi kimi hesablandığını qeyd etsə də, göstərilən halı sübuta yetirə bilməmişdir. Cavabdehin nümayəndəsi isə öz növbəsində, 1140.48 manat cərimə borcunun 90 gün müddəti, nəticə etibarı ilə, iddiaçının 3 ay ərzində qaz sayğacından qeyi-qanuni istifadə etməsi nəticəsində hesablandığını qeyd etsə də, bu halı sübut edə bilməmişdir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə daxili inamını və məhkəmə gedişatının nəticəsinə əsaslanaraq, iddiaçının qaz sayğacından qeyri-qanuni olmaqla, 1 ay müddətində istifadə etməsi mümkünlüyü qənaətinə gələrək, 380.16 (9504 kub.m/3 ay=3168 kub.m, 1 ay üçün 3168 kub.m hesablanmaqla, 3168 kub.m x 0.12 manat=380.16) manat cərimə borcunun saxlanılmaqla, qalıq qalan 760.32 (1140.48-380.16=760.32) manat cərimə borcunun abonent kodu **********00000 olan İddiaçı məxsus abunə hesabından silinməsi qənaətinə gəlir. Ona görə də iddia ərizəsi əsaslı olduğundan qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin: 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu səbəbdən də, məhkəmə qeyd olunanlara əsasən, iddia ərizəsinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 760.32 manat cərimə borcu abonent kodu **********00000 olan İddiaçı məxsus abunə hesabından silinməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 760.32 (yeddi yüz altmış manat otuz iki qəpik) manat borc abonent kodu **********00000 olan İddiaçı məxsus abunə hesabından silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov