Məhkəmə qərarları › İş №2(012)-1118/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1118/2024

17.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1118/2024 17.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı 09 mart 1957-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə ərizəçi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə işə ərizəçinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Ərizəçi xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, həyat yoldaşı 09 mart 1957-ci il təvəllüdlü X5 voskulyar demensiya xəstəliyindən əziyyət çəkir. Hazırda həyat yoldaşı onun himayəsindədir və həyat yoldaşına voskulyar demensiya diaqnozu qoyulmuşdur. Xəstəliyi təxminən 3-4 ildir ki, başlayıb. Son 5-6 aydır ki, vəziyyəti ağırlaşıb, psixi vəziyyəti kəskinləşib. Həyat yoldaşı X5 xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və özünü idarə edə bilmir. Özü sərbəst heç bir hərəkət edə bilmir, kömək olmadan yemək yeməsi və təbii ehtiyaclarını ödəməsi mümkün deyil. Həyat yoldaşını tək və nəzarətsiz buraxmaq mümkün deyil, ona görə də daimi onun nəzarətindədir. O, həyat yoldaşı X1 adına olan sənədləşmə işlərində iştirak etməsi üçün qəyyumu təyin edilməlidir. Həyat yoldaşının psixi vəziyyəti düzgün qərar vermək üçün uyğun deyil və özünü hər hansı bir idarəyə, orqana aparıb gətirmək qeyri-mümkündür. Həyat yoldaşı X5 hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə alır. O, həyat yoldaşının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən, o, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 məhkəmədə izahatında bildirdi ki, iş üzrə təyin edilmiş ekspert rəyinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. İş materiallarında olan Tümen vilayəti Surqut rayonu federasiya qəsəbə sovetliyi tərəfindən 30 oktyabr 1992-ci il tarixdə verilmiş № 350745 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ilə Ərizəçi 30 oktyabr 1992-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 62 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 666 saylı rəyindən görünür ki, X2 “VASKULYAR DEMENSİYA (AĞİL ZƏİFLİYİ)” (F 01) aşkar olunur. Bunu anamnestik məlumatlar (6 ildir ki, psixi vəziyyətinin dəyişməsi, yaddaşının zəifləməsi, mənasız hərəkətlər etməsi, davranışının qeyri-adekvat olması, Azərbaycan Respublikası Səhiyyə Müdafiəsi Nazirliyinin “Respublika psixiatriya xəstəxanası”nda “Vaskulyar demensiya” diaqnozu ilə müalicədə olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (bələdliyini pozulması, davranışının qeyri-adekvatlığı, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. Mülki işin materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 09 mart 1957-ci il təvəllüdlü X5 öz hərəkətlərinin mənasının anlaya bilirmi və ya öz hərəkətlərinə rəhbərlik edə bilirmi? Cavab: Yoxlanılan şəxs X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. 2-ci sual: 09 mart 1957-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab oluna bilərmi? Cavab: Yoxlanılan şəxs X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə kifayət qədər əsaslar vardır. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, 09 mart 1957-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və onun öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 666 saylı rəyi ilə tamamilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 35.7-ci maddəsinə əsasən, qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olan uşaqların, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.12-ci və 118.13-cü maddələrinə uyğun olaraq övladlığa götürmək istəyən şəxsin ailəsində sınaq müddəti ilə yerləşdirilən uşaqların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 09 mart 1957-ci il tarixdə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar