Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1124/2024 14.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 15 oktyabr 2005-ci il təvəllüdlü, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə, “AAAF İnşaat” yaşayış kompleksi, bina 7, mənzil 82-də yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ona qəyyum təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı, 15 oktyabr 2005-ci il təvəllüdlü X6 uşaqlıqdan xəstədir, anadan olandan gəlmədiskinetik serebral iflic xəstəliyindən əziyyət çəkir. Ona diskinetik serebral iflic, yerişin pozulması, orta kəmağıllıq, kobud nitq pozuntusu diaqnozu qoyulmuşdur və poliklinikada dispanser qeydiyyatındadır. 21 saylı uşaq Poliklinikası tərəfindən verilmiş arayışda onun nevropotologiya kabinetində xx.xx.2019-cu il tarixdən dispanser qeydiyyatda olması qeyd edilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona 1-ci qrup əlillik dərəcəsi verilmişdir. X6 öz hərəkətlərini idarə etmək qabiliyyətinə mailik deyildir, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanları yoxdur, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanlarına malik deyildir. O öz hərəkələrinin nəticəsini dərk etmək qabiliyyətinə malik deyil, hərəkətlərinin mənasını anlaya bilmir. Kənar şəxsin köməyi olmadan sərbəst qərarlar qəbul etmək imkanları yoxdur, əqli çatışmamazlıq nəticəsində öz hərəkətlərini idarə edə bilmir, danışıq qabiliyyəti yoxdur. X4 qəyyum təyin edilməsi barədə o, Abşeroni Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına müracət etmişdir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməyi bildirmişlər. X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. O sərbəst şəkildə hüquqlarını həyata keçirmək qabiliyyətinə mailik deyildir. O əmək qabiliyyətsizdir, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanları yoxdur. Ona o, baxır, qulluq edir, onunla birlikdə yaşayır, onun fəaliyyət qabiliyyətsiz hesab edilməsi gələcəkdə ona qəyyum təyin edilməyi və onun hüquqlarını sərbəst şəkildə həyata keçirilməsi üçün vacibdir. Sonradan ərizəçinin vəkili-nümayəndəsi Nümayəndə məhkəməyə dəqiqləşmə barədə ərizə təqdim edərək, 15 oktyabr 2005-ci il təvəllüdlü, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə, “AAAF İnşaat” yaşayış kompleksi, bina 7, mənzil 82-də yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin vəkili-nümayəndəsi məhkəməyə ərizə ünvanalayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında ərizəçi və onun vəkili-nümayəndəsi ərizənin məzmununa uyğun şəkildə izhata verərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və bu səbəbdən də təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ 848002 saylı “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə anadan olan X2 valideynləri haqqında olan qeydlərə əsasən onun atası X7, anası isə Ərizəçidır. - xx.xx.2023-cü il tarixli müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, ərizəçi X1 rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə, “AAAF İnşaat” yaşayış kompleksi, bina 7, mənzil 82 ünvanında xx.xx.2024-cü il tarixədək müvəqqəti qeydiyyatdadır. - Azərbaycan Respunlikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X6 müddətsiz əlildir, diskenetik serbral iflic diaqnozu ilə 1-ci dərəcə əlillik statusunu daşıyır. Orqanizmin funksiyalarının pozulması 90% təşkil edir - Azərbaycan Respublikası “Bakı Baş Səhiyyə Mərkəzi” X12 21 nömrəli uşaq poliklinikasının xx.xx.2023-cü il tarixli tibbi arayışdan görünür ki, X6 xx.xx.2010-cu il tarixdən “diskenetik serbral iflic diaqnozu ilə, orta kəmağıllılıq, kobud nitq pozuntusu, yerişin pozulmasın” diaqnozu ilə xəstədir, dispanser qeydiyyatındadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli, 655 saylı rəyindən görünür ki, X3 uşaq serebral iflici nəticəsində yaranan orta dərəcəli əqli gerilik (ağıl zəifliyi) müəyyən edilir. X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə kifayət qədər əsaslar vardır. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan anası Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonar MPM): 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2005-ci il tarixdə anadan olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə anadan olan X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilsin. Hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-1124/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1124/2024
14.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver