Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1158/2023 16.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda X1 aparılan döyüş əməliyyatlarında iştirak etməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 153.2.1-ci maddəsinin tələblərinə cavab vermədiyindən, həmin ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. İlkin olaraq, ərizənin mahiyyətindən görünür ki, Ərizəçi X1 iştirak etmiş, döyüş əməliyyatları nəticəsində ağır yaralanmış, nəticədə, hazırda, davamlı olaraq, daxili xəstəliklərdən əziyyət çəkməklə əsəb gərginliyindən mütəmadi olaraq müalicə olunur. X1 döyüş əməliyyatlarında iştirak etməsi zəruri arayışlarla təsdiq olunsa da, ərizəçi hazırda, onun həmin döyüş əməliyyatlarında iştirak etməsi faktının məhkəmə qaydasında təsdiq olunmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 307.1. maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli № 3 saylı Qərarının 14-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Məhkəmə qanunvericiliyin və Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək qeyd edir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları məhkəmə qaydasında o halda təsdiq edə bilər ki, şəxs həmin sənədləri başqa qaydada ala bilməsin və yaxud itirilmiş sənədlərin bərpa edilməsi mümkün olmasın. X3 hüquqi mövqedən də göründüyü kimi, ərizəçinin döyüş əməliyyatlarında iştirak etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməz olduğundan həmin ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 153.2.1. maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 153.2.1. maddəsində «ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə» ifadəsi işə yalnız məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə və mülki iş materiallarına istinad edərək qeyd edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və ərizənin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Lakin məhkəmə Plenum Qərarının mövqeyindən çıxış edərək eyni zamanda, qeyd edir ki, ərizəçiyə onun döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən arayış, bildiriş və digər sənədlərin məhkəmə qaydasında ona məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsi hüquqları izah olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1158/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1158/2023
16.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver