Məhkəmə qərarları › İş №2(012)-1179/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1179/2024

13.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1179/2024 13.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinə dair **********01450 nömrəli abonent koduna yazılmış 1555 manat cərimə borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yanaşı həm də ki, yaşayır. Belə ki, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023cü il tarixli akta əsasən sayğacın çıxış plasmas borusu deşilib, sayğac minimal sərfiyatda 100/1 nisbi xətayla işləyir, sayğac istismara yararsızdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktda qeyd olunanlara əsasən adına ümumilikdə 1555 manat məbləğində cərimə yazılmışdır. O bu qeyd edilənlər ilə qəti şəkildə razılaşmır. Belə ki, bildirmək istəyir ki, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan yeni xəbərləri olmuşdur. Aktda qeyd edilənlər ilə razılaşmadığı üçün xx.xx.2023-cü il tarixdə X1 Bakı Regional Qazın satışı Departamentinə rəsmi şəkildə ərizə ilə müraciət etdi. Onun müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktub göndərilərək, qeyd olunan ünvanda yerləşən mənzilində istifadə olunmuş təbii qaza görə ödənişlərə dair sənədləri və müvafiq aktları təqdim edilməsi məqsədi ilə Bakı Regional Qazın satışı Departamentinə yaxınlaşmağı xahiş olunmuşdir. O da Azəriqaz İB-nin Xırdalan şəhərində yerləşən idarəsinə getdi. Abonentin saldosonu, aktı əldə etdi və Bakı Regional Qazın satışı Departamentinə özü şəxsən gedərək, hadisə barədə məlumat verməklə yanaşı sənədlərini təqdim etdi. Onun sənədlərinə baxdı və sayğaca tərəfindən heç bir müdaxilə olunmadığı, sayğac yol kənarında evindən xeyli aralı məsafədə yerləşdiyini, həmin yolu yük maşınları və müxtəlif insanların istifadə etdiyini dilə gətirərək, sayğaca daim nəzarət edə bilməyəcəyini izah etdi. Hətta sayğacda özü nasazlıq hiss etdiyi üçün Azəriqaz İB-nin əməkdaşlarına şəxsən özü məlumat vermişdir ki, sayğaca gəlib yerində baxış keçirilsin. Sayğaca baxış keçirilən zaman ona heç bir məlumat vermilməmiş və cərimə olunduğu bildirilməmişdir. Həmin zaman ona akt və başqa bir sənəd verilməmişdir. xx.xx.2023-cü il tarixli aktda isə bildirilir ki, guya o aktı qəbul etməkdən imtina etmişdir. Halbuki onun həmin aktdan cərimə məbləğindən xəbəri belə olmamışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, onun iştirakı olmadan sayğaca baxış keçirilib akt tərtib edildilmişdir. Qaz sayğacı onun evinin həyətindən kənardadır. Bayram ərəfəsi vaxtı ona xəbər verdilər ki, sayğac yanır. Bu barədə Cavabdehnə Xəbər vermişdir. Sayğac smart tipli idi, sonradan gəlib müxaniki sayğacla əvəz olunmuşdur. Qaz sayğacı onun həyətindən kənarda küçədə quraşdırılıb, cərimə olunmasından sonradan xəbəri olmuşdur, onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X4 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixli , ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən smart tipli sayğac mexaniki tipli sayğac ilə əvəz olunmuşdir. Həmin aktda sayğacın əvəz olunma səbəbi kimi sayğacın yanması qeyd olunmamışdır. İddiaçıya İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. Sayğac 100/1 nisbi xətayla işləyir. Sayğac istismara yararsızdır. Sayğaca kənar təsirin olması ehtimalı mümkündür.Sayğac smart tipli olanda iddiaçı bir ildə 300-350 manat ödəniş etsə də, sayğac mexaniki tipli sayğacla əvəz olunandan sonra ildə 700 manat ödəniş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, abonentin yaşadığı ünvanda quraşdırılmış 1302AZ**********45 saylı sayğac **********4 saylı sayğacla əvəz olunmuşdur. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. Sayğac 100/1 nisbi xətayla işləyir. Sayğac istismara yararsızdır. -Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Qaz sayğacının maksimal qaz sərfi 6 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 12960 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur. -Abonent kodu **********01450 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 1i ünvanına xx.xx.2022-ci il tarixdə Zenner G4T mexaniki tipli **********4 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Aktlara əsasən hesablanmış, abonentin 2023-cü ilə aid qalıq və aktlara görə olan borcu 1555.20 manat göstərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın Zenner tipli olduğunu, ona nəzarət edilməsinin qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb birbaşa qaz idarəsidir, qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək. Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatından müəyyən edilir ki, iddiaçıya məxsus sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Məhkəmə xx.xx.2023-cü il tarixli, ******* saylı akt ilə bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan 1555 .20 manat borc məbləği yuxarıda qeyd olunan akt əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş həmin aktı sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akt hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İddia tələbindən göründüyü kimi, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı barəsində xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilərək həmin akt əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə həmin akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, xx.xx.2023-cü il tarixli, ******* saylı aktın tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək istehlakçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, aktda istehlakçı tərəfindən “İmtina etdi” barədə qeyd aparılmış, lakin həqiqətən də həmin aktın istehlakçının iştirakı təmin olunmaqla sonuncunun aktı qəbul etməkdən imtina etməsinin nəticəsi kimi tərtib olunması sübuta yetirilməmiş, nə də Cavabdeh İB-nin nümayəndəsi tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmamışdır. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. xx.xx.2023-cü il tarixli tərtib olunmasına əsas kimi xx.xx.2023-cü il tarixli, ******* saylı akt göstərilmişdir. Lakin elə bir akt tərtib olunmamışdır. xx.xx.2023-cü il tarixli tələbnamə qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin: 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı eyni zamanda, müəyyən olunmuşdur ki, qaz sayğacının qüsurlu işləməsinə görə Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədə 29/1710-04383-1 saylı Akta əsasən,sayğacın çıxış plastmas borusu deşildiyi qeyd edilmişdir. Göründüyü kimi, tərtib olunmuş akt sayğacın kənar təsir nəticəsində deyil, sayğacın daxilində yerləşən plombun ətrafının zədəli olması ilə əlaqədar olmuşdur ki, bunun da abonent tərəfindən müdaxilə olunmaqla edilməsi inandırıcı deyildir. Belə olan halda isə nəticə etibarı ilə sayğac quraşdırılanda onun qüsurlu vəziyyətdə quraşdırılması istisna deyildir. Bu səbəbdən də, bu halda da tərtib olunmuş aktın qüsurlu olmasının göstəricisidir. Ona görə də, göstərilənlərə əsasən, məhkəmə abonent saldosuna uyğun olaraq, iddiaçıya hesablanmış 1555 manat cərimə məbləğinin silinməsi qənaətinə gəlir. İddiaçıya akt əsasında və abonent saldosuna əsasən1555.20 manat cərimə yazılsa da, iddiaçı iddia tələbində 1555 manat cərimənin silinməsini tələb etmişdir. Bu səbəbdən də, məhkəmə qeyd olunanlara əsasən, iddia ərizəsinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 1555 manat borc məbləği abonent kodu **********01450 olan İddiaçı məxsus abunə hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 35.55 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 1555 (min beş yüz əlli beş) manat borc abonent kodu **********01450 olan İddiaçı məxsus abunə hesabından silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 35.55 (otuz beş manat əlli beş qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar