Məhkəmə qərarları › İş №2(012)-1182/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1182/2021

08.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1182/2021 08.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə 08 may 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Cavabdeh» İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 210 manat pul məbləğinin silinməsi, qətnamə icra ediləcəyi tarixədək cavabdeh tərəfindən əsassız tutulmuş pul məbləğinin geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, bildirmişdir ki, 31.01.2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 216 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə kommunal xidmətlərin göstərilməsi barədə cavabdehlə aralarında müqavilə imzalanmışdır. Qeyd etmək istəyir ki, sözügedən ev anasının mülkiyyətindədir. Həmin evdə ailə üzvləriylə birlikdə yaşayır. Yaşayış evinə dövlət idarələri tərəfindən qaz, su, işıq sayğacları quraşdırılaraq kommunal şəraiti tam təmin edilmişdir. Sonradan qaz sayğacları yenisi ilə əvəzlənərək smart kart tipli sayğac quraşdırılmışdır. Onun tərəfindən bütün kommunal xidmətlərə həmçinin qazın istifadəsinə görə sərf etdiyi borclar vaxtı vaxtında tərəfindən ödənilmişdir. 2020-ci ilin noyabr ayında qaz sayğacında qaz qutardığı üçün smart karta pul ödədi və gördüm ki, həmin məbləğin 6 manatı əsassız olaraq silinir. Bu barədə dərhal “Cavabdeh” İstehsalat Birliyi Bakı X5 Departamentinə müraciət etdi. “Cavabdeh” X1 X4 Departamentindən ona bildirdilər ki, itirilmiş qaz üçün ona 31.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 216 manat borc yazılmışdır. Mühəndislər tərəfindən tərtib olunmuş aktın nə zaman yazıldığı və kimlər tərəfindən tərtib edildiyindən onun xəbəri yoxdur. O bu akta imza etməmişdir. O heç zaman heç bir kommunal xidmətdən pulsuz istifadə etməmiş və bütün qaz, su, işıq sərfıyyatı üçün ödənişləri vaxtı-vaxtında icra etmişdir. Həmin məbləğin hansı əsasla yaranması cavabdeh qurum tərəfindən əsaslandırılmamışdır. Tərtib edilmiş akt qanunsuz tərtib edilmiş və yüksək məbləğdə cərimə yazılmışdır. Akt tərtib olunarkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri pozulduğundan həmin akt məhkəmə qaydasında ləğv olunmalıdır. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi X3 məhkəmədə izahatında bildirdi ki, İddiaçı iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət edərək akt əsasında hesablanmış 216 manat dəymiş ziyan məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə qarşısında qaldırdığı iddiası tam əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir. Belə ki, İddiaçı uzun müddət təbii qazdan sayğaca müdaxilə edərək istifadə etməklə “Cavabdeh” İsatehsalat Birliyinə ziyan vurmuşdur. Bununla əlaqədar əməkdaşlarımız tərəfindən qanuna müvafiq qaydada akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, həmçinin müdaxilə faktını təsdiq edən sayğaca müdaxilə edilməsi haqqında rəy verilmişdir. “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman qaz sayğacının çıxış plastmass borşunun deşildiyi müəyyən edilmişdir. Bununla da sayğaca müdaxilə faktı öz təsdiqini tapmışdır. Qeyd olunan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı dəymiş ziyan hesablanaraq ümumilikdə 216 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.01.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********10000 olan sayğaca baxış keçirilən zaman aşkar olunmuşdr ki, 29/1710-02588 rəyinə əsasən, 1202AQ**********3 sayğacın hesablama mexanizmi minimal sərfiyyatda keçən qatın həcmini qeyd etmir. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 216 manat borc hesablanmışdır. Məhkəmə tərəfləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı «Cavabdeh» İstehsalat Birliyinə borcunun silinməsi tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi «Cavabdeh» İstehsalat Birliyi tərəfindən İddiaçı əsassız olaraq 31.01.2020-ci il tarixli, ******* saylı akt tərtib edilərək 216 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Cavabdeh» İB X6 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdehin nümayəndəsi etirazının əsaslarını sübut edə bilməmiş və sayğacın İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 216 manat məbləğində hesablanmış cərimə silinməlidir. Bundan başqa «Cavabdeh» İstehsalat Birliyi tərəfindən itirilmiş qazın bərpası üçün 31.01.2020-ci il tarixli, ******* saylı akt əsasında abonentə 216 manat məbləğ hesabladığından, yuxarıda qeyd olunan hüquqi mövqeyə görə həmin məbləğin mövcud qanunvericiliyə uyğun hesablanmaması nəticəsinə gəlindiyindən, məhkəmə sözügedən aktı da əsassız hesab edərək ləğv edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. «Cavabdeh» İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********10000 olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə 31.01.2020-ci il tarixli, ******* saylı akt ləğv edilsin və həmin akt üzrə hesablanmış 216 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar