Məhkəmə qərarları › İş №2(012)-1187/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1187/2022

28.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1187/2022 28.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh2 ASC-nin “X4 İdarəsi”nə və Cavabdeh2 ASC-yə qarşı «istehlakçının pozulmuş hüquqlarının bərpası və aktın etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə 28 iyun 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 ASC-yə və q. qarşı «istehlakçının pozulmuş hüquqlarının bərpası və aktın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı kimi pozulmuş hüquqları bərpa edilərək Cavabdeh2 Səhmdar Cəmiyyətinin «Cavabdeh1»nin xx.xx.2021-ci il tarixli 600913 saylı aktının etibarsız sayılması, onun adına əsassız hesablanmış 2196 manat borc məbləğinin silinməsi, qanunsuz aktın tərtib ediməsi ilə bağlı ona vurulmuş mənəvi zərər dəyərinin məhkəmə tərəfindən müəyyən edilərək xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,xx.xx.2021-ci il tarixdə guya cavabdehin əməkdaşları - mühəndislər İ.Kərimov, N.Rüstəmov və A.Xəlilov iddiaçıya məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Z.Tağyev küç. 11-də yerləşən apteklə bağlı heç bir əsas olmadan 600913 saylı akt tərtib etmişlər. Akta əsasən guya araşdırma zamanı məlum olmuşdur ki, obyektdə sayğacdan kənar keçməyən d-15 mm-lik su xətti qeyri-qanuni istifadə edilir. İddiaçı qeyd edir ki, xx.xx.2021-ci il tarixdə su xəttinə baxış zamanı aktı tərtib edənlər 3 nəfər deyil, yalnız bir nəfər iştirak etmişdir ki, iddiaçı həmin şəxsin bu üç nəfərdən hansı olmasını dəqiq bilmir. Həmçinin də, baxış zamanı orada iştirak edərək həmin şəxsə sayğacdan kənar su xəttinin olmamasını və bu barədə göstərilənlərin uydurma olmasını bildirmişdir. Akt iddiaçının iştirakı ilə tərtib edilməmişdir, iddiaçıya hazır aktı təqdim edərək imza etməyini deyəndə isə o etiraz etmiş və şikayət edəcəyini bildirmişdir. Çünki, iddiaçı əməkdaşa sayğacdan kənar xəttin mövcudluğunu ona faktla sübut etməsini bildirmişdir. Cavabdehin əməkdaş isə qeyri-qanuni su xəttinin mövcud olmasını ona həm göstərə, həm də sübut edə bilməmişdir. Akta göstərilən hallardan yalnız biri, yəni, baxış zamanı həqiqətən su sayğacının işləməməsinin göstərilməsi doğrudur. Bu da ona görədir ki, həmin vaxt kartda pul olmadığı üçün sayğacı işlədə bilməmişlər. Karta pul vəsatiti vurub sayğacın işlək olmasını göstərməyini təklif etsə də cavabdehin əməkdaşı bunu gözləməyərək tələsik çıxıb getmişdir. Bundan sonra cavabdehin rəisi Rövşən Əliyev iddiaçıya xx.xx.2022-ci il tarixli «borcun ödənilməsi haqqında» xəbərdarlıq göndərmiş, guya onun sudan istifadəyə görə 1098 manat, kanalizasiya xidmətinə görə 1098 manat olmaqla xx.xx.2022-ci il tarixə 2196 manat borcu olmasını göstərərək iddiaçıdan 3 gün müddətinə borcun ödənilməsini tələb etmişdir. Bununla bağlı tərtib edilmiş xx.xx.2021-ci il tarixli «Qanunsuz istifadə fakturası» adlanan sənəddə göstərilmişdir ki, onun sudan istifadəyə görə 1098 manat, kanalizasiya xidmətinə görə 1098 manat borcu illik olaraq hesablanmaqla 2196 manat məbləğində, dəymiş ziyan borcunun ödəniş müddəti 1 aydır. İddiaçı hesab edir ki, cavabdeh bu qanunsuz hərəkətləri ilə onun sudan istifadə edərək istehlakçısı kimi hüquqlarını pozmuş, qeyri-qanuni su xəttinin olmadığı halda, qərəzli olaraq göstərilən akt tərtib edilərək əsassız borc yaratmışlar. Bu qərəzlilik iddiaçının cavabdehin digər əməkdaşı olan Vidadi adlı şəxsin ondan əsassız yerə pul almaları barədə həm Cavabdeh2 ASC-yə, həm də Abşeron rayon prokurorluğuna şikayət yazmağı ilə bağlı ola bilər. Həmin şikayətləri ilə bağlı hazırda Abşeron RPİ-də müəyyən araşdırılmalara başlanılmışdır. İddiaçı hesab edir ki, cavabdeh bu hərəkətləri ilə onun istehlakçı hüquqlarını pozmaqla yanaşı ona mənəvi zərər də vurmuşdur. Bu qanunsuz hərəkət nəticəsində cavabdeh onu qanunu pozmaqda təqsirləndirmişdir ki, bununla da bağlı əsassız olaraq stress keçirmiş, vaxtını itirimiş, hazırda da məhkəmə müdafiəsi hüququndan istifadə etməyə məcbur olmuşdur.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin oluunması barədə qətnamə çıxarılmasını xahiş olunur. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh2 ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Lakin cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 ASC -nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, mülki iş materiallarında olan Cavabdeh2 ASC-nin Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 600913 saylı hesab fakturadan görünür ki, Xırdalan şəhəri, Quşçuluq yaşayaş massivi, ev 45/3 ünvanında fəaliyyət göstərən bərbərxanaya təyinatı üzrə xx.xx.2021-ci il tarixli, 60913 saylı Akta əsasən su təhcizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün 2196.00 manat məbləğində dəymiş ziyan borcu və borcun ödəniş müddəti 1 ay müddət olması göstərilmişdir. Akt Sukanal idarəsinin rəisi Rövşən Əliyev və Abonent işləri şöbəsinin rəisi Tahir Şəmiyev adlı şəxslər tərəfindən imzalanmışdır. Mülki iş materiallarında olan İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli borcun ödənilməsi haqqında xəbərdarliqdan görünür ki, "X3 Cəmiyyəti "Abşeron Sukanal“ İdarəsi sudan istifadəyə görə 1098 manat. kanalizasiya xidmətinə görə 1098 manat, olmaqla xx.xx.2022ci il tarixə 2196 (iki min yüz doxsan altı) manat borcun olduğunu həmin borcun 3 (üç) gün müddətinə ödənilməsi məqsədilə tədbirlər görülməsi , əks təqdirdə, müəssisənin (təşkilatın) su təchizatı və kanalizasiya xidməti Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli 723-İQ saylı "Su təchizatı və tullantı suları" haqqında Oanununun 26-cı maddəsinə və qüvvədə olan digər normativ və hüquqi aktlara uyğun olaraq birtərəfli dayandırılacaqdır. İşin məhkəmə baxışında iddia tələbi ilə bağlı məhkəmə ekspertizası təyin edilmiş,ekspertiza keçirməkdən imtina olunmuşdur. Məhkəmə iclasında iddiaçının izahatı və iş materialları ilə müəyyən olundu ki, xx.xx.2021ci il tarixdə cavabdehin əməkdaşları - mühəndislər İ.Kərimov, N.Rüstəmov və A.Xəlilov iddiaçıya məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Z.Tağyev küçəsi, 11-də yerləşən apteklə bağlı 600913 saylı akt tərtib etmişlər. Akta əsasən məlum olmuşdur ki, obyektdə sayğacdan kənar keçməyən d-15 mm-lik su xətti qeyri-qanuni istifadə edilir. Məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə məhkəmə ekspertizası təyin olunmuş, ekspertiiza tədqiqat aparmaqdan imtina etmiş, qərardad icrasız geri qaytarılmışdır.Bundan sonra iddiaçı tərəfindən ünvan 1ünvanında yaşayan İddiaçı tədqiqat obyekti - mülkiyyətində olan 0.016 ha. torpaq sahəsində inşa olunmuş evin birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin su xəttinin – mühəndis-texniki ekspertizasına dair obyektlərin tədqiqinə dair -xx.xx.2022-ci il tarixli müraciətinə əsasən, X2 xx.xx.2022-ci il tarixli 74 saylı rəyi alınmışdır. Mühəndis-texniki ekspertizasının tədqiqatının nəticəsindən aydın olur ki, ünvan 1ünvanında yerləşən, İddiaçı - mülkiyyətində olan 0.016 ha. torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsinə əsas (ana) su xəttindən çəkilmiş su boru xətlərinə kənardan hər hansı müdaxilə (əlavə qoşulma), həmçinin smart tipli su sayğacından kənar əlavə su boru xətlərinin çəkilməsi mövcud deyildir. Eyni zamanda X1 rəyinə əlavə edilmiş FİC 301610 saylı kassa mədaxil qəbzindən görünür ki, İddiaçı - X1 mədaxil kassasına xx.xx.2022-ci il tarixdə, ekspertiza xərci olaraq 400 (dörd yüz) manat pul köçürtmüşdür. Beləliklə, məhkəmə belə hesab edir ki, cavabdehin tərtib etdiyi aktda göstərilən məlumatlar elə akt tərtib edilən vaxtdan mübahisələndirilmişdir.İşin məhkəmə baxışında isə bu hal iddiaçı tərəfin izahatı və təqdim etdiyi sübutlarla bir daha öz təsdiqini tapmışdır.Bunun əksini təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia cərimə borcuna aid hissədə əsaslıdır və təmin edilməklə, İddiaçı sudan istifadəyə görə 2196 manat məbləğində hesablanmış cərimə borcu ləğv edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 400 (dörd yüz) manat ekspertiza xərci Cavabdeh2 Səhmdar Cəmiyyətinin «Cavabdeh1»dən tutularaq iddiaçıya ödənilməli,iddiaçının ödəməkdən azad edildiyi 41.96 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdeh2 Səhmdar Cəmiyyətinin «Cavabdeh1»dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 ASC-nin “X4 İdarəsi”nə aid hissəsində qeyd edir ki, digər cavabdehin verdiyi məlumata əsasən həmin cavabdeh hüquqi şəxs olmadığından iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin aktın etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, akt sübut növlərindən biridir,məhkəmə sübut növü kimi iş üzrə qərar qəbul edərkən onun etibarlılığına hüquqi qiymət verir.Ona görə də, bu hissədə iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyan hissəsində qeyd edir ki, bu hissədə iddia tələbi əsaslandırmadığından əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-252–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 Səhmdar Cəmiyyətinin «Cavabdeh1»nin xx.xx.2021-ci il tarixli 600913 saylı aktı əsasında İddiaçı adına əsassız hesablanmış 2196 manat cərimə borcu silinsin. İş üzrə 400 (dörd yüz) manat məhkəmə xərci Cavabdeh2 Səhmdar Cəmiyyətindən tutulub İddiaçı ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 41.96 (qırx bir manat 96 qəpik) manat məbləğində dövlət rüsumuna görə pul vəsaiti Cavabdeh2 Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar