Məhkəmə qərarları › İş №2(012)-1201/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1201/2024

14.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1201/2024 14.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı ilə bağlı Cavabdeh İB tərəfindən itirilmiş qaz sərfiyyatının dəyərinə görə qanunsuz olaraq hesablanmış 777,60 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, ona məxsus, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə 2013-cü ildə "Azəriqaz" İB tərəfindən İtron tipli, G-4 markalı, 1302AQ**********7 nömrəli qaz sayğacı quraşdırılmışdır. Belə ki, o, 2013-cü ildən 2021-ci ilin dekabr ayına kimi sözügedən evdə yaşamamış, 2021-ci ilin dekabr ayında həmin evə köçmüşdür. Smart kartı yoxlamaq istədikdə məlum olmuşdur ki, sayğac işləmir. Bu problemin aradan qaldırılması məqsədi ilə "Azəriqaz" İB-yə müraciət etmiş, sayğacın işləməsini yoxlamaq məqsədilə "Azəriqaz" İB-nin əməkdaşları onun da iştirakı ilə sayğacın plombunu sökmüşdürlər. Daha sonra "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib olunaraq onun evinə G-4 markalı, Zenner tipli, G-4 markalı, **********3 nömrəli qaz sayğacı quraşdırılmış, G-4 markalı, İtron tipli, 1302AQ**********7 nömrəli qaz sayğacı çıxarılmış, yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Laboratoriya yoxlanılması zamanı, sayğacın istismar vaxtının bitdiyi aşkar olunmuş, bu səbəbdən həmin sayğacın yenisi ilə əvəz edilməsi qərara alınmışdır. “Azəriqaz" İB-nin "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktında da MSK-14-2-/3-5-7718/Q001 saylı rəyə əsasən sayğacda qaz itkisi, müdaxilə aşkarlandığı və dəymiş ziyanın hesablanmasının tələb edildiyi göstərilmişdir. Hazırda həmin akt əsasında qanunsuz olaraq borc hesablanmış və ona bildiriş göndərilərək, ondan itirilmiş qaz sərfiyyatının dəyəri olaraq 777,60 manat məbləğində cərimənin ödənilməsi tələb olunmuşdur. Qeyd edir ki, o, sözügedən akt əsasında əsassız olaraq onun adına cərimə məbləği hesablanması ilə bağlı "Azəriqaz" İB-nin qaynar xəttinə müraciət etmişdir. Qaz sayğacı onun evindən kənarda yerləşir və o, qaz sayğacına edilən bütün müdaxilələrə cavabdeh deyildir, çünki onun gün ərzində sayğaca nəzarət etməsi qeyri-mümkündür. Onun evinə yazılmış aktın və akt əsasında hesablanmış məbləğin heç bir hüquqi əsası yoxdur. Bu vaxta qədər işlətdiyi sayğacla bağlı heç bir problem olmadığı halda yeni quraşdırılan sayğac heç bir səbəb olmadan 3 ay ərzində sıradan çıxmış və yararsız hala düşmüşdür. Həmçinin indiyədək hər ay öz ödənişlərini vaxtlı-vaxtında etmişdir. Demək olar ki, onun evində aylıq qaz sərfiyyatı stabildir, yəni onun evinin qaz sərfiyyatında ödənişlərin həcminə görə sayğaca müdaxilə etməsinə səbəb olacaq hər hansı böyük dəyişiklik yoxdur. Həmçinin “Azəriqaz" İB-nin "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktında onun akta imza etməkdən imtina etdiyi qeyd edilmişdir, halbuki onun sözügedən aktın mövcudluğundan xəbəri olmamışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Cavabdeh nümayəndəsi X1 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə keçirilmiş məhkəmə hazırlıq iclaslarında iştirak etmiş və izahatında bildirmişdir ki, İddiaçı özünün də qeyd etdiyi kimi, həqiqətən də "Azəriqaz" İB-nin qaynar xəttinə müraciət etmişdir. Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid sayğaca baxış keçirilən zaman sayğacda qüsur aşkar olunmuş və bu hal müvafiq laboratoriya rəyində də öz təsdiqini tapmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 16 oktyabr 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus (abonent kodu: **********52520) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman MSK-14-2-2/3-5-7718 saylı rəyə əsasən sayğacda qaz itkisi və müdaxilə aşkar olunmuşdur. İş materialarında olan abonentin saldosundan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evə (abonent kodu: **********52520) 777,60 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan göründüyü kimi İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evə (abonent kodu: **********52520) 777,60 manat məbləğində borc hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X2 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması, həmçinin iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh şirkət iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı (abonent kodu: **********52520) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 777,60 manat məbləğində hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********52520) hesablanmış 777,60 manat məbləğində cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar