Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1202/2024 25.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu, Masazır kəndində yaşadığı fərdi evinə (abunə kodu: **********13600(köhnə kod: **********60000)) hesablanmış 1.642 (min altı yüz qırx iki) manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Abşeron rayonu, Masazır kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan sayğac dəyişdirilmişdir. Sayğacı bir müddət istifadə etdikdən sonra 1.642 manat borcun olmasına dair bildiriş gəlmişdir. Cavabdehə müraciət etmiş və bundan sonra iddiaçıya bildirmişlər ki, sayğac dəyişdirilərkən sayğac sərfiyyatı qeyd etməmiş, qeyri qanuni qazdan istifadə etmişdir. Guya sayğaca müdaxilə etmişdir. Ona görə də iddiaçıya 1.642 manat cərimə hesablanmışdır. Guya təqsirkardır. Bu absurddur. Qaz sayğacı çıxarılarkən bütün plombları yerində olmuşdur. Çıxarılarkən zədələnmiş, buna isə Cavabdehdir. Çünki hər ayda bir dəfə qaz sayğacına baxış keçirməli idilər. Lakin cavabdeh illərə uyğun cərimə hesablamışdır. Əgər qanunsuz qazdan istifadə edibsə bunu baxış keçirərkən görməli idilər. Təqsiri sübut olunmadan akt tərtib edərək cərimə hesablamışlar. İddiaçı həmin sayğaca cavabdeh deyildir. Eyni zamanda iddiaçı mütəxəssis deyildir ki, qaz sayğacına müdaxilə etsin. Ən geci hər ay sayğaca baxış keçirmişlər. Müdaxilə etmiş olsaydı bunu asanlıqla müəyyən etmək olardı. İddiaçı istifadə etdiyi qaz sayğacına müdaxilə etməmiş və istifadə etdiyi qazın dəyərini ödəmişdir. Bütün bunların qanunsuz və əsassız olmasını bildirməsinə baxmayaraq, Cavabdeh əməkdaşları bu iradlarına, tələblərinə məhəl qoymamışlar. Eyni zamanda tərtib olunmuş akta əsasən cərimənin hesablanması hansı normativ hüquqi akta, qanuna əsasən aparıldığı müəyyən deyil. Göründüyü kimi Cavabdeh Nazirlər Kabinetinin qərarlarına, mövcud qanunlara və normativ hüquqi aktlara əsaslanmadan, mövcud qanunlara heç bir məhəl qoymadan öz bildiyi kimi hərəkət etmişdir. Göstərilənlərə əsasən İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yaşadığı fərdi evinə (abunə kodu: **********13600(köhnə kod: **********60000)) hesablanmış 1.642 (min altı yüz qırx iki) manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 28 dekabr 2022-ci il tarixdə Cavabdehnə müraciət edərək, yaşadığı ünvana quraşdırılmış qaz sayğacının işləmədiyi barədə məlumat vermişdir. Bundan sonra Cavabdeh əməkdaşları tərəfindən yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı dəyişdirilmişdir. 2023-cü ilin noyabr ayında isə yaşadığı ünvana cərimə borcu yazılmışdır. Verilmiş suallara cavabında qeyd edir ki, cərimə borcu yazıldıqdan sonra cavabdeh təşkilata müraciət edərək, sayğaca tərəfindən hər hansı müdaxil edilmədiyini, bu səbəbdən də təxminən 1 (bir) il sonra yaşadığı ünvana yazılan cərimə borcunun silinməsini xahiş etmişdir. Lakin yazılmış borc məbləği silinməmişdir. Akta əsasən 1.642 manat cərimə borcu yazılmışdır. Sayğac yaşadığı evin daş hasarından çöldə quraşdırılmışdır. Onun tərəfindən sayğaca müdaxilə edilməmişdir. Sayğaca kimin müdaxilə etdiyini isə bilmir. Bu səbəbdən də yazılmış borc məbləğini əsassız hesab edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 60-cı maddəsinin İİ-ci bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 31 dekabr 2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Cavabdeh nümayəndələri tərəfindən istehlakçı İddiaçı Abşeron rayonu, Masazır kəndində yaşadığı fərdi evin qaz sayğacına baxış keçirilən zaman sayğacın sərfiyyatı qeyd etmədiyi aşkar olunmuşdur. 40011055 nömrəli sayğac çıxarılmış, **********9 nömrəli sayğac quraşdırılmışdır. 25 aprel 2023-cü il tarixli, MSK-14-2-2/3-5-4204-1 saylı qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, 40011055 nömrəli, Natek G-4 markalı sayğaca baxış keçirilmiş, yoxlama nəticəsində sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, sayğacın gövdəsinin əzildiyi, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. 27 aprel 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonent kodu: **********13600) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, MSK 14-2-2/3-5-4204-1 saylı rəyə əsasən sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, sayğacın gövdəsinin əzildiyi aşkar olunmuş, bununla əlaqədar olaraq 27 aprel 2023-cü il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmiş, istehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Dəymiş ziyanın bərpasına dair 30 aprel 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən İddiaçı 6x24x90=12960 m3, cəmi 12960 m3 (1.555,20 manat) əlavə ödəniş hesablanmışdır. 06 fevral 2024-cü il tarixli abonentin saldosundan görünür ki, abunə kodu **********13600 olan ünvan üzrə aprel 2023-cü il tarixli akt əsasında 1.555,20 manat borc hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində tərtib olunan akt birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmiş, tərtib edilmiş aktda iddiaçının imzası yoxdur. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir, cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi və sayğacın gövdəsinin əzilməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı fiziki şəxs qismində istehlakçı olaraq qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi daşımadığından, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsində və sayğacın gövdəsinin əzilməsində iddiaçının təqsiri sübuta yetirilmədiyindən, akt əsasında 1.642 manat deyil, 1.555,20 manat borc hesablandığından, iddiaçının yaşadığı ünvanında yerləşən evə qaz sayğacına dair hesablanmış 1.555,20 manat cərimə borcu silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə etibarilə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evə qaz sayğacına (abonent kodu: **********13600) dair hesablanmış 1.555,20 (min əlli beş manat, iyirmi qəpik) manat cərimə borcu silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda gösrərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evə qaz sayğacına (abonent kodu: **********13600) dair hesablanmış 1.555,20 (min əlli beş manat, iyirmi qəpik) manat cərimə borcu silinsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-1202/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1202/2024
25.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver