Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1203/2023 03.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, **********16230 saylı abonent kodu üzrə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və 1062.72 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdeh İB-nin əməkdaşları tərəfindən istifadədə olan **********16230 saylı abonent kodu üzrə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması aşkar edilmişdir. Bundan sonra akt əsasında ümumi 8856 m3 qaz sərfiyyatı hesablanmış, 1062.72 manat cərimə tətbiq olunmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçı Cavabdeh İB-yə ərizə ilə müraciət edərək əsassız hesablanmış cərimənin araşdırılmasını xahiş etmiş, ərizəyə cavab olaraq istifadədə olan abonent kodu üzrə aktın tərtib edildiyi və 1743.06 manat borcun olduğu bildirilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən istifadədə olan abonent kodu üzrə akt əsasında iddiaçının sayğaca müdaxilə etməsi 90 gün əvvəlki tarix ilə hesablanmışdır. Həmin akt tərtib olunarkən iddiaçı xx.xx.2022-ci il tarixdə sayğaca müdaxilə etməsini bildirsə də cavabdeh aktda əvvəlki 90 gün üçün 8856 m3 qaz sərfiyyatı hesablamış və 1062.72 manat cərimə tətbiq etmişdir. Aktda cavabdehin nümayəndələri 90 günlük müddətin necə və hansı qaydada hesablanmasını qeyd etməmişlər. Cavabdeh tərəfindən iddiaçıya rəsmi olaraq sayğaca müdaxilə etməsi, bunun nəticəsinə borc və cərimə hesablanması, həmin borc və cərimənin ödənilməsinin tələb edilməsi barədə bildiriş daxil olmadığı üçün iddiaçı 2022-ci ilin fevral ayında cavabdehə ərizə ilə müraciət etməli olmuş, ərizəyə cavabda iddiaçının xx.xx.2022-ci il tarixinə olan borcu 1743.06 manat qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş aktdan göründüyü kimi, iddiaçının istifadəsində olan fərdi yaşayış evinə baxmadan evin isidilməsi üçün avadanlıqların siyahısı tərtib edilmiş, həmin siyahıya əsasən, PQ4 üçün 1.2 m3/saat, QSSQ üçün 1.5 m3/saat, dəmir soba üçün isə 1.4 m3/saat və hər üç avadanlıq üçün 90 gün müddət müəyyən edilmişdir. Həmin müddətin necə hesablanması isə aktda öz əksini tapmamışdır. Cavabdeh sayğacın qorunmasını təlimata uyğun həyata keçirməmişdir. Əgər cavabdeh təşkilatın bildirdiyi kimi, sayğaca müdaxilə olunubsa belə, bu, birmənalı olaraq abonentin müdaxiləsi kimi qiymətləndirilə bilməz. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş tələbnamədə qazdan istifadə qaydalarının müddəti olaraq 90 gün müddət hesablanmışdır. Halbuki, həmin cərimənin məbləği 90 gün müddəti üçün nəzərdə tutula bilməz. Hesab edir ki, məsələn, bir ay müddəti üçün 100 manat hesablana bilər, lakin bu məbləğ 1100 manat ola bilməz. Onun evində qaz peçi, kombi, qənaətli su qızdırıcısı məişət əşyaları vardır, ceyran peçi isə yoxdur. Onun tərəfindən qaz xəttinə kənar qaydada qoşulması halı olsa da, bu müddət uzun müddəti əhatə etməmişdir. Ödənişlərini etmiş, lakin işlə əlaqədar olaraq başqa yerdə çalışdığı üçün zaman-zaman ödəniş etməməsi halları olmuşdur. O, Laçında binaların tikintisi ilə əlaqədar usta işləyir. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş ödəniş qəbzlərinə əsasən, iddiaçının ödənişlər etməsi halları olmuşdur. Lakin həmin ödənişlərin abonent saldosunda öz əksini tapmamasının başlıca səbəbi sayğacın “İtron” tipli sayğac olması ilə əlaqədardır. Həmin ödənişlər isə “İtron” tipli sayğacda öz əksini tapır. İddiaçı qaz xəttinə qanunsuz qoşulduğunu özü də etiraf etmişdir. Fotoşəkillər əsasında da müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən qaz xəttinə qanunsuz olaraq qoşulması hadisəsi olmuşdur. Ona görə də tələb olunan borc iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonent tərəfindən qaz xəttinə kənar xətt vasitəsilə müdaxilə olunduğundan dəymiş ziyanın hesablanması qərara alınmışdır. -»Azəriqaz» İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 8856 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2022-ci tarixli ******* saylı akt olmuşdur. -»Azəriqaz» İB-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, ərizədə qeyd olunan ünvanda istehlakçı kodu **********16230 olan İddiaçı adına olan mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması aşkar olunaraq bu barədə xx.xx.2022-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək dəymiş ziyan hesablanmışdır. İstehlakçı hesabında dəyəri ödənilməyən qaz sərfinə görə borc yaranmışdır. İstifadə edilmiş qazın dəyəri ödənilməli, istehlakçı hesabında xx.xx.2022-ci tarixinə 1743.06 manat borc mövcuddur. -Abonent kodu **********16230 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 1 ünvanına xx.xx.2018-ci il tarixdə Smart G4 İtron 1802AQZ**********8 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), Kombi (1/1). Aktlara əsasən hesablanmış, abonentin 2022-ci ilə aid olan borcu 1062.72 manat göstərilmişdir. -Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 3 (üç) ədəd fotoşəkillərdən görünür ki, iddiaçı tərəfindən qaz xəttinə kənar xətt vasitəsilə qoşulmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Ağdam rayonu, Əlimərdanlı sahəsində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın smart tipli olduğunu, ona nəzarət edilməsi qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb birbaşa qaz idarəsidir, qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək. Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatı əsasında iddiaçıya məxsus sayğacın onun mənzilindən kənarda quraşdırılması öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının etirafı əsasında abonentin “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq, qaz sayğacından qeyri-qanuni istifadə etməsi, yəni, qaz xəttinə kənar qoşulması müəyyən olunmuşdur. Mülki iş materiallarına əlavə olunmuş tələbnamədən göründüyü kimi, qaz sayğacından qeyri-qanuni istifadə edilməsi Cavabdeh İB-nin nümayəndələrinin texniki baxışı nəticəsində təsdiq olunmuş və bu barədə akt tərtib edilərək iddiaçıya 90 gün (3 ay), 24 saat müddəti üçün 8856 m3 cərimə hesablanmışdır. İddiaçı hazırda, Cavabdeh İB-nin nümayəndələri tərəfindən hesablanmış, qanunsuz və əsassız olduğunu iddia etdiyi 1062.72 manat cərimə borcunun silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə xx.xx.2022-ci tarixli ******* saylı akt ilə bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan 1062.72 manat borc məbləği yuxarıda qeyd olunan akt əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2022-ci tarixli ******* saylı aktı sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, xx.xx.2022-ci tarixli ******* saylı akt hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İddia tələbindən göründüyü kimi, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı barəsində xx.xx.2022-ci tarixli ******* saylı akt tərtib edilərək həmin akt əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə həmin akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, xx.xx.2022-ci tarixli ******* saylı aktın tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək istehlakçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, aktda istehlakçı tərəfindən “İmtina etdi” barədə qeyd aparılmış, lakin həqiqətən də həmin aktın istehlakçının iştirakı təmin olunmaqla sonuncunun aktı qəbul etməkdən imtina etməsinin nəticəsi kimi tərtib olunması sübuta yetirilməmiş, nə də Cavabdeh İB-nin nümayəndəsi tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmamışdır. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci tarixli ******* saylı akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Ona görə də iddiaçının iddia tələbi “aktın etibarsız hesab edilməsi” hissəsində əsaslı olmadığından təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə xx.xx.2022-ci tarixli ******* saylı akt ilə bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan borc məbləği yuxarıda qeyd olunan akt əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablanmış və iddiaçının qaz sayğacından qeyri-qanuni istifadə etməsi mülki iş materiallarına əlavə olunmuş fotoşəkillər, cavabdehin nümayəndəsinin izahatı, həmçinin, iddiaçının qismən etirafı əsasında təsdiq olunmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən, 90 gün müddəti üçün istifadə olunmuş cəmi 8856 m3 qazdan istifadə edilməsi müəyyən olunmuş və itirilmiş qazın bərpa edilməsi qərara alınmaqla iddiaçıya 1062.72 manat borc hesablanmışdır. Cavabdehin nümayəndəsi isə sözügedən borc məbləğinin 90 gün müddəti, nəticə etibarı ilə, iddiaçının 3 ay ərzində qaz sayğacından qeyri-qanuni istifadə etməsi nəticəsində hesablandığını qeyd etsə də, bu halı sübut edə bilməmişdir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə daxili inamını və məhkəmə gedişatının nəticəsinə əsaslanaraq, iddiaçının qaz sayğacından qeyri-qanuni olmaqla, 1 ay müddətində istifadə etməsi mümkünlüyü qənaətinə gələrək, 354.24 (8856 m3/3 ay=2952 m3, 1 ay üçün 2952 m3 hesablanmaqla, 2952 m3 x 0.12 manat=354.24) manat cərimə borcunun saxlanılmaqla, qalıq qalan 708.48 (1062.72-354.24=708.48) manat cərimə borcunun abonent kodu **********16230 olan İddiaçı məxsus abunə hesabından silinməsi qənaətinə gəlir. Ona görə də iddia ərizəsi əsaslı olduğundan qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 708.48 (yeddi yüz səkkiz manat qırx səkkiz qəpik) manat borc abonent kodu **********16230 olan İddiaçı məxsus abunə hesabından silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov