Məhkəmə qərarları › İş №2(012)-1204/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1204/2023

14.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1204/2023 14.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə 14 mart 2023-cü il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında, **********01131 saylı abonent koduna xx.xx.2017-ci il tarixinə (ETAİS-dən gələn borc) hesablanmış 3.588,17 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə onunla "xxxx" ASC arasında bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən ümumi sahəsi 523 kv. metr torpaq sahəsini almışdır. Bununla əlaqədar olaraq torpaq sahəsi üzərində onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Ondan öncəki mülkiyyətçinin abonent kodunun iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yerli qurumuna müraciət etməyinə baxmayaraq əvvəlki abonentin borcu olduğuna görə həmin abonentin borcu onun adına rəsmiləşdirilməmişdir. Bununla əlaqədar olaraq Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən ümumi sahəsi 523 kv. metr torpaq sahəsində yerləşən **********01131 saylı abonent kodunun onun adına keçirilməsi öhdəliyini cavabdeh "xxxx" ASC-nin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1394/2022 saylı qərarı ilə onun iddia tələbi təmin edilmiş və həmin qərar qanuni qüvvəsini almışdır. Bundan sonra, **********01131 saylı abonent kodu onun adına rəsmiləşdirilmişdir. Hazırda ünvan 1 ünvanındakı **********01131 saylı abonent koduna xx.xx.2017-ci il tarixinə kimi (ETAİS-dən gələn borc) 3.588,17 manat borc hesablanmışdır. İddiaçı ünvan 1 ünvanındakı **********01131 saylı abonent koduna xx.xx.2017-ci il tarixinə (ETAİS-dən gələn borc) hesablanmış 3.588,17 manat borcun silinməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etdiyinə görə hazırki iddia tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı alqı-satqı ilə borc yazılan ünvanı əldə etməmişdən qabaq həmin ünvan üzrə sayğacda 2767.90 manat məbləğində borc (ETAİS) mövcud olmuşdur. Lakin iddiaçının da həmin borc məbləği ilə yanaşı işıqdan istifadə ilə əlaqədar borcu vardır. İddiaçının dəlilləri tam əsassızdır. Çünki iddiaçı həmin ünvanı alarkən əvvəlki borc məbləği də ona keçmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış AN-İ № ******* seriya nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, satıcı ("xxxx" ASC) Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən, ümumi sahəsi 0.0523 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus (tam) hissəsini alıcının (İddiaçı) mülkiyyətinə vermişdir. Mülki işin materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, Abşeron rayonu, Masazır kəndi, Mehdi Hüseyn küçəsi ünvanında yerləşən 0,0523 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli R № 212413 saylı aktdan müəyyən edilir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən istehlakçı Nizami Quliyevə məxsus ünvanda (abonenti kodu **********01131) EEİQ-yə uyğun olaraq növbəti sayğaca baxış zamanı sayğacın yerində olmadığı və mənzilə gedən elektrik naqilərinin söküldüyü məlum olmuş, abonent tərəfindən borcun ödənilməsi və daha sonra enerji təchizatının bərpa olunması tələb olunmuşdur. Həmin aktı "xxxx" ASCnin nümayəndələri imzalamış, abonent Nizami Quliyev aktı imzalamaqdan və izahat verməkdən imtina etmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-2640/2021 saylı qətnaməsindən və icra vərəqəsindən müəyyən edilir ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus olan Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 523 kv.m torpaq sahəsində **********01131 saylı abunə kodu üzrə yaranmış borc məbləğinin iddiaçıdan tələb edilməməsi qət edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru Rövşən Əhmədov tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan müəyyən edilir ki, icra sənədi üzrə icraata başlanılması, borclu "xxxx" ASC-nin 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli qərarla icraatına başlanılmış Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2640/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, bu müddət ərzində tələbin üzrsüz səbəbdən icra edilməyəcəyi halda icranın məcburi qaydada təmin ediləcəyi, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin tutulacağı barədə xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin Hüquq İdarəsi tərəfindən “Asan Xidmət”lə İş və Elektron İdarəetmə Departamentinin direktoruna ünvanlanmış İddiaçı ərizəsi üzrə aparılmış araşdırmanın nəticəsi barədə rəydən müəyyən edilir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2640/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi müvafiq strukturlar tərəfindən icra edilmədiyindən abunə hesabında olan borc, tələb edilməyən borc qrafasına daxil edilməmişdir. Qətnamədən göründüyü kimi qeyd olunan borc məbləği İddiaçı aid olmadığından və həmin torpaq sahəsinin elektrik şəbəkəsinə qoşulması üçün abunə kodu mövcud olduğundan onun abonent kimi qeydiyyata alınması və obyektə sayğac quraşdırılması barədə tələbi əsaslıdır. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 08 dekabr 2021-ci il tarixli № 01 99/ R-270 /9620 saylı məktubdan müəyyən edilir ki, sözügedən **********01131 nömrəli abonent koduna hesablanmış borcun silinməsi (tam olaraq) bununla bağlı müvafiq məhkəmə orqanının qəbul etdiyi qətnamə İddiaçı tərəfindən təqdim edildikdən sonra mümkün olacaqdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Əhali istehlakçı qrupuna aid olan abonentlərin uçot komplektinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair icra vərəqəsindən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2021ci il tarixli R № 212413 saylı akt əsas götürülərək abonent Nizami Quliyevə məxsus ünvanda (abonenti kodu **********01131) sayğacın yerində olmaması qüsuruna görə abonent tərəfindən borcun ödənilməsi və daha sonra enerji təchizatının bərpa olunması tələbi qeyd olunmuşdur. Mülki işin materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-1394/2022 saylı qərarından müəyyən edilir ki, iddia tələbi təmin edilmiş, Abşeron rayonu, Masazır kəndi ərazisində ümumi sahəsi 523 m2 olan torpaq sahəsində yerləşən **********01131 nömrəli abonent kodunun İddiaçı adına keçirilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması qərara alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışdan müəyyən edilir ki, xx.xx.1985-ci il tarixdə Rusiya Federasiyası, Saratov şəhərində anadan olmuş İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, abonent kodu **********01131 olan İddiaçı hazırki günədək "xxxx" ASC qarşısında ödəməli olduğu 3625.23 manat məbləğində borcu yaranmışdır. Həmin abonent kodu üzrə cari günə ödənilməli olan 3625.23 manat borcun 2767.90 manatı ETAİS (2015-ci il tarixinə qədər yaranmış borc məbləği), 188.98 manatı elektrik enerjisindən istifadə qaydalarının pozulduğuna tərtib edilmiş akta əsasən, 653.7 manatı isə elektrik enerjisindən istifadəyə görə yaranmış borc məbləğidir. Mülki iş materiallarında olan abunə haqqında məlumat cədvəlindən görünür ki, abonent kodu **********01131 olan İddiaçı məxsus sayğac üzrə 1101,28 manat, akt üzrə 3243,64 manat borc yaranmış, borc üzrə 756,75 manat ödəniş edilmişdir və ümumilikdə qalan borcu 3588,17 manat təşkil edir. xx.xx.2022-ci il tarixinə 422,63 manat borc təşkil edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. “Qaydaların” 5.3.2-ci bəndinə əsasən cərəyan kabellə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. “Qaydalar”ın 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. “Qaydalar”ın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi məsuliyyət daşıyır. “Qaydalar”ın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. “Qaydalar”ın 8.32-ci “a” bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. “Qaydalar”ın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı işin materiallarından müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış AN-İ ******* saylı alqısatqı müqaviləsinə əsasən Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən ümumi sahəsi 523 kv. metr torpaq sahəsini almışdır. Abonent kodunun iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yerli qurumuna müraciət etməyinə baxmayaraq əvvəlki abonentin borcu olduğuna görə həmin abonentin borcu onun adına rəsmiləşdirilməmişdir. Bununla əlaqədar olaraq Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1394/2022 saylı qərarı ilə onun iddia tələbi təmin edilmiş və həmin qərar qanuni qüvvəsini almışdır. Bundan sonra **********01131 saylı abonent kodu onun adına rəsmiləşdirilmişdir. Bundan sonra onun adına olan sayğacdan əvvəlki abonentdən qalan borcun silinməsi ilə bağlı cavabdehə müraciət etsə də, imtina edilmişdir. İddiaçı cavabdehə qarşı borc məbləğinin ondan tələb edilməməsi, yeni abunə kodu açılmaqla sayğacın quraşdırılması tələbi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-2640/2021 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus olan Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 523 kv.m torpaq sahəsində **********01131 saylı abunə kodu üzrə 20 oktyabr 2020-ci il tarixədək yəni, iddiaçının sahiblik hüququ yaranan tarixədək yaranmış borc məbləği abonent saldosuna əsasən ETAİS-dən gələn borc 2767,90 manat limitdən artıq sərfiyyat 2017-ci ilin mart ayı üçün 60,08man, 2017-ci ilin sentyabr ayı üçün 33,48 manat olmaqla cəmi məbləğ 2861,46 manat təşkil edir ki, həmin məbləğ yaranmış olan 3588,17 manat ümümi borcdan silinməli, bu əsasda iddia qismən təmin edilməlidir. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 55,88 manat məbləğində dövlət rüsumuna görə pul cavabdeh "xxxx" ASC-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında, **********01131 saylı abonent koduna xx.xx.2017-ci il tarixinə (ETAİS-dən gələn borc) hesablanmış 3588,17 manat borcun 2861,46 manat məbləğində hissəsi silinsin. Cavabdeh "xxxx" ASC–dən dövlət rüsumuna görə 55,88 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar