Məhkəmə qərarları › İş №2(012)-1210/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1210/2024

18.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1210/2024 18.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh “Bank of Baku“ Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh1nə qarşı müqavilələrin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh1nə qarşı müqavilələrin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilərək Cavabdeh2 ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli MK/76275/78/23 saylı kredit sazişinin etibarsız hesab edilməsi, cavabdeh Abşeron rayon 2 saylı Notariat ofisinin 8İ-4763 nömrəli, xx.xx.2023-cü il tarixli İcra qeydinin ləğv olunması və 100 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnaməsi qəbul eilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, əri X9 xx.xx.2020-ci ildə vəfat etmişdir. Əri vəfat etdikdən sonra ona məlum olmuşdur ki, əri bankdan kredit götürmüşdür. Belə ki, Cavabdeh2 ASC-nin Xırdalan filialından ona dəfələrlə zəng edərək banka yaxınlaşmağını, mərhum əri ilə bank arasında bağlanılmış kredit müqaviləsinin onun adına rəsmiləşdirilməsini tələb etmişlər. Tələbi onunla əsaslandırırdılar ki, ərimin vərəsəsiyəm və onun borcları avtomatik olaraq onun adına keçib, sadəcə bunu rəsmiləşdirmək lazımıdr. O da onlara inanıb Cavabdeh2 ASC-nin Xırdalan filialına gedib xx.xx.2021 -ci ildə MK/76275/78/23 saylı kredit sazişini imzaladı və mərhum əri ilə bağlanmış RM/97377/77/23 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsini yenidən rəsmiləşdirdi. Bu yaxınlarda ona Cavabdeh1ndən bildiriş gəldi ki, cavabdeh Abşeron rayon 2 saylı Notariat ofisinin 8İ-4763 nömrəli, xx.xx.2023-cü il tarixli İcra sənədi ilə MK/76275/78/23 nömrəli müqaviləyə əsasən ondan Cavabdeh2 ASC-nin xeyrinə müddət üçün vaxtında ödənilməmiş 3558 manat 55 qəpik, 99 manat 80 qəpik cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 3683 manat 45 qəpik pul tutulması barədə icraata başlanılmışdır. Bu məsələ ilə əlaqədar Cavabdeh2 ASC-yə 28 sentyabr 2023-cü il tarixdə məktub təqdim etsə də, indiyədək hər hansı bir cavab almamışdır. Hesab edir ki, Cavabdeh2 ASC ilə bağladığı xx.xx.2021 -ci il tarixli MK/76275/78/23 saylı Kredit sazişi etibarsız hesab edilməli, Abşeron rayon 2 saylı Notariat ofisinin 8İ-4763 nömrəli, xx.xx.2023-cü il tarixli İcra qeydi ləğv olunmalıdır. Belə ki, həmin icra sənədini aldıqdan sonra, hüquqşünaslarla məsləhət etdi və ona indi məlum oldu ki, Cavabdeh2 ASC onu aldadaraq onunla həmin sazişi imzalamağa məcbur edib. Halbuki, onunla əri arasında birgə nikah dövründə hər hansı bir əmlak əldə edilməmiş, əri ona hər hansı bir əmlakı vəsiyyət etməmiş, eləcə də qanun üzrə vərəsə kimi də o ərimin hər hansı bir əmlakını qəbul etməmişdir. Bundan əlavə, sözügedən kreditin əri tərəfindən götürülməsindən xəbəri olmamış, eləcə də həmin kredit pulu ailəsinin ehtiyaclarına sərf olunmamışdır. Eyni zamanda, ona məlum olmamışdır ki, ərinin ölümündən sonra onun sağlığında bağladığı kredit müqaviləsi üzrə öhdəliklərin məcburi qaydada ona keçməsi mümkün deyildir və bank bu baxımdan onu aldadaraq sazişə imza etdirmişlər. Ona görə də, ərinin öhdəliklərinin ona da aid olduğuna yalandan deyərək onu aldadaraq onunla müqavilə bağlamağa məcbur edən Cavabdeh2 ASC ilə bağladığım xx.xx.2021-ci il tarixli MK/76275/78/23 saylı Kredit sazişi etibarsız hesab edilməlidir. O Cavabdeh2 ASC ilə bağladığı xx.xx.2021 -ci il tarixli MK/76275/78/23 saylı kredit sazişini notariat qaydasında təsdiq etdirməmişdir. Cavabdeh Abşeron rayon 2 saylı Notariat ofisinin 8İ-4763 nömrəli, xx.xx.2023-cü il tarixli İcra qeydində əsas borcun, eləcə də hesablanmış cərimə peniyanın haradan yarandığını, eləcə də tələbin mübahisəsizliyi əsaslandırılmamış, yalnız tələbkarın subyektiv müraciəti əsas götürülmüşdür. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, aldadıldığını, ona ardarda bankldan ona borcla bağlı zənglər gəlmişdir. O da banka yoldaşının vəfat etdiyini bildirmişdir. Bank isə ona həmin borcu onun ödəməli olduğunu söyləmişdir. Zamin isə onun baldızının yoldaşı idi. Baldızı ona söyləyib ki, borcu sən ödəməlisən. O da baldızı ilə bir yerdə gedib müqavilə imzalamışdır. Yoldaşı vəfat etdiyi üçün iki uşağa 160 manat pul aldığı kartı banka vemişdir. 6 aydan sonra oğlu vəfat etmişdir. Sonradan artıq bilib ki, əslində o müqaviləni imzalamalı deyilmiş. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında cavabdeh “Bank of Baku“ Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianın təmin edilməməsini xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçının dərdini anlayırlar, amma qaydalar var, müəyyən güzəştlər oluna bilər. Ona görə də iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehlər Ədliyyə Nazirliyi Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh1nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli, AZ-İİ № 146959 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ağciyər-ürək çatmamazlığının digər formalarına görə xx.xx.2020-ci ildə Bakı şəhərində ölmüşdür. -X4 tərəfindən Cavabdeh2 ASC-yə yazılmış ərizədən görünür ki, həyat yoldaşı X6 xx.xx.2019-cu il tarixində bankdan kredit götürdüyü, xx.xx.2020-ci ildə həyat yoldaşının vəfat etdiyi, kreditin 60 ay müddətinə onun adına keçiilməsinə köməklik edilməsini xahiş etdiyi müəyyən olunmuşdur. - X4 tərəfindən Cavabdeh2 ASC-yə yazılmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, həyat ytoldaşı X9 14 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnaməni banka təqdim etmişdir. Bu krediti ödəməkdən imtina etmir. Həyat yoldaşının krediti üzrə borcunu hissə-hissə ödəməyə razıdır. Kredit borcunun hissə-hissə ödənilməsində və X7 zaminliyi ilə onun adına rəsmiləşdirilməsinə köməklik edilməsini xahiş etmişdir. -Cavabdeh2 ASC-nin 25 yanvar 2021-ci il tarixli MK/76275/78/23 saylı Kredit müqaviləsinə Əlavə №1 Ödəniş Cədvəlinin surətindən görünür ki, İddiaçı 5488.17 manat məbləğində 60 ay müddətinə 0% illik kredit verilmişdir. - Cavabdeh2 ASC-nin 25 yanvar 2021-ci il tarixli MK/76275/78/23 saylı Kredit Sazişinin surətindən görünür ki, RM/97377/77/23 saylı 01 dekabr 2020-ci il tarixli kredit müqaviləsinin yenidən rəsmiləşdirilərək İddiaçı tərəfindən 5488.17 manat məbləğində pulu 60 ay müddətinə ödəməklə 0 % illik kredit götürmüşdür. -Cavabdeh2 ASC-nin 25 yanvar 2021-ci il tarixli MK/76275/78/23 saylı Kredit Müqaviləsinə Əlavə №1 ödəniş cədvəlinin surətindən görünür ki, 25 fevral 2021-ci ildən 26 yanvar 2026-ci ilə qədər İddiaçı hər ay 91 manat məbləği ödəməlidir. -xx.xx.2023-cü il tarixli İcra qeydinin surətindən görünür ki, O, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X11 “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən təklif edir ki, həmin sənədlər üzrə AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, X12, ev 42 ünvanında yerləşən Cavabdeh2 ASC/VÖEN:********** xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı Əloəşrəf qızından (AA*******, xx.xx.2019- Abşeron RPŞ QvŞV bölməsi; FİN:xxxxxxx; d/t:xx.xx.1977) MK/76275/78/23 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3558 manat 65 qəpik (üç min beş yüz əlli səkkiz manat altmış beş qəpik) tutulsun. Bundan əlavə təklif edir ki, borcludan İddiaçı 99 manat 80 qəpik (doxsan doqquz manat səksən qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 3683 manat 45 qəpik (üç min altı yüz səksən üç manat qırx beş qəpik) pul tutulsun. Həmin icra qeydi xx.xx.2023 il tarixdə aparılmışdır. -Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixində İddiaçı göndərilmiş bildirişin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Abşeron rayonu 2 saylı Notariat Kontorunun 8İ-4763 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi xahiş olunub. -xx.xx.2023-cü il tarixli “ İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Cavabdeh1 icra məmuru X1 rayonu 2 saylı Notariat Kontorunun 8İ-4763 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini nəzərdən keçirərək, icra sənədi üzrə icraata başlanılması, borclu İddiaçı 10 gün müddətində icranı könüllü olaraq təmin etməsinin təklif olunması, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin və icra ödənişinin borcludan tutulması, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulmasını qərara almışdır. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-4908/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Abşeron rayon 2 saylı Notariat ofisinə qarşı müqavilələrin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır. -İddiaçı Əli qızı tərəfindən Cavabdeh2 ASC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onun əri X9 xx.xx.2020-ci ildə vəfat etmişdir. Əri vəfat etdikdən sonra ona məlum olmuşdur ki, əri bankdan kredit götürmüşdür. Belə ki, Cavabdeh2 ASC-nin Xırdalan filialından ona dəfələrlə zəng edərək banka yaxınlaşmağını, mərhum əri ilə bank arasında bağlanılmış kredit müqaviləsinin onun adına rəsmiləşdirilməsini tələb etmişlər. Tələbi onunla əsaslandırırdılar ki, mənim ərimin vərəsəsiyəm və onun borcları avtomatik olaraq mənim adıma keçib, sadəcə bunu rəsmiləşdirmək lazımıdr. O da onlara inanıb "xxxx" ASC-nin Xırdalan filialına gedib xx.xx.2021-ci ildə MK/76275/78/23 saylı Kredit sazişi imzaladı və mərhum əri ilə bağlanmış RM/97377/77/23 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsini yenidən rəsmiləşdirdi. Bu yaxınlarda ona Cavabdeh1ndən bildiriş gəldi ki, cavabdeh Abşeron rayon 2 saylı Notariat ofisinin 8İ-4763 nömrəli, xx.xx.2023-cü il tarixli İcra sənədi ilə MK/76275/78/23 nömrəli müqaviləyə əsasən ondan cavabdeh "xxxx" ASCnin xeyrinə müddət üçün vaxtında ödənilməmiş 3558 manat 55 qəpik, 99 manat 80 qəpik cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 3683 manat 45 qəpik pul tutulması barədə icraata başlanılmışdır. Hesab edir ki, Cavabdeh2 ASC ilə bağladığım xx.xx.2021-ci il tarixli MK/76275/78/23 saylı Kredit sazişi etibarsız hesab edilməli, Abşeron rayon 2 saylı Notariat ofisinin 8İ-4763 nömrəli, xx.xx.2023-cü il tarixli İcra qeydi ləğv olunmalıdır. Belə ki, həmin icra sənədini aldıqdan sonra, hüquqşünaslarla məsləhət etdi və ona indi məlum oldu ki, Cavabdeh2 ASC onu aldadaraq onunla həmin sazişi imzalamağa məcbur edib. Halbuki, onunla əri arasında birgə nikah dövründə hər hansı bir əmlak əldə edilməmiş, əri ona hər hansı bir əmlakı vəsiyyət etməmiş, eləcə də qanun üzrə vərəsə kimi də o ərinin hər hansı bir əmlakını qəbul etməmişdir. Bundan əlavə, sözügedən kreditin əri tərəfindən götürülməsindən xəbəri olmamış, eləcə də həmin kredit pulu ailələrinin ehtiyaclarına sərf olunmamışdır. Eyni zamanda, ona məlum olmamışdır ki, ərinin ölümündən sonra onun sağlığında bağladığı kredit müqaviləsi üzrə öhdəliklərin məcburi qaydada ona keçməsi mümkün deyildir və bank bu baxımdan onu aldadaraq sazişə imza etdirmişdir. Ona görə də,ərinin öhdəliklərinin ona da aid olduğuna yalandan deyərək onu aldadaraq onunla müqavilə bağlamağa məcbur edildiyi xx.xx.2021-ci il tarixli MK/76275/78/23 saylı kredit sazişini 10 gün müddətində ləğv edilməsini xahiş etmişdir. -Cavabdeh2 ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 ASC-yə 3558.65 manat əsas, 99.80 manat faiz və 25 manat ödənilmiş dövlət rüsumu borcu var. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 ASC ilə iddiaçının həyat yoldaşı arasında kredit müqaviləsi bağlanmışdır. Sonradan iddiaçının həyat yoldaşı vəfat etmiş, bundan sonra iddiaçı ilə Cavabdeh2 ASC arasında 25 yanvar 2021-ci il tarixində MK/76275/78/23 saylı Kredit Sazişi bağlanmışdır, yəni RM/97377/77/23 saylı 01 dekabr 2020-ci il tarixli kredit müqaviləsi yenidən rəsmiləşdirilmişdir. Həmin Kredit Sazişinə əsasən İddiaçı 5488.17 manat məbləğində pulu 60 ay müddətinə 0% illik ödəmək şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli MK/76275/78/23 saylı kredit sazişinin etibarsız hesab edilməsi, cavabdeh Abşeron rayon 2 saylı Notariat ofisinin 8İ- 4763 nömrəli, xx.xx.2023-cü il tarixli İcra qeydinin ləğv olunması və 100 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnaməsi qəbul eilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, tərəflər 25 yanvar 2021-ci il tarixdə iradə ifadələrini nümayiş etdirərək kredit müqaviləsi bağlamışlar, bu zaman iddiaçı ərizə ilə banka mürəciət edərək vəfat etmiş ərinin bankala bağladığı müqavilənin onun adına rəsmləşdirilməsini xahiş etmiş, RM/97377/77/23 saylı 01 dekabr 2020-ci il tarixli kredit müqaviləsi yenidən rəsmiləşdirilmişdir. İddiaçı müqaviləni imzalamışdır. Müqaviləyə əsasən İddiaçı (borc alan) 5488.17 manat məbləğində krediti xx.xx.2026-cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki qanunvericiliyə görə, əqdin varlığı baxımından onun ən əsas qurucu şərti, iradə ifadəsidir, iradə ifadəsi isə həqiqi olmalıdır. Etibarlı əqddən bəhs oluna bilməsi üçün iradənin ifadə olunması; ifadə olunan iradənin müəyyən bir hüquqi nəticəyə yönəldilmiş (ünvanlanmış) olması və hüquq sisteminin də bu iradə ifadəsinə uyğun hüquqi nəticəni əmələ gətirmiş olması lazımdır. Əqddə iradə ifadəsi müəyyən hərəkətlərin yerinə yetirilməsində özünü göstərir. İddiaçı müqavilənin bağlamasını onun aldadılması ilə izah etmişdir ki, Məhkəmə bu hala qiymət verərək qeyd edir ki, tərəflər arasında müqavilə 3 il bundan qabaq bağlanmış, iddiaçı ödənişləri uzun müddət davam etdirmişdir. Həmin müqavilənin iddiaçın iradə ifadəsi olması onun Banka etdiyi müraciət ərizəsindən də təsdiq olunur. Mübahisələndirilən 25 yanvar 2021-ci il tarixli müqaviləyə münasibətdə hər üç hala qiymət verərək, məhkəmə qeyd edir ki, ilk növbədə tərəflər arasında həqiqi iradə ifadəsi olmuşdur, müqavilə tərəflərin razılığı əsasında bağlanmışdır, bu zaman onlara hüquq və vəzifələri izah edilmiş, nəticələri barədə xəbərdarlıq edilmiş, borc alan krediti 26 yanvar 2026-cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, borc alan müqaviləni şəxsən imzalamışdır Bu yolla da iradə ifadə olunmuşdur.Digər halla bağlı da qeyd edilməlidir ki, ifadə olunan iradə hüquqi nəticəyə yönəlmişdir, borc alan tərəfin borcun qaytarılması ilə bağlı müvafiq məsuliyyəti yaranmışdır, hansı ki, məsuliyyətin əsasları da mülki qanunvericiliklə tənzimlənir. Hazırkı halda iddiaçı, tərəflər arasında bağlanmış müqavilənin və ondan irəli gələn hüquqi nəticələrin əsassız, müqavilənin isə məhz etibarsız olmasına dair sübutlarını təqdim etməmiş, tələbini belə sübutlara uyğun əsaslandırmamışdır. İddia ərizəsində iddiaçının irəli sürdüyü dəlillər heç də müqavilənin etibarsız sayılması üçün əsas kimi qəbul edilə bilməz, mübahisənin predmetinə aid olmayan dəlillərdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğuna dair Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələblərinə iddiaçı tərəfindən əməl olunmamışdır. İddiaçının təqdim etdiyi sübutlar əsasında, məhkəmə tədqiqinin nəticəsi olaraq kredit müqaviləsinin etibarsız hesab edilməsinə əsas olacaq hər hansı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məlum olduğu kimi, tərəflər arasında müqavilə 25 yanvar 2021-ci il tarixdə bağlanmış, müqavilənin etibarsız hesab edilməsi barədə iddianı isə xx.xx.2023-cü il tarixdə, 02 il 10 ay 25 gün sonra məhkəməyə verərək mübahisələndirmişdir. Bununla da qanunla nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hazırkı tələbin xarakterindən irəli gələrək məhkəmə hesab edir ki, burada sübutetmə yükü iddia edənin, İddiaçı üzərinə düşdüyü halda, o, 25 yanvar 2021-ci il tarixli müqavilənin etibarsız sayılmalı olduğunu təsdiq və iddiasının əsasını təşkil edən sübutlarını məhkəməyə təqdim etməmişdir, belə sübutlar məhkəmə tədqiqi zamanı da müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu, habelə iddiaçı iddia müddətini ötürdüyü və İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh1nə qarşı müqavilələrin etibarsız hesab edilməsi və icra qeydinin ləğv tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İnsan hüquqlarının və X8 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh1nə qarşı müqavilələrin etibarsız hesab edilməsi və licra qeydinin əğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar