Məhkəmə qərarları › İş №2(012)-1222/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1222/2023

10.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1222/2023 10.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi barədə ilkin, Cavabdeh İB-nin İddiaçı qarşı borcun tutulması barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz hesablanmış 2108,16 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evində olan sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış keçirilən zaman evdə heç kəs olmamış, nəticədə yanlış olaraq sayğacdan kənar xətt aşkarlanması barədə 31 mart 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş, dəymiş ziyanın məbləği 2108,16 manat hesablanmışdır. Ərazidəki əsas qaz xətti də onun həyətindən keçir. Həyətdən əsas xətt çölə çıxır, oradan sayğaca qoşulur və yenidən ona məxsus evə verilən xətt həyətə daxil olur. Lakin Cavabdeh İB-nin əməkdaşları evdə heç kəs olmadığına görə həyətə baxış keçirə bilməmişlər. Həyətə baxış keçiriləcəyi halda, hər şey onlara aydın olardı və belə bir akt tərtib edilməzdi. Onun tərəfindən kənar xətt vasitəsilə təbii qazdan istifadə olunmamışdır. Rayonda olduğu üçün bir müddət təbii qazdan istifadə etməyib. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında Cavabdeh İB qarşılıqlı iddia təqdim edərək, İddiaçı tərəfindən "Azəriqaz” İB-yə vurulmuş 2108,16 manat zərərin və 41,09 manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı tutularaq "Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə abonentin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən abonent tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Abonentin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 2108,16 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Abonent tərəfindən Cavabdeh İB-yə ödənilməli borc məbləği abonent saldosu üzrə hazırda ümumi olaraq 2106,36 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin abonent tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi Nümayəndə1 ilkin iddia tələbini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. Bildirdi ki, onun evində sayğacdan kənar qoşulma halı baş verməmişdir. O, qarşılıqlı iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 ilkin iddia tələbini qəbul etməyərək onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, qarşılıqlı iddianı müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfləri və şahidi dinləyib, hər iki iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hər iki iddia qismən təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında şahid X1 göstərdi ki, Abşeron rayonu üzrə qrup rəhbəridir. O və digər iki əməkdaş 2022-ci ilin mart ayında abonentin ünvanında olmuşlar. Abonent əvvəllər ödəniş etsə də, 2021-2022-ci illər ərzində ödəniş etməmişdir. Əsas qaz xəttini öz həyətlərinə salmışlar, bu faktı yoxlamaq üçün həyətə girmək istəsələr də, həmin evdəki qadın ərinin evdə olmadığını bildirərək onları həyətə buraxmamışdır. Qonşunun dediyinə görə qadının əri işdən saat 6-dan sonra gəlir, bu zaman isə onların iş saatı bitir. Buna görə də məlum akt tərtib edilmiş və dəymiş zərərin miqdarı hesablanmışdır. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş ünvan 1 ünvanında yerləşən evə aid abonent kodu **********22410 olan abonentin saldosundan görünür ki, 2022-ci ilədək ümumi borc 2108,16 manat təşkil edir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, abonent İddiaçı ünvan 1 ünvanına (abonent kodu: **********22410) baxış keçirilən zaman qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma faktının olduğu müəyyən olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, qeyri-qanuni təbii qazdan istifadə nəticəsində dəyəri ödənilməmiş 17568 kub metr təbii qaz istehlak edilmişdir. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, İddiaçı tərəfindən 2022-ci ilin mart ayında qaz xəttinə qeyri-qanuni qoşulma faktı olmuş və bu fakt xx.xx.2022-ci il tarixdə "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən ******* saylı akt tərtib edilərək qeydə alınmışdır. Məhkəmə hesab edir ki, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı akt qanuni əsasla tərtib edilmişdir. Bununla belə, itirilmiş qazın həcmi hesablanarkən müəyyən qüsurlara yol verilmişdir. Belə ki, tərtib edilmiş tələbnamədə abonentin gün ərzində 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə 109,8 manat (6,1 x 6 x 30 = 1098 kub.metr) məbləğində ziyan vurması məlum olur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi həyət evində (abonent kodu: **********22410) sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq borc məbləğinin artmasına şərait yaradıldığından, 109,8 manat borc abonent İddiaçı düzgün tətbiq edilmişdir. İlkin iddianın 2108,16 manat məbləğində qaldırılması nəzərə alındığında onun qismən, yəni 1998,36 manat hissəsində (2108,16-109,8) təmin edilməsi məhkəmənin qənaətinə görə məqbuldur. Eləcə də, qarşılıqlı iddia 109,8 manat hissədə əsaslıdır və təmin edilməlidir. Sayğacdankənar təbii qazı bu məbləğdə istehlak etməməsi barədə İddiaçı dəlilləri iş materialları ilə və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, həmin dəlillər özünümüdafiə xarakteri daşıyır. Bundan əlavə, o, borcun hesablandığı dövrdə göstərilən fərdi yaşayış evində yaşamadığını bildirsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi qarşılıqlı iddia üzrə cavabdehdən qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********22410) dair Cavabdeh tərəfindən hesablanmış 1998,36 manat borc silinsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı (abonent kodu: **********22410) təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 109,8 manat və dövlət rüsumu üçün 30 manat pul tutularaq Cavabdeh hesabına ödənilsin. İlkin iddia və qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar