Məhkəmə qərarları › İş №2(012)-1227/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1227/2021

29.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1227/2021 29.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qeydə alınmamış qaza görə vurulmuş ziyan qismində ona hesablanmış 486 manatlıq borc məbləğinin əsassız hesab edilərək hesabından (**********14060 hesab kodu) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda qazdan istifadə edir. Həmin ünvanda Cavabdeh tərəfindən smart tipli qaz sayağacı quraşdırılmışdır ki, karta pul yükləməklə neçə illərdir ki, hər hansı bir problem olmadan qazdan istifadə etmişdir. 15 iyun 2019-cu il tarixdə cavabdeh tərəfindən ona bildiriş verilərək, istismar müddəti bitmiş qaz sayğacının ödənişsiz əsaslarla əvəz ediləcəyi bildirilmiş və qaz sayğacı çıxarılaraq aparılmış, əvəzinə isə yeni qaz sayağcı qutaşdırılmışdır. Həmin müddətdən sonra da qazdan istifadə etmişdir. Lakin, bu yaxınlarda smart karta pul vurduqda həmin məbləğin bir hissəsinin borca çıxıldığını aşkar etdikdə bunun səbəbini öyrənmək üçün cavabdeh orqana müraciət etmişdir. Oradan ona bildirmişlər ki, 2019-cu ildə qaz sayğacı əvəz edilən zaman sayğacda nasazlıq olmuş, buna görə də guya qeydə alınmamış qaza görə ona 486 manatlıq vurulmuş ziyan qismində borc hesablamışlar. O, bu barədə müvafiq sənədlərin ona təqdim edilməsini xahiş etmiş, həmin sənədlərin surətini ona təqdim etmişlər. Bundan sonra həmin sənədlərə əsasən ona məlum olmuşdur ki, Cavabdeh nümayəndələri sayğaca baxış keçirmiş və akt tərtib edilmişdir. Aktda sayğacın klapanının işləmədiyi qeyd olunaraq, qeydə alınmamış 4860 kubmetr qaza görə ona 486 manatlıq vurulmuş ziyan qismində borc hesablamışlar. “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə isə guya sayğac bu vəziyyətə onun təqsirindən düşmüşdür. 29.11.2019-cu il tarixli, ******* saylı aktda isə guya o akta imza etməkdən imtina etmişdir. Cavabdeh orqanın bütün bu sənədləşdirmələri saxtadır. Belə ki, sayğac istismar müddəti bitmiş adı ilə çıxarılmış və yerinə yeni sayğac quraşdırılmışdır ki, həmin vaxt cavabdeh orqan tərəfindən ona sayğacda hər hansı bir problem olması və bunula bağlı hər hansı bir aktın tərtib edilməsi bildirilməmiş və akta imza etmək təklif edilməmişdir. Həmçinin, qaz sayğacı əgər labaratoriya şəraitində yoxlanılmışdırsa bu barədə də ona məlumat verilməmişdir. Sayğac küçədə quraşdırılmış onun nəzarətində olmamışdır. Qazdan istifadə qaydalarının 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Digər tərəfdən sayğacda problem olmamışdır. Sadəcə olaraq cavabdeh orqan hansısa ona məlum olmayan səbəblərə görə saxta sənədlər tərtib edərək əlavə sərfiyyat aparmaqdadır. Cərimə məbləği 2019-cu ildə yazılmasına baxmayaraq, hansı səbəbdən 1 ildən çox müddət keçdikdən sonra ödənilən puldan borca çıxılması aydın olmamışdır. Cavabdehin bu hərəkəti də məhz onun qanunsuz hərəkətlərini örtbasdır etməsi ilə bağlı olmuşdur. Odur ki, göstərilənlər nəzərə alınıb iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda evinə quraşdırılmış sayğacın onun evinin bayır tərəfində küçədə quraşdırıldığını və həmin sayğaca onun tərəfindən nəzrət edilməsinin mümkün olmadığını bildirmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.11.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, baxış keçirilən zaman istehlakçı İddiaçı adına olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsində sayğacda 1602AZ**********20 sayğacın klapanı işlək deyil, yivli birləşmələr karroziyaya uğrayıb, xətalar normadan artıqdır. Dəymiş ziyan hesablanmışdır. -Cavabdeh tərəfindən 15.06.2019-cu il tarixdə verilmiş istismar müddəti başa çatmış sayğacın yenisi ilə əvəz edilməsi haqqında bildirişdən görünür ki, bildirişin təqdim olunma tarixindən 3 (üç) iş günü əzində istismar müddəti başa çatmış sayğacın ödənişsiz əsaslarla yeni sayğacla əvəz olunacaqdır. Əvəz olunduğu zaman sayğacın çıxarılma aktında Dövlət yoxlamasında (komissiyada) iştirak etmək istədiyini qeyd edə bilər. İştirak etmədiyi halda növbəti günlərdə onun iştirakı olmadan sayğacı yoxlamadan keçiriləcəkdir. Sualları olduqda Bakı Regional Qazın Satışı Departamentinə müarciət edə bilər. -Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 01.10.2019-cu il tarixli 57922278 saylı Aktdan görünür ki, çıxarılan İtron tipli, markası G-4, nömrəsi 1602AZ**********20 olan sayğacın istismar müddəti bitdiyindən yeni İtron tipli, markası G-4, sayğac göstəricisi 00000,0, mexaniki 00000, vurulan plombun nömrəsi 10105520 olan sayğac ilə əvəz edilmişdir. Qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanıldı və heç bir sızma aşkar edilmədi. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verildi. -Abonent saldosundan görünür ki, abonent kodu **********14060 olan, ailə tərkibi 1 nəfər olan İddiaçı- Abşeron rayonu, X1 ev 0A mənzil 406 ünvanında 01.10.2019-cui il tarixdə Smart G-4 İtron Diafraqma tipli, **********8 nömrəli sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), abonentin borcu 486 manat hesablanmışdır. -Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1948-ci ildə Ermənistanın Sisiyan rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı, ünvanı Abşeron rayonu, X1 ev 0A mənzil 406, abonent kodu **********14060, dəymiş ziyanın bərpasına əsas 29.10.2019-cu il tarixli, ******* №-li Akt, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin tələbi qoyulmuşdur. Məhkəmə iddia tələbini araşdırarkən aşağıdakı hüquq normalarına istinad edir. Azərbaycan Respublikası Konstitutsiyasının 60-cı maddəsinin İ. bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. AR Konstitutsiyasının 60-cı maddəsinin İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4.1.maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərirıin qanunla qorunan hüquq və azadlıqlarını,eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.1. maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının 4.8. bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Eyni zamanda bu qərarın 5.2. bəndinə əsasən isə Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Smartkart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Sayğacın smart tipli olduğunu, onun mərkəzdən idarə olunduğunu, ona nəzarət edilməli olduğunu, borc yarandıqda kartı bloklamak mümkün olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasma səbəb bir başa qaz idarəsidir, qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur: 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğıılarının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay miüddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanınadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. İş materiallarından və iddiaçının izahatından müəyyən edilir ki, iddiaçının evində quraşdırılmış sayğac onun evindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abanentə aid evin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri mümkün edir. Bundan əlavə Cavabdehla abonent arasında bağlanmış müqavilədə abonentin həmin qaz sayğacına edilmiş müdaxiləyə görə məsuliyyəti barədə heç bir müddəa nəzərdə tutulmamış onun üzərinə öhdəlik qoyulmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh sübut kimi 29.11.2019-cu il tarixli ******* saylı aktı əsas gətirmişdir. Məhkəmə iclasında akt tədqiq edilərkən aktın iki nəfər Azəriqaz əməkdaşları tərəfindən tərtib edildiyi və aktda hal şahidlərinin iştirakının təmin olunmadığı müəyyən olundu ki, bu isə aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Göründüyü kimi iddiaçının sübut kimi göstərdiyi akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Bundan başqa həmin aktla sayğaca kənar müdaxilə müəyyən edilsə belə, bunun iddiaçının qəsdən törətdiyi qanunsuz hərəkətləri nəticəsində səbəb olduğu sübut edilməmişdir. Belə ki, sayğacın iddiaçının mənzilindən kənarda quraşdırılması həmin sayğacın onun tərəfindən mühafizə olunmasını, yaxud qeyri-qanuni istifadə etməsini istisna edir. Göründüyü kimi bütün bunlar iddiaçının sayğacdan qeyri-qanuni təbii qazdan istifadə olunmasını tamamilə inkar edir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən sayğacdan qeyri-qanuni istifadə edildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüş, lakin cavabdeh bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki MPM-in 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-in 77-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh tərəfindən Abşeron rayonu, X1 ev 0A mənzil 406 ünvanında quraşdırılmış abonent kodu **********14060 olan qaz sayğacına görə tərtib edilmiş 29.11.2019-cu il tarixli, ******* saylı akt etibarsız hesab edilməli, İddiaçı, həmin aktların əsasında qanunsuz hesablanmış 486 (dörd yüz səksən altı) manat cərimə məbləğini ödəməkdən azad edilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 217.4. mаddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.3. mаddəsinə əsаsən hаkim işdə iştirаk еdən şəхslərin vеrdiyi tələblər üzrə qətnаmə çıхаrır. Lаkin hаkim qаnundа göstərilən müstəsnа hаllаrdа iddiа tələblərindən kənаrа çıха bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Abşeron rayonu, X1 ev 0A mənzil 406 ünvanında quraşdırılmış abonent kodu **********14060 olan qaz sayğacına görə İddiaçı hesablanmış 486 manat borc məbləği əsassız olduğundan abunə hesabından silinsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar