Məhkəmə qərarları › İş №2(012)-1263/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1263/2024

03.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1263/2024 03.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 28 mart 2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 1555,20 manat və 31 mart 2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 1555,20 manat məbləğində cərimə borcunun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhərində ona məxsus iki fərdi yaşayış evi eyni həyətdə yerləşir və həmin evlərə quraşdırılmış sayğaclar Cavabdeh İB-nin əməkdaşları tərəfindən 2023-cü ilin mart ayının ortalarında ona xəbər verilmədən sökülüb aparılmışdır. O, sözügedən sayğaclar aparıldıqdan 8 ay sonra, yəni 2023-cü ilin noyabr ayında həmin sayğaclara aid karta köçürdüyü məbləğdən müəyyən miqdarda pul tutulduğunu görmüş, daha sonra ona məlum olmuşdur ki, Cavabdeh əməkdaşları tərəfindən 28 mart 2023-cü il tarixində ******* nömrəli və 31 mart 2023-cü il tarixində ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. 28 mart 2023-cü il tarixli, ******* nömrəli aktdan göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən G4 markalı, **********2 Ne-li sayğaca baxış keçirilmiş və MSK 14-2-2/3-5-3079-1 saylı rəyinə əsasən sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir. 31 mart 2023-cü il tarixli, ******* nömrəli akta əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən 1402A**********281 №-li sayğaca baxış keçirilmiş və MSK 14-2-2/3-5-3123-1 saylı rəyinə əsasən qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması, nəticədə sayğacın yararsız olması aşkar edilmişdir. Sözügedən aktlar qanunsuz və əsassızdır. Onun bu aktların nə zaman tərtib edilməsindən, ümumiyyətlə, xəbəri olmamışdır. O, hər zaman ödənişlərini vaxtı-vaxtında etmişdir. Bununla belə qanunsuz və əsassız olaraq, heç bir əsas gətirilmədən 28 mart 2023-cü il tarixində və 31 mart 2023-cü il tarixində “Azəriqaz İB” tərəfindən aktlar tərtib edilmiş və dəymiş ziyan kimi ******* saylı akta əsasən 1555,20 manat məbləğində, ******* nömrəli akta əsasən isə 1555,20 manat məbləğində borc hesablanmışdır. Belə ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən aktlar tərtib edilərkən onun aktın tərtib edilməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Cavabdeh İB isə qanunvericiliyin tələblərini pozaraq onun iştirakını təmin etməmiş, onun iştirakını təmin etmədiyi halda 31 mart 2023-cü il tarixli, ******* nömrəli aktın yekun hissəsində aktı imza etməkdən imtina etdiyini qeyd etmiş, 28 mart 2023-cü il tarixli, ******* nömrəli aktın yekun hissəsində isə onun ad və soyadı qeyd edilsə də imza hissəsi tamamilə boş saxlanılmışdır. Buradan məlum olur ki, aktlar tamamilə qanunsuz və əsassız olaraq tərtib olunmuşdur. Sayğaclara heç vaxt onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Heç bir təqsiri olmadığı və sayğaclarda aşkar edilmiş zərərlər onun və ailə üzvləri tərəfindən törədilmədiyi halda, onları günahlandırmışlar. Halbuki qanunvericiliyin tələbinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən qaz paylayıcısının işçiləri ildə bir dəfədən az olmayaraq yoxlama keçirtməli olduğu halda, heç bir yoxlanış keçirilməmişdir. Bundan əlavə qeyd edir ki, dəymiş ziyanın hesablanmasından müəyyən etmək mümkündür ki, Cavabdeh İB-nin əməkdaşlarının əməlləri tamamilə qanunsuzdur. Cavabdeh sayğacda aşkar olunan zədələrin nədən ibarət olduğunu qeyd etsə də bunu əsaslandırmamış, hətta bu nəticəyə gələrkən onun iştirakını təmin etməmişdir. Bu da onu göstərir ki, burada heç bir araşdırmadan söz belə gedə bilməz. Buradan da məlum olur ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş aktlar saxtadır. Sayğac həyətdən çöldə quraşdırılmışdır. Əlavə olaraq qeyd edir ki, yazılmış cərimə borclarından onun sadəcə 2023-cü ilin noyabr ayında məlumatı olmuşdur. Belə ki, heç bir sübut və əsas olmadığı halda ona borclar yazılmış, əksinə olaraq onun iştirakı təmin olunmamış, onun hüquqları pozulmuş, qanunsuz, əsassız və saxta olaraq barəsində aktlar tərtib edilmişdir. Sayğaclar yenisi ilə əvəz olunduqdan sonra qaz sərfiyyatında dəyişiklik olmamışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 mart 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı (abonent kodu: **********00000) Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman MSK 14-2-2/3-5-3079-1 saylı rəyə əsasən sayğacın **********2 №-li sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı (abonent kodu: **********00000) Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman MSK 14-2-2/3-5-3123-1 saylı rəyə əsasən 1402A**********281 №-li sayğacın qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması, nəticədə sayğacın yararsız olması aşkar edilmişdir. İş materiallarında olan abonentin saldolarından görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evlərə (abonent kodu: **********00000) 28 mart 2023-cü il tarixli, ******* saylı akt üzrə 1555,20 manat və (abonent kodu: **********00000) 31 mart 2023-cü il tarixli, ******* saylı akt üzrə 1555,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldolarından göründüyü kimi İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evlərə (abonent kodu: **********00000) 28 mart 2023-cü il tarixli, ******* saylı akt üzrə 1555,20 manat və (abonent kodu: **********00000) 31 mart 2023-cü il tarixli, ******* saylı akt üzrə 1555,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacların mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacların kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X1 Sahəsi daşıdığından mübahisələndirilən aktlar üzrə müdaxilə olunması, həmçinin iddia olunan qaz sayğaclarının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh şirkət iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaclara İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı (abonent kodları: **********00000 və **********00000) Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evlərinə quraşdırılmış təbii qaz sayğaclarının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 28 mart 2023-cü il tarixli, ******* saylı akt üzrə 1555,20 manat və 31 mart 2023-cü il tarixli, ******* saylı akt üzrə 1555,20 manat məbləğində hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00000) 28 mart 2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 1555,20 manat və (abonent kodu: **********00000) 31 mart 2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 1555,20 manat məbləğində cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar