Məhkəmə qərarları › İş №2(012)-1283/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1283/2023

17.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1283/2023 17.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi və sayğacın dəyişdirilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi və sayğacın dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış, qərar verilən tarixə qədər əmələ gələn borcun silinməsi, əks halda əmələ gələn borcun Kazımov Elçin tərəfindən qaz istifadəsi zamanı əmələ gəlməsini nəzərə alaraq (həmin evdə ondan başqa heç kim yaşamamışdır), həmin məbləğin gələcəkdə onun harada yaşamağından asılı olmayaraq ondan alınması (o, ailəsi ilə keçmiş 3 il müddətində 3 otaqlı evdə kirayəşin hüququna malik olmamış və kirayə haqqı alınmamışdır, lakin kommunal xərcləri Kazımov Elçin ödəməli idi. Yaranan borcun nə dərəcədə düzgün olub-olmaması barədə məsuliyyət barədə heç bir şey deyə bilməz, çünki o, borcun əmələ gəlməsindən avqustun sonunda xəbəri olmuş və bu barədə Abşeron rayon Qaz İdarəsinə müraciət etmişdir. Bu zaman şifahi olaraq sayğac şöbəsi müdiri ilə ünsiyyətdə olmuş, sayğacın onun icazəsi olmadan dəyişilməsinə etirazını bildirmiş, yaranmış borcun gecikmədən alınmasını və sayğacın smart kartla işləyən sayğaca dəyişilməsini xahiş etmiş, lakin nəticəsi olmamışdır. Əlavə olaraq dörd ay ərzində də borc artmışdır), Qaz İdarəsi tərəfindən dəyişilmiş sayğacın smart kartla işləyən sayğacla əvəz edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, İddiaçı cavabdehdən təbii qazın istifadəsinə görə yaranmış borcun silinməsini tələb etsə də, iddia ərizəsində ondan ümumilikdə hansı məbləğdə borcun silinməsini göstərməmiş, mübahisələndirdiyi borcun məbləğini konkretləşdirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsi ilə tələb olunur ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi və sayğacın dəyişdirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar