Məhkəmə qərarları › İş №2(012)-1291/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1291/2023

06.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1291/2023 06.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladı – xx.xx.1997-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1997-ci il təvəllüdlü X4 onun doğma övladıdıdr. O, əlil oğlu və digər övladı ilə birlikdə qeydiyyat ünvanı olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 19-cu küçədə yerləşən 70 saylı evdə yaşayır. Oğlu Səməd anadangəlmə kvadroplegik spastik serebral iflic, spastik teroplegiya ətrafların ağır dərəcəli əqligerilik xəstəliyindən əziyyət çəkir. Oğluna xəstəliyinə görə İ qrup əlillik dərəcəsi təyin edilmişdir. Onun daim kənar şəxsin qulluğuna ehtiyacı vardır. Bir ana kimi onun bütün əziyyətini özü çəkir. X5 ilə aralarında soyuq münasibətlər yarandığı üçün və anlaşa bilmədikləri üçün nikah Abşeron Rayon Məhkəməsinin 2(012)-316/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş və övladları onun himayəsinə verilmişdir. Müəyyən sənədləşmə işləri ilə bağlı övladı üzərində qəyyumluğun müəyyən edilməsi zərurəti yaranmışdır. Oğlunun səhhəti olduqca pisdir və o, heç vaxt təkbaşına özünü idarə edə bilmir. Bir sözlə, onun çox ciddi şəkildə köməyinə ehtiyacı vardır. Oğlunun yaşı irəlilədikcə vəziyyəti daha da ağırlaşır. Bu səbəbdən oğlunun “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə nümayəndəsini göndərməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki iş materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1997-ci il tarixdə anadan olmuşdur. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X4 xx.xx.1997-ci il tarixdə anadan olmuşdur və anası Ərizəçidır. Mülki işdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-316/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X5 ilə Ərizəçi arasındakı nikah pozulmuş və birgə nikahdan doğulmuş Sərxan və Səadət adlı uşaqlar anaları Ərizəçi himayəsinə verilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, 1840 saylı rəyindən müəyyən edilir ki, xx.xx.1997-ci il təvəllüdlü X2 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları ilə (F.72.1) aşkar olunur. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. xx.xx.1997-ci il təvəllüdlü X1 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas var. Mülki Prosessual Məcəllənin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.1997-ci il təvəllüdlü X2 davranış pozuntuları ilə ağır dərəcəli (imbesillik dərəcəsində) əqli geriliklə əlaqədar psixi xəstəlik aşkar olunur. Onun daimi qulluğa ehtiyacı var və hərəkətlərinə nəzarət etmək, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1997-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1997-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar