Məhkəmə qərarları › İş №2(012)-1309/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1309/2021

19.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1309/2021 19.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdeh İB-in nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı qanunsuz hesablanmış qaz borcunun silinməsi tələbinə dair mülki işə 19 aprel 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı qanunsuz hesablanmış qaz borcunun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB X3 Sahəsi tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən İddiaçı yaşadığı evə görə adına olan qaz sayğacı üzrə yazılmış 1355,6 manat məbləğində və həmin ünvanda iddiaçının adına olan (bacısıgilin yaşadığı) ikinci sayğac üzrə hesablanmış 820 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni yaşayış massivində yerləşən torpaq sahəsində tikilən evlərdən birində özü ailəsi ilə, digərində isə onun bacısı ailəsi ilə birgə yaşayır. Torpaq sahəsi iddiaçının adına olduğu üçün qaz sayğacları da onun adınadır. İddiaçının yaşadığı evdə maye qazdan qanunsuz istifadə edilməsi ilə bağlı cavabdeh tərəfindən qanunsuz olaraq 1355,6 manat məbləğində cərimə yazılmışdır. Habelə, onun bacısıgilin evinə iddiaçının adına qoyulmuş sayğaca görə də 820 manat cərimə yazılmışdır. Yazılan cərimə məbləğləri qanunsuz və əsassızdır. Belə ki, iddiaçı 28.04.2019-cu il tarixdə evə köçmüşdür. Hər iki evə 2020-ci ilin aprel ayında sayğac qoyulmuşdur. Evə sayğac qoyulanadək iddiaçı və bacısıgil qazdan istifadə etməmişlər. Tərtib edilən aktdan onların xəbəri olmamış, akt onlara təqdim edilməmişdir. Yalnız bildiriş göndərildikdə cərimə edilməsi barədə məlumatı olmuşdur. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh İB-in nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarından olan 28.02.2020-ci il tarixli, ******* saylı, 30.03.2020-ci il tarixli ******* saylı, 31.01.2020-ci il tarixli ******* saylı aktlardan müəyyən edilir ki, İddiaçı yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanındakı evə aid qaz sayğacına (abonent kodu: **********06229) baxış keçirilən zaman istehlakçının qaz xəttinə qeyriqanuni qoşalaraq yeraltı qazdan istifadə etməsi müəyyən edilmişdir. İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarından olan 30.11.2020-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, İddiaçı adına olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanındakı evə aid qaz sayğacına (abonent kodu: **********01006) baxış keçirilən zaman istehlakçının qaz xəttinə qeyri-qanuni qoşalaraq yeraltı qazdan istifadə etməsi müəyyən edilmişdir. İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçının adına olan qaz sayğaclarının yoxlanılması zamanı iddiaçının iştirakı təmin edilməmiş, cavabdehin əməkdaşları tərəfindən birtərəfli akt tərtib edilmişdir.Aktlarda əks olunan məlumatları təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi Yeni yaşayış massivi ünvanında yerləşən evlərə (abonent kodu: **********06229) dair hesablanmış 1355,6 manat cərimə borcu və İddiaçı adına olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi ünvanında yerləşən evə aid qaz sayğacına (abonent kodu: **********01006) dair hesablanmış 820 manat cərimə borcu silinməlidir. İddia təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdeh İB-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi ünvanında yerləşən evə (abonent kodu: **********06229) dair hesablanmış 1355,6 manat cərimə borcu və İddiaçı adına olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi ünvanında yerləşən evə aid qaz sayğacına (abonent kodu: **********01006) dair hesablanmış 820 manat cərimə borcu silinsin. Cavabdeh İB –dən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar