Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1327/2024 10.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cərimə borcunun əsassız hesab edilərək silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı cərimə borcunun əsassız hesab edilərək silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq 31 iyul 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış 777,60 manat cərimə borcunun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı sahibliyində Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evi vardır. Həmin evə təbii qaz verilmiş və bununla bağlı sayğac quraşdırılmışdır. Həmin sayğacda problem olduğuna görə iddiaçı Cavabdehnə müraciət etmişdir. Cavabdeh əməkdaşları sayğaca baxış keçirib dəyişdirmişlər. Bu hadisədən 7-8 ay sonra təqsiri olmadığı halda iddiaçıya sayğacda olan qüsura görə 777,60 manat məbləğində cərimə borcu yazılmışdır. İddiaçı Cavabdeh Abşeron rayon Qaz İdarəsinə müraciət etmiş və ona cərimə edilməsi ilə bağlı sənədləri təqdim etmişlər. 31 iyul 2023-cü il tarixli, ******* saylı akta əsasən o, 777,60 manat məbləğində cərimə edilmişdir. Həmin aktın tərtib edilməsindən xəbəri olmamışdır. Həmin aktda əsassız olaraq qeyd edilmişdir ki, o, akta imza etməkdən imtina etmişdir. Bundan başqa sayğac həyətdən kənarda yerləşir və tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq 31 iyul 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış 777,60 manat cərimə borcunun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, qaz sayğacı evdən çöldə yerləşir. O, qaz sayğacına müdaxilə etməmiş və kimin müdaxilə etdiyini bilmir. Belə problemlə birinci dəfədir ki, qarşılaşır. Bundan əvvəl 2017-ci il tarixdə yalnız bir dəfə yumruqla onun istifadəsinə verilmiş qaz sayğacını zədələmişlər. Bundan sonra isə sayğacları qutulara yerləşdirmişlər. Verilmiş suallara cavabında qeyd edir ki, hesablanmış cərimə borcunun ona aidiyyəti yoxdur. Çünki o və ya ailə üzvləri sayğaca müdaxilə etməmişdir. Bu səbəbdən də yaranmış borcun silinməsini istəyir. 15 ildir ki, sözügedən ünvanda yaşayır. 3 aydan çoxdur ki, cərimə olunmasını bilmiş və həmin cərimənin silinməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən 777,60 manat cərimə borcunun silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 2017-ci ildə ******* nömrəli akta əsasən qaz sayğacı əvəz olunmuşdur. Sonradan isə həmin sayğacda müdaxilə faktı aşkar olunmuşdur. Hazırki mübahisə ilə bağlı isə qeyd edir ki, sayğaca baxış keçirilmiş, sayğacda kənar təsir izləri, yivli birləşmələrin korroziyaya uğraması, sayğacın plombu üçün nəzərdə tutulmuş qulaqcıqların sındırıldığı, sayğacın yaddaş kartının oxunmadığı müəyyən edilmişdır. Həmçinin xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021ci il tarixlərdə alarım 1 rejimi aşkar olunmuşdur. Belə ki, elektron sayğac iki gövdədən, elektron və dəmir gövdədən ibarətdir. Elektron hissə dəmir gövdəyə birləşdirilir və birləşən hissədə düymə mövcuddur. Həmin düymə basılı vəziyyətdə olur. Elektron hissə dəmir gövdədən ayrılarkən alarım rejimi verir. Bunu arxiv məlumatlarından oxumaq olur. 5 (beş) dəfə elektron hissə dəmir gövdədən ayrılmışdır. Həmin tarixlər üzrə ödənişlər aşağıdakı qaydada aparılmışdır: - birinci alarım rejimi üzrə 2019-cu ilin dekabr ayından əvvəl noyabr ayında 40 manat, dekabr ayında 31 manat, 2020-ci ilin yanvar ayında 20 manat, 2020-ci ilin iyun ayında 1 manat ödəniş edilmişdir. İkinci alarım rejimi üzrə 2020-ci ilin iyun ayı üzrə cəmi 1 manat, oktyabr ayında isə 10 manat, noyabr ayında 20 manat, dekabr ayında 32 manat ödəniş edilmişdir. 27 dekabr 2020-ci il tarixdə 32 manat ödəniş edilmişdir. 2021-ci ilin yanvar ayında 10 manat, fevral ayında 10 manat, mart ayında 10 manat ödəniş edilmişdir. 2021-ci ilin aprel ayında yenidən alarım 1 rejimi baş vermiş və həmin ayda 3 manat ödəniş edilmişdir. Daha sonra isə yay aylarında 10 manat və 5 manat ödəniş edilmişdir. 2021-ci ilin noyabr ayında 6 manat, dekabr ayında 5 manat, 2022-ci ilin yanvar ayında 10 manat, 2022-ci ilin fevral ayında 5 manat, daha sonra isə 6 manat və sair məbləğlərdə ödəniş edilmişdir. 2023-cü ilin mart ayında iddiaçıya məxsus ünvanda mexaniki qaz sayğacı quraşdırılmışdır. Mart ayında istifadə olunan qaz sərfiyyatı 67,68 manat təşkil edir. 2023-cü ilin aprel ayında 35 manat, may ayında 13 manat, iyun ayında 5,80 manat, iyul ayında 5,20 manat, dekabr ayında 117 manat sərfiyyat hesablanmışdır. 2024-cü ilin fevral ayında 26 manat, mart ayında isə 23 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır. Sayğacı alarım 1 rejiminə saldıqdan sonra sayğacda dəlik açılır. Həmin dəliyin açan qaz işçisi və ya santexnik ola bilər. Bunu dəqiq deyə bilməzlər. Şübhə yaranan vaxtı isə gəlib qazanı dərhal dəyişirlər. Çünki əldə həmin qazanlardan mövcud olur. Belə ki, köhnə sayğacları metal kimi təhvil verəndə qazanları ayıraraq sonradan ehtiyat hissə kimi istifadə edirlər. Göründüyü kimi 5 (beş) dəfə sayğaca müdaxil olunmuşdur. Bununla bağlı həmin dövrlərə olan ödənişləri də qeyd etmişdir. Ödənişlərdəki fərqlər müdaxil edildiyini sübut edir. Verilmiş suallara cavabında qeyd edir ki, sayğacı gövdədən ayıranda gövdəni, giriş və çıxış plastmas boruları dəyişmək olur. Bunlardan dəlik açmağı vətəndaş edə bilər. Gövdənin dəyişdirilməsi, yivlərin kəsiləməsi, yivlərdən birinin çıxarılması, şirənin içərisinə tökülməsi, şestirnalara müdaxilə və digər işləri qaz işçiləri və santexnik edə bilər. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 60-cı maddəsinin İİ-ci bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AK- 2/15451 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” barədə müqaviləsinin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. 31 iyul 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonent kodu: **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, MSK-14-2-2/3-5- 4470/Q011 saylı rəyinə əsasən 1702AZ**********68 nömrəli sayğacda qaz itkisi, müdaxilə aşkar edilmiş, bununla əlaqədar olaraq 31 iyul 2023-cü il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmiş, istehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Dəymiş ziyanın bərpasına dair 31 iyul 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, 31 iyul 2023-cü il tarixli, ******* nömrəli akta əsasən İddiaçı 6x12x90=6480 m3 (777,60 manat) əlavə ödəniş hesablanmışdır. 26 dekabr 2023-cü il tarixli abonentin saldosunun surətindən görünür ki, abunə kodu **********00010 olan ünvan üzrə iyul 2023-cü il tarixli akt əsasında 777,60 manat borc hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində tərtib olunan akt birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmiş, tərtib edilmiş aktda iddiaçının imzası yoxdur. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir, cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğaca müdaxilənin müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı fiziki şəxs qismində istehlakçı olaraq qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi daşımadığından, sayğaca müdaxilənin, nəticədə sayğacda qaz itkisində iddiaçının təqsiri sübuta yetirilmədiyindən İddiaçı yaşadığı ünvan 1i ünvanında yerləşən evə qaz sayğacına (abonent kodu: **********00010) dair hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat cərimə borcu silinməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 1i ünvanında yerləşən evə qaz sayğacına (abonent kodu: **********00010) dair hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat cərimə borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-1327/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1327/2024
10.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver