Məhkəmə qərarları › İş №2(012)-133/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-133/2022

01.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-133/2022 01.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərərin əvəzi kimi 1735,20 manat, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB 20.09.2019-cu il tarixli, AB-518 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edib. Həmin ünvana İddiaçı İB tərəfindən **********0 nömrəli abonent kodu verilmişdir. Qeyd edilən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı **********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İBnin işçiləri tərəfindən küçə qaz xətlərinə, cavabehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən cavabdeh sayğacdan kənar qaz istifadə etməklə iddiaçıya ümumilikdə 1735,20 manat ziyan vurmuşdur. Cavabdehin iddiaçıya olan borcu (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 1735,20 manat təşkil edir. Cavabdehə pulun könüllü ödənilməsi təklif olunsa da, cavabdeh heç bir ödəniş həyata keçirməmiş və bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı İB məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı İB ilə Cavabdeh arasında təbii qazdan istifadəyə dair 20.09.2019-cu il tarixli, AB-518 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İşin materiallarında olan İddiaçı İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlardan müəyyən edilir ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evində (abonent kodu: **********05210) sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə müəyyən edilmiş, Cavabdeh həmin aktları imzalamamışdır. İş materiallarında olan “Abonentin saldosu”ndan görünür ki, 2019-cu ilin iyun ayından 2020-ci ilin aprel ayınadək olan müddətdə iddiaçı tərəfindən cavabdehə 1735,20 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı tərəf tərtib olunan aktda əks olunan pozuntuların mövcudluğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh aktın tərtibində iştirak etməmiş və akt iddiaçı qurumun əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar