Məhkəmə qərarları › İş №2(012)-133/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-133/2023

22.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-133/2023 22.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC "xxxx" MMC Cavabdeh1 qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Saray qəsəbəsi ərazisindən keçən, iddiaçının balansında olan 220 kV-luq 1-ci Zabrat HX-nin 20- 21 saylı dayaqlararası aşırımın kənar məftillərindən 16 metr məsafədə xəttin mühafizə zonasında Cavabdeh1 tərəfindən inşa edilmiş qanunsuz yarımtikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində cəlb edilərək Sumqayıt şəhəri, Saray qəsəbəsi ərazisindən keçən, "xxxx" ASC-nin və "xxxx" MMC-nin balansında olan 220 kV-luq 1-ci Zabrat HX-nin 20-21 saylı dayaqlararası aşırımın kənar məftillərindən 16 metr məsafədə xəttin mühafizə zonasında cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz yarımtikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 tərəfindən heç bir tikinti aparmaq üçün razılıq sənədi olmadan "xxxx" MMC-nin balansında olan 220 kV-luq 1-ci Zabrat HX-nin 20-21 saylı dayaqlararası aşırımın kənar məftillərindən 16 metr məsafədə, xəttin mühafizə zonasında hasarlama işləri aparılmışdır. Sumqayıt şəhəri və şəhər təsərrüfatına daxil olan ətraf ərazilərdən keçən bir çox yüksək gərginlikli elektrik verliş xətlərinin etibarlığını azaldan və təhlükəsizlik istismarını pozan hallar baş vermiş və verməkdədir. Bunlara xəttin mühafizə zonasının pozulması, onların altında yaşayış binalarının tikilməsi halları aiddir. Bütün bunlar xətlərin istismarını və təmirini çətinləşdirir. Xətlərdə naqillərin qırılması, dayaqların hər hansı bir səbəbdən yıxılması bədbəxt hadisələrə, insan tələfatına səbəb ola bilər. Cavabdeh1 xx.xx.2020-ci il tarixdə Ceyranbatan qəsəbəsi, Yeni yaşayış massivi ərazisindən keçən və "xxxx" MMC-nin balansında olan 220 kV-luq 1-ci Zabrat HX-nin 20-21 saylı dayaqlararası aşırımın 16 metr məsafəsində hasar tikintisini aparmışdır. "xxxx" MMC-nin əməkdaşları tərəfindən şifahi surətdə xəbərdarlıq edilərək tikintinin qeyri-qanuni olması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 №-li Qərarının tələbləri başa salınmışdır. Tələblərə baxmayaraq cavabdeh işini davam etdirmiş, xx.xx.2020-ci il tarixdə xəbərdarlıq edilmiş və həmin tarixdə 232 saylı akt tərtib edilmişdir. xx.xx.2020-ci il tarixdə 16/xxxx/1001 saylı məktubla tikintinin dayandırılması barədə Abşeron Rayon İcra Hakimiyyətinə, xx.xx.2020-ci il tarixdə 16/xx-xx/1002 saylı məktubla Abşeron Rayon Polis İdarəsinə, xx.xx.2020-ci il tarixdə 116/01-13/717 saylı məktubla isə "xxxx" ASC-yə məlumat verilmişdir. xx.xx.2020-ci il tarixdə 6/X/1940 saylı məktubla Abşeron Rayon Başçısı məktubda bildirmişdir ki, tikinti aparmasına dair heç bir razılıq verilməmişdir. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi həmin sahədə Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 torpaq sahəsinə 0.01 ha sahəyə mülkiyyət hüququ verilmişdir. Cavabdeh2 vermiş olduğu izahatda bildirmişdir ki, həmin hasarı o, inşa etmiş, hal-hazırda, dayandırılmışdır. Lakin aparılmış danışıqlara və müraciətlərə baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır. Cavabdeh1 "xxxx" MMC-nin xəbəri və razılığı olmadan həmin ərazidə qanunsuz tikinti aparmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı "xxxx" ASC "xxxx" MMC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək mülki işin onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Sumqayıt şəhəri, Saray qəsəbəsi ərazisindən keçən 220 kV-luq 1-ci Zabrat HX-nin 20-21 saylı dayaqlararası aşırımın kənar məftillərindən 16 metr məsafədə xəttin mühafizə zonasında Cavabdeh1 tərəfindən qanunsuz yarımtikili inşa edilmişdir. -xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh1 yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi tələb olunmuş, əks təqdirdə, müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. -Mülki iş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, həyətyanı sahədə tikili inşa edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3690 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq baxış zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim olunan və cavabdeh tərəfindən istifadə olunduğu bildirilən təqribən 207 m2 torpaq sahəsinin tamamilə "xxxx" ASC-nin və "xxxx" MMC-nin balansında olan 220 kv-luq elektrik xəttinin 25 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və X3 tərəfindən "xxxx" MMC-nin balansında olan 220 kV-luq 1-ci Zabrat HXnin 20-21 saylı dayaqlararası aşırımın kənar məftillərindən 16 metr məsafədə, xəttin mühafizə zonasında hasarlama işləri aparılmışdır. Mülki Prosessual Məcəllənin: 97.1. maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3690 saylı rəyi ilə təqribən 207 m2 torpaq sahəsinin tamamilə "xxxx" ASC-nin və "xxxx" MMC-nin balansında olan 220 kv-luq elektrik xəttinin 25 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. Bu səbəbdən də, məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib məhkəmə tərəfindən mübahisəli tikilinin həqiqətən də mühafizə zonasında yerləşməsini təsdiq edən sübut kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia tələbinə münasibət bildirilməmişdən öncə iddiaçının həmin tələbin qaldırılması üçün subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalıdır. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, ...mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...”. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən, bu Məcəllənin 95.1.3-1, 95.1.4 və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli, 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 695 nömrəli Fərmanının 4.10-cü bəndinə əsasən, həmin Məcəllənin 95.3-cü.maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Müəyyən edildiyi kimi, xüsusi şərtlərlə istifadə olunan ərazi zonasında, yəni, mühafizə zonasında inşa edilmiş tikili öz mahiyyət etibarilə qanuni tikili hesab edilə bilməz. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu və ya digər tikilinin qanuni tikili hesab edilməsi üçün ilkin olaraq tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ tanınmalıdır, lakin sözsüz ki, hazırki iş üzrə cavabdehin istifadəsində olan torpaq sahəsinin müəyyən hissəsi xüsusi şərtlərlə istifadə olunan zonaya düşdüyündən həmin hissədə torpaq sahəsinə fiziki şəxsin mülkiyyət hüququnun tanınması mümkün deyildir. Bununla yanaşı, cavabdeh istifadəsində olan, lakin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində nəinki, lazımi icazələr almadan, üstəlik də şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla bina və qurğular inşa etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 9-cu maddəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqların kateqoriyasında kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqlarının bölgüsü aparılmışdır. 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Göründüyü kimi, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqların tərkibində formalaşan mühafizə zonalarının məqsədi məhz əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Bu kateqoriya torpaqların təyinatı yaşayış üçün sahələrin salınmasını nəzərdə tutmur və müəyyən edilən mühafizə zonasında yaşayış evinin tikintisi mühafizə zonasının əhəmiyyətini sıfıra endirir. Bu isə məhz əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından yolverilməzdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutub hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, Sumqayıt şəhəri, Saray qəsəbəsi ərazisindən keçən, "xxxx" ASC-nin və "xxxx" MMC-nin balansında olan 220 kV-luq 1-ci Zabrat HX-nin 20-21 saylı dayaqlararası aşırımın kənar məftillərindən 16 metr məsafədə xəttin mühafizə zonasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş qanunsuz yarımtikili sökülməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət rüsumu məbləği cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 88, 150ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Sumqayıt şəhəri, Saray qəsəbəsi ərazisindən keçən, "xxxx" ASC-nin və "xxxx" MMCnin balansında olan 220 kV-luq 1-ci Zabrat HX-nin 20-21 saylı dayaqlararası aşırımın kənar məftillərindən 16 metr məsafədə xəttin mühafizə zonasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş qanunsuz yarımtikili sökülsün. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar