Məhkəmə qərarları › İş №2(012)-1387/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1387/2025

01.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1387/2025 01.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi, yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi, yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində 0,0222 ha torpaq sahəsinin Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 05 saylı Notariat Ofisində bağlanmış 11 aprel 2023-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,0222 ha torpaq sahəsinin Cavabdeh adına qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, onun Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,0222 ha torpaq sahəsində inşa edilmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan fərdi yaşayış evinə köçürülməsi və cavabdeh tərəfindən həmin evdə yaşamasına yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli kəndindəki 0,0222 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə onun mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və o, ailəsilə birlikdə orada yaşamışdır. Mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşasa da, sahəni 11 aprel 2023-cü il tarixdə Bakı şəhəri 05 saylı Notariat Ofisində bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən övladı Cavabdeh bağışlamışdır. Bağışlama müqaviləsi bağlandıqdan sonra oğlu onu yaşadığı evdən qovmuşdur və təxminən 1 ilə yaxın müddətdir ki, o, bacısının evində müvəqqəti olaraq yaşayır. Dəfələrlə oğluna müraciət edərək, evə qayıtmaq istədiyini bildirsə də, onu yaşadığı evə buraxmırlar. Bağışlanmış torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində hal-hazırda cavabdeh öz anası ilə birlikdə yaşayır. Hal-hazırda torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin bağışlama müqaviləsi əsasında bağışlanması onun hüquqlarını pozur. Belə ki, onun hazırda mənzilə daha çox ehtiyacı vardır. Bağışlama müqaviləsi bağlanmazdan əvvəl Cavabdeh ilə ailə münasibətləri yaxşı olduğundan bağışlama müqaviləsi ilə onların münasibətlərinin daha da normallaşacağnı düşündüyündən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evini oğluna bağışlamışdır. Lakin vəd verildikdən sonra onun hədiyyə verən olaraq əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdirdiyindən bağışlamaq barəsində verdiyi vədi ləğv edə və onun icrasından imtina edə bilər. O, bu bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 2024-cü ilin mart ayında Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmənin qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hazırki vaxtadək cavabdeh onu yaşadığı evə buraxmır, onun isə yaşamağa başqa yaşayış sahəsi yoxdur. Cavabdehə bağışladığı mənzilə onun daha çox ehtiyacı vardır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iddianın təmin edilməməsini xahiş etdi və bildirdi ki, mübahisəli əmlak hazırda onun mülkiyyətindədir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İşdə olan **********40 reyestr nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0,0222 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdən İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın bağışlanması barədə xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0,0222 ha torpaq sahəsini Cavabdeh bağışlamışdır. İşdə olan **********40 reyestr nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0,0222 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdən Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın bağışlanması barədə xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0,0222 ha torpaq sahəsini X4 bağışlamışdır. İşdə olan **********40 reyestr nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0,0222 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdən X3 adına qeydə alınmışdır. Baxılan iş üzrə əsas iddia tələbi əqdin etibarsız sayılması, ondan sonra verilmiş çıxarışın ləğvi barədədir. İddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X9rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X6 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-cü il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Hazırki iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı bağışlama müqaviləsinin etibarsızlığının əsası kimi göstərmişdir ki, bağışlama müqaviləsi bağlandıqdan sonra övladı Cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri atası barəsində kobudcasına pozmuşdur və belə olan halda, o, bu bağışlamanın etibarsızlığını xahiş edir, əslində isə bağışlamadan imtina edir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.1., 337.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Həmin Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair" 19 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, MM-də nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir, hədiyyə alanın əmlakı artır, hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir, hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. İşdən görünür ki, tərəflər arasında bağışlama barədə müqavilə bağlandıqdan sonra, yəni xx.xx.2024-cü il tarixdə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində 0,0222 ha torpaq sahəsini X4 bağışlamışdır və bu əqd hazırda qüvvədədir. Başqa sözlə, iddiaçının övladına bağışladığı əmlak hazırda oğlunun deyil, artıq başqa şəxsin mülkiyyətindədir. Bu baxımdan, məhkəmə hesab edir ki, Mülki Məcəllənin 673.4-cü maddəsinin tələbləri baxımından bağışlanmış predmet iddiaçıya qaytarıla bilməz. Digər tərəfdən, iddiaçı övladının ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri atası barəsində kobudcasına pozmasını onu bağışlanmış torpaq sahəsində yerləşən evə buraxmaması ilə izah edir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, torpaq sahəsi (o cümlədən üzərində yerləşən ev) hazırda başqa şəxsin mülkiyyətindədir və belə olan halda, cavabdehin atasını özünə məxsus olmayan əmlaka buraxmaması onun ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri atasına münasibətdə icra etməməsi kimi qiymətləndirilə bilməz. Bu baxımdan məhkəmə tərəflər arasında bağlanmış 11 aprel 2023-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas tapmır. Tərəflər arasında bağlanmış əqd qanuni olduğundan məhkəmə onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün də heç bir əsas tapmır. Bu nəticəyə gələrkən məhkəmə onu da nəzərə alır ki, mübahisəli əmlak artıq xx.xx.2024-cü il tarixdən X3 adına qeydə alınmışdır. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mübahisəli torpaq sahəsinə artıq heç bir hüququ qalmadığından iddiaçının orada yerləşən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan fərdi yaşayış evinə köçürülməsi də mümkün deyildir. Buna görə də məhkəmə iddia tələbinin tamamilə əsasız olması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, birinci növbədə sübutetmə yükü cavabdehin yox, iddiaçının üzərinə düşür və hazırki halda onun tərəfindən iddia sübut edilmədiyindən təmin edilməməli olduğu halda cavabdehin öhdəsinə bunu təkzib edən sübutların gətirilməsi vəzifəsinin qoyulması və bu səbəbdən onun əleyhinə qərar çıxarılması yolverilməzdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı əqdin etibarsız hesab edilməsini xahiş etsə də, onun etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, mübahisələndirilən bağışlama müqaviləsi tərtib və təsdiq edilərkən, habelə əqd bağlandıqdan sonra sadalanan hüquq normalarının pozuntusu halları olmamışdır. Belə olan halda qeyd edilən bağışlama müqaviləsinin etibarsızlığından və reyestrdən çıxarışın ləğv edilməsindən söhbət gedə bilməz. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi, yaşayış sahəsinə köçürülmə barədə iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi, yaşayış sahəsinə köçürülmə barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar