Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1433/2023 11.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akt üzrə hesablanmış 594 manat və 2022-ci ilin mart ayında ödənilmiş 519 manat nəzərə alınmaqla 2022-ci ilin mart ayı üzrə mövcud olmuş, qanunsuz və əsassız olaraq hesablanmış ümumilikdə, 988.41 manat borcun silinməsi və həmin borc üzrə ödənilmiş vəsaitin tam şəkildə geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi faktiki olaraq İddiaçı mülkiyyətindədir. Həmin ünvanda abonent kodu **********21540 olmaqla Cavabdeh İB tərəfindən qazla təmin olunmaqdadır. Həmin fərdi yaşayış evində uzun müddət yaşayış olmamışdır. xx.xx.2019-cu il tarixdə cavabdehin əməkdaşları tərəfindən ******* saylı akt tərtib edilmişdir. Həmin aktın tərtib olunmasına əsas qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-01053 saylı rəy olmuşdur. Tərtib olunmuş akta əsasən 594 manat borc yazılmışdır. İddiaçının həmin rəydən xəbəri olmamış və akta qol çəkməmişdir. Aktda qanunsuz olaraq iddiaçının guya, imtina etməsi qeyd edilmişdir. Halbuki, həmin aktın tərtib olunmasında iddiaçı iştirak etməmişdir. Ümumiyyətlə, həmin vaxt heç kim iddiaçı ilə əlaqə saxlamamış, nə də, iddiaçı harasa dəvət olunmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının və ya ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda əlavə pul hesablanmışdır. Sayğac evin ərazisində deyil, evdən çöldə quraşdırılmış və bu səbəbdən də, iddiaçı sayğacı kənar müdaxilələrdən müdafiə etməsi qeyri-mümkündür. İddiaçının və ya ailə üzvləri tərəfindən sayğaca hər hansı kənar təsir edilməmişdir. Fərdi yaşayış evində hərdən yaşayış olur, daimi yaşayış mövcud deyildir. 2022-ci ilin mart ayına 988.41 manat borc yazılmışdır. Lakin iddiaçı qanunsuz olaraq hesablanmış 988.41 manat borcdan məcburi şəkildə 519 manatını ödəmişdir. Mülkiyyətdə olan sayğaclar ötən müddət ərzində dəfələrlə dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş saldoda göstərildiyi qədər aylıq sərfiyyatın olması da qeyri-mümkündür. Sayğaclarda baş vermiş hər hansı bir nasazlıq səbəbindən də bu qədər əsassız borc hesablanmışdır. Cavabdeh tərəfindən tərtib olunmuş akt üzrə hesablanmış 594 manat və 2022-ci ilin mart ayında ödənilmiş 519 manat nəzərə alınmaqla 2022-ci ilin mart ayı üzrə mövcud olmuş ümumilikdə 988.41 manat borc silinməli və həmin borc üzrə ödənilmiş vəsait tam şəkildə geri qaytarılmalıdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, sözügedən ünvanda yaşayış yoxdur. Cavabdeh İB-nin əməkdaşları tərəfindən cərimə hesablanmışdır ki, həmin cərimənin də hansı əsasla hesablanması ona bəlli deyildir. Halbuki, həmin yaşayış sahəsində qazdan istifadə olunmamışdır. Təxminən, 900 manat borc yazılmış, həmin məbləğin 500 manatını o, ödəmişdir. Ödəniş etməsinin əsas səbəbi yaxın dostu qazi olduğundan reabilitasiya mərkəzində müalicə olunur və dostu ona məxsus olan həmin evdə qalırdı. Qış ayı olduğundan, dostunun himayəsində azyaşlı uşaq olduğundan 500 manbat ödəniş etmiş və qaz xətti müvəqqəti olaraq açılmışdır. Cavabdeh İB tərəfindən tərtib olunmuş aktdan məlumatı yoxdur. İki dəfə sayğac dəyişilmişdir ki, bu barədə də məlumatı yoxdur. Qaz sayğacı ona məxsus olan evdən küçədə quraşdırılmışdır. Qazi dostunun yaşamasına qədər əvvəllər yaşayış olmamışdır. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən sayğac dəyişilmiş və laboratoriyada əvəvlki sayğasclarda qüsur oilduğu müəyyən olunmuşdur. Bu səbəbdən də, 594 manat borc hesablanmış və sözügedən cərimə itkiyə görə hesablanmışdır. Aktda sayğacın qüsurlu olması qeyd olunmuş, klapanın işlək olmadığı, korroziyaya uğradığı qeyd olunmuşdur. Plomba müdaxilə olunmamışdır. Zədələnmə nəticə etibarı ilə, sayğacın işləməməsinə səbəb olur. Sayğacların yoxlanılması ilə bağlı video qeydiyyatlar aparılmır. Sayğacın qüsurlu olmasının əsas sübutu laboratoriya rəyi və tərtib olunmuş aktlardır. Hesab edir ki, qaz sayğacından istifadə edən abonent olduğundan ondan faydalanmaqda da maraqlı olan şəxs də məhz abonentdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron markalı G-4 tipli **********00057169 saylı sayğaca baxış keçirilmiş, sayğac mənfiyə getdiyi üçün İtron markalı G-4 tipli sayğacla əvəz olunmuşdur. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman MSK- 29/1710-01053 saylı rəyə əsasən, 1102AQ**********9 saylı sayğacın klapanı işlək deyil, yivli birləşmələr korroziyaya uğramış, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafı zədəlidir. -»Azəriqaz» İB-nin xx.xx.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 5940 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2019-cu tarixli ******* saylı akt olmuşdur. -»Azəriqaz» İB-nin xx.xx.2019-cu il tarixli MSK-29/1710-01053 saylı aktından görünür ki, sayğac yararsız hesab olunmuşdur. -Abonent kodu **********21540 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 1i ünvanına xx.xx.2022-ci il tarixdə Zenner G4 Smart markalı, **********016 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Aktlara əsasən hesablanmış, abonentin 2019-cu ilə aktlar üzrə 594 manat borc hesablanmış, abonent tərəfindən isə 2022-ci ildə 519 manat ödəniş edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 23A saylı evin, 75 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın smart tipli olduğunu, ona nəzarət edilməsi qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb birbaşa qaz idarəsidir, qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək. Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Məhkəmə xx.xx.2019-cu tarixli ******* saylı akt ilə bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan 594 manat borc məbləği yuxarıda qeyd olunan akt əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2019-cu tarixli ******* saylı aktı sübut növü kimi nəzərə almışdır. Belə ki, xx.xx.2019-cu tarixli ******* saylı akt hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İddia tələbindən göründüyü kimi, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı barəsində xx.xx.2019-cu tarixli ******* saylı akt tərtib edilərək həmin akt əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə həmin akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, xx.xx.2019-cu tarixli ******* saylı aktın tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək istehlakçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, aktda istehlakçı tərəfindən “İmtina etdi” barədə qeyd aparılmış, lakin həqiqətən də həmin aktın istehlakçının iştirakı təmin olunmaqla sonuncunun aktı qəbul etməkdən imtina etməsinin nəticəsi kimi tərtib olunması sübuta yetirilməmiş, nə də Cavabdeh İB-nin nümayəndəsi tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmamışdır. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu tarixli ******* saylı akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Bu səbəbdən də, məhkəmə həmin akt əsasında abonentə hesablanmış 594 manat borc məbləğinin silinməsi qənaətinə gəlir. Ona görə də iddia ərizəsi bu hissədə əsaslı hesab edilməklə təmin edilir. Məhkəmə eyni zamanda, iddiaçının iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində akt üzrə hesablanmış 594 manat borcun silinməsi ilə yanaşı, onun tərəfindən ödənilmiş 519 manat pul vəsaitinin ona geri qaytarılmasını və 988.41 manat borcun silinməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, məhkəmə gedişatının nəticəsinə əsaslanaraq, akt əsasında hesablanmış 594 manat borcunun abonent kodu **********21540 olan İddiaçı məxsus abunə hesabından silinməsi, abonent tərəfindən ödənilmiş 519 manat pul vəsaiti isə Cavabdeh İB tərəfindən abonentə qaytarılması qənaətinə gəlir. Ona görə də iddia ərizəsi əsaslı olduğundan qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 31.13 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 594 (beş yüz doxsan dörd) manat borc abonent kodu **********21540 olan İddiaçı məxsus abunə hesabından silinsin. İddiaçı tərəfindən ödənilmiş 519 (beş yüz on doqquz) manat pul vəsaiti Cavabdeh İB tərəfindən alınaraq iddiaçıya geri qaytarılsın. Cavabdeh İB-dən dövlət rüsumuna görə 31.13 (otuz bir manat on üç qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov