Məhkəmə qərarları › İş №2(012)-145/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-145/2022

12.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-145/2022 12.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Şirkətinin Cavabdeh qarşı özbaşına inşa edilmiş tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şirkəti Cavabdeh qarşı özbaşına inşa edilmiş tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şirkətin Saziş ərazisi hüdudları, 2 saylı mədənin 1-ci sahəsindəki, Mehdiabad qəs., 0090, mənzil 4652 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən İddiaçı şirkətinin (“Şirkət”) Saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində, 2 saylı mədənin 1ci sahəsində yerləşən lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından, İddiaçı şirkətinin qanunla qorunan hüquqları və dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X11 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən isə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli Qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 2 və 8-ci maddələrinin və X11 Bi.Vi., ARDNŞ-in Ortaq Neft Şirkəti və X9 şirkətləri arasında imzalanmış X6 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən "X9” şirkətinə (“Şirkət”) neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, Neft-qaz əməliyyatları üçün Podratçiya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir; 1 (e) bəndində isə Hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: “Podratçı Tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və ya başqa səkildə özgə tərəfindən mənimsəmilə bilməz. Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin olduğu torpaq sahəsinin cavabdehin istifadəsinə ayrılması barədə bələdiyyə qərarının və ya İcra Hakimiyyətinin sərəncamının olması, həmçinin cavabdehin özbaşına inşa etdiyi tikilidə pasport qeydiyyatında olması, mübahisələndirilən özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasına mane olmur. Belə ki, qeyd edilən məsələlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəyə minmiş qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış qərardadı mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1233/15 saylı, 10 noyabr 2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1105/15 saylı, 03 iyul 2015-ci il tarixli qərarı ləğv edilmiş və Şirkətin Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (X2 üçüncü şəxs olmaqla) Binəqədi rayon İcra Hakimiyyətinin X1 istifadəsinə torpaq sahəsinin ayrılmasına dair 1377 saylı 12 yanvar 2001-ci il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair iddiası mümkünsüz sayılmışdır. Həmçinin M.C.Həsənovun işi üzrə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin ərizəsinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevin 3m-2149/2011 saylı, 20 iyun 2011-ci il tarixli qərardadında göstərilir: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə izah edilir ki, M.S.Həsənovun tikdiyi evin yerləşdiyi torpaq sahəsi neft-qaz hasilatı əməliyyatları üçün ayrılan sənaye təyinatlı torpaq fonduna aiddirsə, onlar M.S.Həsənovun inşa etdiyi evdə qeydiyyatda olmasından asılı olmayaraq, ev sənədlərinin etibarsız hesab edilməsi və torpaq sahəsinin boşaldılması barədə məhkəmədə iddia qaldıra bilərlər. Bundan başqa, cavabdeh tərəfindən dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsi zəbt olunaraq üzərində özbaşına tikili inşa edilməklə, torpaq və mülki qanunvericiliyin müvafiq müddəaları pozulmuşdur. Mülki qanunvericiliyin müddəalarından da göründüyü kimi, cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikili “Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin 1-ci abzasının tələblərinə və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş 534 saylı, xx.xx.1997-ci il tarixli “Torpaqların alqı-satqı qaydaları”nın 8-ci bəndinin tələblərinə ziddir. Belə ki, mübahisəli ərazidə məlum tikilinin inşası üçün zəruri olan inşaatın aparılmasına rəsmi razılıq və obyektin mühəndis-komumunikasiya pasportu, habelə “ Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə və Azərbaycan Dövlət Sənayedə X3 Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi haqqında Əsasnamənin 7-ci bəndinin tələbinə görə, Komitənin müvafiq razılığı cavabdeh tərəfindən alınmamışdır. Beləliklə, qeyd edilənlərə əsasən Torpaq Məcəlləsinin 46.1-ci maddəsinin 3-cü abzasının tələbinə görə, dövlətin müstəsna mülkiyyətində olan və məlum Sazişə əsasən Şirkətin istifadəsinə verilmiş torpaq sahəsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111.1ci və Mülki Məcəllənin 180-ci maddələrinin tələblərinə zidd olaraq zəbt edildiyindən, cavabdeh Şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikili cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayonu, Mehdiabad Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 175 saylı məktubundan görünür ki, Cavabdeh adına torpaq sahəsi bələdiyyə tərəfindən qeydiyyata alınmamışdır. İş materiallarında olan Abşeron RİHB-nin Mehdiabad qəsəbə İƏD üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 149 saylı məktubundan görünür ki, Mehdiabad qəsəbəsində 2 saylı mədənin 1-ci sahəsi adlı ərazi mövcud deyildir, axtarış zamanı qəsəbədə Cavabdeh adında şəxs aşkar olunmamışdır. İş materiallarında olan DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Mehdiabad qəsəbəsində 2 saylı mədənin 1-ci sahəsi, 0090, mənzil 4652 ünvanında yerləşən tikili mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan Abşeron RİH-nin xx.xx.2021-ci il tarixli, 231 saylı məktubundan görünür ki, Mehdiabad Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 07 saylı arayışına əsasən, bələdiyyə tərəfindən Cavabdeh heç bir torpaq sahəsi ayrılmamışdır. Mehdiabad qəsəbəsində 0090, mənzil 4652 ünvanı mövcud deyildir. İş materiallarında olan ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasına əsasən iş araşdırılarkən (iş üzrə Cavabdeh verdiyi məlumata əsasən mübahisəli ərazidə olan 0,0398 ha torpaq sahəsi onun istifadəsində deyildir, həmin torpaq sahəsində olan yaşayış evi və köməkçi tikilinin ona aidiyyəti yoxdur) digər şəxsin faktiki istifadəsində olan 0,0398 ha mübahisəli torpaq sahəsində yeləşən tikili (yaşayış evi və köməkçi tikili) “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş blokunun sərhədlərinin hüdudları daxilində yerləşir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2587 saylı rəyindən görünür ki, təqdim edilmiş mütəxəssis rəyinin “elektron baza məlumatları” əsasında və yaxud baxış keçirildikdən sonra mübahisəli torpaq sahəsindən koordinat əldə etdikdən sonra tərtib edildiyi aydın göstərilmədiyi və qoyulmuş sualda qeyd olunan ünvan üzrə konkret hər hansı məlumat olmadığı səbəbindən bu sual üzrə tədqiqat aparılmamışdır. İş materiallarında olan Abşeron RİHB-nin Mehdiabad qəsəbə İƏD üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 89 saylı məktubundan görünür ki, İddiaçı Şirkətinin qeyd etdiyi xəritə və şəkildə göstərilən evdə hazırda X7 ailəsi ilə birgə yaşayır. Evin və torpaq sahəsinin kimə məxsus olması barədə rəsmi sənəd əldə edilməmişdir. 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanundan görünür ki, Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X11 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasındakı Saziş qəbul və təsdiq edilmiş, həyata keçirilməsinə icazə verilmişdir. İş materiallarından görünür ki, 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanunla İddiaçı Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsində cavabdeh tərəfindən qanunsuz tikilinin inşa edilməsini iddia etsə də, iddiaçı bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin Məcəllənin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Bu maddənin dispozisiyasından göründüyü kimi, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Lakin bunun üçün ilk növbədə zəbt faktı sübut olunmalıdır. İddiaçı Şirkətinin Saziş üzrə istifadəsinə verilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ("xxxx") Kontrakt sahəsinin ərazisində, 2 saylı mədənin 1-ci sahəsindəki, Mehdiabad qəs., 0090, mənzil 4652 ünvanında Cavabdeh aid inşa edilmiş tikilinin yerləşib-yerləşməməsi, yerləşdiyi təqdirdə hansı həcmdə və hansı istiqamətdə yerləşməsinin müəyyən edilməsi məqsədilə mütəxəssis tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, elektron məlumat bazasına əsasən iş araşdırılarkən (iş üzrə Cavabdeh verdiyi məlumata əsasən mübahisəli ərazidə olan 0,0398 ha torpaq sahəsi onun istifadəsində deyildir, həmin torpaq sahəsində olan yaşayış evi və köməkçi tikilinin ona aidiyyəti yoxdur) digər şəxsin faktiki istifadəsində olan 0,0398 ha mübahisəli torpaq sahəsində yeləşən tikili (yaşayış evi və köməkçi tikili) “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş blokunun sərhədlərinin hüdudları daxilində yerləşir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2587 saylı rəyindən isə görünür ki, təqdim edilmiş mütəxəssis rəyinin “elektron baza məlumatları” əsasında və yaxud baxış keçirildikdən sonra mübahisəli torpaq sahəsindən koordinat əldə etdikdən sonra tərtib edildiyi aydın göstərilmədiyi və qoyulmuş sualda qeyd olunan ünvan üzrə konkret hər hansı məlumat olmadığı səbəbindən bu sual üzrə tədqiqat aparılmamışdır. Aparılmış mütəxəssis tədqiqatı ilə müəyyən edilir ki, Cavabdeh qarşı iddiaçının hazırki iddia ilə çıxış etməsi əsassızdır. Məhkəmə bu qənaətə gələrkən, həmçinin işdə olan digər sübutlara - müvafiq icra hakimiyyəti qurumlarının məktublarına, o cümlədən iddiaçının Cavabdeh əsl cavabdehlə əvəz edilməsi barədə ərizəsinə əsaslanır. MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Hüquqi müəyyənlik prinsipinə xüsusi əhəmiyyət verən Avropa İnsan Hüquqları Məhkəməsi “Brumeresku Rumıniyaya” qarşı işdə qeyd etmişdir ki, hüququn aliliyinin fundamental aspektlərindən biri hüququn müəyyənliyi prinsipidir, hansı ki digərlərlə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən iş üzrə yekun qərar qəbul olunarkən bu qərar şübhə altına qoyulmasın. Bu prinsipdən uzaqlaşma yalnız o halda mümkündür ki, ədalət mühakiməsinin səhvlərinin və boşluqlarının aradan qaldırılması üçün mühüm və qeyrimüəyyən halların mövcudluğu olsun. (Avopa Məhkəməsinin “Ryabıx Rusiya Federasiyasına” qarşı, “Marquşin Rusiya Federasiyasına” qarşı işlər üzrə qərarları). Başqa sözlə, hazırki halda iddia tələbi əsaslı şübhələrdən kənar deyil və onun iddia edildiyi qaydada təmin edilməsi mülki qanunvericiliyin prinsiplərinə zidd olardı. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunun qeyd edilən normasına əsasən hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə aparılmış mütəxəssis və ekspert tədqiqatının ümumi dəyəri kimi 361 (311+50) manat pul iddiaçıdan tutularaq müvafiq bank hesablarına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Şirkətinin Cavabdeh qarşı özbaşına inşa edilmiş tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı Şirkətindən iş üzrə aparılmış mütəxəssis və ekspert tədqiqatının dəyəri kimi 311 manat pul tutularaq ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin bank hesabına, 50 manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar