Məhkəmə qərarları › İş №2(012)-1454/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1454/2024

26.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1454/2024 26.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 noyabr 2022-ci il tarixli, ******* №-li aktın ləğv edilməsi, həmin akt əsasında qanunsuz və əsassız olaraq hesablanmış 1036,80 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında iki otaqdan ibarət mənzildə yaşayır. O, 2022-ci ilin oktyabr ayının 09-da yaşadıqları evə verilən qazın kəsildiyini görmüş, fərdi yaşayış evinə quraşdırılmış sayğac Smart tipli olduğundan, sayğaca aid karta pul yükləmiş, bundan sonra yenə də qazın gəlmədiyini görmüşdür. Bundan sonra Abşeron rayon Qaz İdarəsinə gəlib qaz borusunda və sayğacında problemin ola biləcəyini bildirmiş, problemin aradan qaldırılmasını xahiş etmişdir. Abşeron rayon Qaz İdarəsinin əməkdaşları 11 oktyabr 2022-ci il tarixdə gəlib sayğaca baxış keçirmiş, qaz sayğacını söküb yenisini quraşdırmışdırlar. Elə həmin tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib olunmuşdur. Bundan sonra onun yaşadığı evə təbii qaz normal qaydada verilməyə başlamışdır. Lakin 2023-cü ildə təbii qazdan istifadəyə görə ödəniş edərkən çox pul çıxıldığını görmüş və bu zaman qaz sərfiyyatında limiti keçdiyini düşünmüşdür. 2023-cü ilin sonunda yenə təbii qazdan istifadə üçün ödəniş edərkən yenidən bu hal təkrarlanmış, bu hal onda şübhə yaratmışdır. Daha sonra o, Abşeron rayon Qaz İdarəsinə gedib təbii qaz sərfiyyatına görə ondan daha çox pul tutulmasının səbəbini soruşduqda orada ona yaşadığı evə quraşdırılmış sayğacla bağlı 2022-ci ilin noyabr ayının 29-da “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edildiyini, qanunsuz olaraq 8640 m3 həcmində qaz istifadə etdiyini və bu səbəbdən dəymiş ziyana görə 1036,80 manat pul ödəməli olduğunu bildirmişdirlər. Tərtib edilmiş sözügedən aktda da qeyd edilmişdir ki, onların evindən çıxarılmış sayğacın impuls ötürücü dişli çarx yuvasında aşkar olunmamışdır. Bildirir ki, qaz sayğacında nasazlıq baş verən zaman o, şəxsən qaz idarəsinə məlumat vermişdir və iki gün müddətində, yəni qaz sayğacı dəyişdirilənə qədər qazsız qalmışdırlar. Qaz sayğacında olan nasazlıqlar onun təqsiri ucbatından baş verməmişdir və ona görə o, məsuliyyət daşımır. Hesab edir ki, Cavabdeh İB tərəfindən ona 29 noyabr 2022-ci il tarixdə ******* nömrəli akt ilə hesablanmış 1036,80 manat cərimə əsassız və qanunsuzdur. Belə ki, qeyd olunan cərimə borcu tamamilə qanunsuz və əsassız hesablanmışdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 noyabr 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən fərdi yaşayış evinə quraşdırılmış (abonent kodu: **********20930) sayğaca baxış keçirilən zaman MSK-29/1710-03990-1 saylı rəyə əsasən 10** AQ ***000 35315 saylı impuls ötürücü dişli çarxın yuvasında olmadığı aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən evə (abonent kodu: **********20930) 1036,80 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən fərdi yaşayış evinə (abonent kodu **********20930) 29 noyabr 2022-ci il tarixli, ******* saylı akt tərtib edilərək 1036,80 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq istehlakçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X2 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə istehlakçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh şirkət iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, iddiaçı Musayev X1 rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 1036,80 manat məbləğində hesablanmış cərimə silinməlidir. Bundan əlavə işin faktiki hallarından görünür ki, sayğacda impuls ötürücü dişli çarxın yuvasında olmaması barədə 29 noyabr 2022-ci il tarixli, ******* saylı aktın tərtib edilməsinə əsas laboratoriya rəyi olmuş və qeyd olunan akt yalnız sayğacdakı qüsurla bağlı olan halı müəyyən etdiyindən, məhkəmə iddia tələbinin 29 noyabr 2022-ci il tarixli, ******* saylı aktın ləğv olunması hissəsində təmin olunmasını mümkün hesab etmir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30,36 (otuz manat, otuz altı qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı (abonent kodu: **********20930) Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə 29 noyabr 2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 1036,80 manat cərimə silinsin. İddia tələbi 29 noyabr 2022-ci il tarixli, ******* saylı aktın ləğv olunması hissəsində rədd edilsin. Cavabdehndən 30,36 (otuz manat, otuz altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar