Məhkəmə qərarları › İş №2(012)-1459/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1459/2023

13.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1459/2023 13.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən atası X2 məxsus **********00020 saylı abonent koduna xx.xx.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş akt əsasında hesablanmış zərərə görə 216 manat, sayğacın dəyərinə görə 185.73 manat borcun silinməsi və 51 manat mediasiya haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən köhnə G-4 markalı sayğac yeni sayğacla əvəz olunmuş, əvvəlki məişət qaz sayğacı dövlət yoxlanılmasına aparılmış, 1402AZ**********25 saylı məişət qaz sayğacının element yuvasının qapağına vurulan plombun rəngi hesablama mexanizminin qoruyucu örtüyünün rəngindən fərqli olmaqla xx.xx.2018-ci il tarixdən “Alarm-1” rejimi aşkar olunduğundan sayğac istismara yararsız qiymətləndirilmişdir. Nəticə etibarı ilə İddiaçı atası X1 adına olan **********00020 saylı abonent koduna dəymiş zərərə görə 216 manat və sayğacın dəyərinə görə 185.73 manat borc hesablanmışdır. X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Hazırda, cavabdeh tərəfindən akt əsasında hesablanmış borc ilə iddiaçı razı olmadığına görə həmin borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sayğac iddiaçının yaşadığı mənzilin daxilində deyil, binanın blokunda yerləşir. Həmçinin, sayğac çıxarılan zaman ona müdaxilə olunması aşkar edilməmiş, lakin bu barədə akt tərtib edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, 2 il bundan əvvəl ona məxsus olan evə quraşdırılmış sayğaca karta pul yükləyən zaman problem yaranmış və Cavabdeh İB-nin əməkdaşını çağırmışdır. Sayğacda problem olduğu bildirilmiş və sayğacın düzəldilməsi təklifini irəli sürmüşdür. O, sürücü olduğundan məsələnin həll edilməsini xahiş etmişdir. Üzərindən 1 il keçəndən sonra sayğac dəyişilmiş və əvəzinə qoyulmuş smart sayğaca pul yükləyən zaman 5 manat borcdan çıxılması barədə kartda qeyd olunmuşdur. Həmin tarixə qədər qəbzə diqqət yetirməmişdir. Borcun yaranması ilə bağlı aidiyyəti quruma müraciət etmiş və ona sayğaca müdaxilə olunması səbəbindən 300-400 manat civarında borcun yaranması bildirilmişdir. Bu səbəbdən də, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Sayğac yaşadığı fərdi yaşayış evindən küçədə, qapıdan 50-60 metr kənarda quraşdırılmışdır. Sayğac quraşdırılan zaman atası iştirak etmiş, atasının vəfatından sonra o, həmin evə köçmüşdür. Hesab edir ki, atası sayğacdan keçən qazın sərfəli olması üçün hər hansı bir təklif irəli sürə bilməzdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı tərəfindən borcun yaranması ilə bağlı aidiyyəti quruma müraciət olunmuş, sayğac qüsurlu şəkildə olmaqla işlədilmişdir. Baxış keçirilən zaman sayğac yeni sayğacla əvəz olunmuş, əvvəlki sayğac laboratoriyaya aparılmışdır. Qüsurlu işləməsi nəticəsində itirilmiş qaz hesablanmış, bu səbəbdən də, hesablanmış borc ödənilməlidir. Tərtib olunmuş akta əsasən sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən olunmuşdur. Elektron sayğacda giriş-çıxış borusu sayğacın içində yerləşməklə ona müdaxilə olunur. Hesab edir ki, peşəkar şəxs tərəfindən müdaxilə edilməsi mümkündür. Sayğac iddiaçıya məxsus evdən kənarda quraşdırılmış və tərtib olunmuş akt sayğacın içərisində yerləşən pərin deşilməsi ilə əlaqədardır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ № 130041 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1196 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Sumqayıt Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 125 saylı məktubdan görünür ki, notariat ofisinə xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka dair vərəsəsi oğlu - İddiaçı müraciət etmiş və miras qoyan X1 hüquqi varisidir. -xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, X1 yaşadığı ünvanda quraşdırılmış smart markalı, G-4 tipli 1402AZ**********25 saylı sayğaca baxış keçirilmiş, sayğac növbəti dövlət yoxlamasına aparıldığından smart markalı G-4 tipli sayğacla əvəz olunmuşdur. -»Azəriqaz» İB-nin xx.xx.2020-ci il tarixli, MSK-29/1710-00159-4 saylı aktından görünür ki, 1402AZ**********25 saylı sayğac yararsız hesab olunmuşdur. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci tarixli, ******* saylı aktdan görünür ki, X2 məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman xx.xx.2020-ci il tarixdə dövlət yoxlamasına gətirilmiş Metrologiya Departamenti sayğacların müayinəsi laboratoriyasının rəyinə əsasən, G-4 markalı, 1402AZ**********25 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın klapanı işlək deyil, yivli birləşmələr deformasiya və korroziyaya uğramış, sayğacın element yuvasının qapağına vurulan plombun rəngi hesablama mexanizminin qoruyucu örtüyünün rəngindən fərqlidir, sayğacın yaddaş arxivi oxunmuş, sayğacda xx.xx.2017-ci və xx.xx.2018-ci il tarixlərdə “Alarm-1” rejimi aşkar olunduğundan dəymiş ziyanın hesablanması qərara alınmışdır. -»Azəriqaz» İB-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 2160 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2020-ci tarixli, ******* saylı akt olmuşdur. -Abonent kodu **********00020 olan, X1 adına olan abonent saldosundan görünür ki, ünvan 1 ünvanına xx.xx.2019-cu il tarixdə Smart G4 X6 **********6 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Aktlara əsasən hesablanmış, abonentin 2022-ci ilə aid olan borcu 216 manat göstərilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Aslanov X3 rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik məhəlləsi, 1 saylı evin, 5 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə ilkin növbədə, İddiaçı tələb irəli sürməyə subyektiv hüququnun olubolmamasına hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir: Belə ki, iddia tələbi abonent X4 vəfat etdiyindən onun varisi-oğlu İddiaçı tərəfindən irəli sürülmüşdür. İddiaçı tərəfindən silinməsi xahiş olunan borc məbləği mərhum şəxsə məxsus olan Abşeron rayonu ərazisində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı barəsində tərtib olunmuş və həmin ünvanda hazırda, iddiaçı X4 yaşamaqla, fərdi yaşayış evinə sahiblənmişdir. Beləliklə də, mərhum şəxsin oğlu miras qalmış əmlakda yaşamaqla həmin ünvan üzrə faktiki sahibliyi həyata keçirmiş, bununla da, miras əmlakı qəbul etmək niyyəti onun davranışlarından açıq-aşkar müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə həmçinin, qeyd edir ki, qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın smart tipli olduğunu, ona nəzarət edilməsi qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb birbaşa qaz idarəsidir, qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək. Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatı əsasında iddiaçıya məxsus sayğacın onun mənzilindən kənarda quraşdırılması öz təsdiqini tapmışdır. Qeyd olunan hal isə abonentin ona məxsus mənzilə quraşdırılmış sayğacın qorunmasının təmin edilməsini qeyri-mümkün edir. Məhkəmə xx.xx.2020-ci tarixli, ******* saylı akt ilə bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan 216 manat borc məbləği yuxarıda qeyd olunan akt əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2020-ci tarixli, ******* saylı aktı sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, sözügedən akt hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İddia tələbindən göründüyü kimi, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı barəsində xx.xx.2020-ci tarixli, ******* saylı akt tərtib edilərək həmin akt əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə həmin akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, xx.xx.2020-ci tarixli, ******* saylı aktın tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək istehlakçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuşdur. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci tarixli, ******* saylı akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Məhkəmə araşdırması zamanı eyni zamanda, müəyyən olunmuşdur ki, qaz sayğacının qüsurlu işləməsinə görə Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MSK-29/1710-00159-4 saylı akta əsasən, iddiaçıya məxsus evə quraşdırılmış sayğacın klapanının işlək olmadığı, yivli birləşmələrin deformasiya və korroziyaya uğradığı, sayğacın element yuvasının qapağına vurulan plombun rənginin hesablama mexanizminin qoruyucu örtüyünün rəngindən fərqli olması, sayğacda xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixlərdə “Alarm-1” rejimi aşkar olunduğundan dəymiş ziyanın hesablanması qərara alınmışdır. Göründüyü kimi, tərtib olunmuş akt sayğacın kənar təsir nəticəsində deyil, sayğacın daxilində yerləşən pərin deşilməsi ilə əlaqədardır ki, bunun da abonent tərəfindən müdaxilə olunmaqla edilməsi inandırıcı deyildir. Məhkəmə bununla bağlı qeyd edir ki, sayğacın içərisində yerləşən plastmas boruya müdaxilə edilməsi üçün onun plombunun qırılması zəruridir. Başqa sözlə, abonent tərəfindən sayğaca müdaxilə edilməsi, abonent maraqlı olsa belə, plomb açılmamış daxilinə nüfuz edilməsi mümkün deyildir. Belə olan halda isə nəticə etibarı ilə sayğac quraşdırılanda onun qüsurlu vəziyyətdə quraşdırılması istisna deyildir. Bu səbəbdən də, bu halda da tərtib olunmuş aktın qüsurlu olmasının göstəricisidir. Ona görə də, göstərilənlərə əsasən, məhkəmə abonent saldosuna uyğun olaraq, iddiaçıya hesablanmış 216 manat cərimə məbləğinin silinməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə eyni zamanda, qeyd edir ki, iddiaçı iddia tələbində sayğacın dəyərinə görə ödənilmiş 185.73 manat pul vəsaitinin də silinməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddia tələbinin əsası kimi istinad etdiyi halları və faktları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı həmin tələbinə dair mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia tələbləri bu hissədə əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Beləliklə, məhkəmə daxili inamını və məhkəmə gedişatının nəticəsinə əsaslanaraq, qeyd edir ki, iddia ərizəsi qismən təmin edilməli, 216 manat cərimə borcu abonent kodu **********00020 olan İddiaçı məxsus abunə hesabından silinməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə, mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumu isə iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən göründüyü kimi, iddiaçı mediasiya prosesinin keçirilməsinə görə 50 manat pul vəsaiti ödəmişdir. Ona görə də iddia ərizəsi mediasiya haqqının tutulması hissəsində qismən təmin edilərək 50 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat borc abonent kodu **********00020 olan X2 (hüquqi varisi İddiaçı) məxsus abunə hesabından silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh İB-dən mediasiya haqqına görə ödənilmiş 50 (əlli) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar