Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-148/2022 14.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi X6, Cavabdeh Abşeron Rayon Xırdalan Bələdiyyəsinin nümayəndəsi X8, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 Xırdalan Şəhəri üzrə Nümayəndəliyi, Abşeron Rayon Xırdalan Bələdiyyəsi və üçüncü şəxs Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı «vurulmuş maddi ziyanın Cavabdeh1ndən tutulması və qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun Cavabdeh1 hesabına açılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan X5 tikintisi zamanı ona məxsus olan torpaq sahəsinin daş hasarının qanunsuz sökülməsi nəticəsində 12500 manat məbləğində dəymiş zərərin Abşeron RİH-dən tutularaq mənə ödənilməsi; Ümumi torpaq sahəsinin digər hissəsində yerləşən qeyri-yaşayış sahəsinə giriş- çıxış üçün yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Xırdalan X5 tikintisi zamanı ona məxsus olan torpaq sahəsinin daş hasarını sökülməsi nəticəsində ona dəymiş 20000 manat məbləğində dəymiş zərərin Abşeron RİH-dən tutularaq ona ödənilməsi, ümumi torpaq sahəsinin digər hissəsində yerləşən qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun Abşeron RİH-nin hesabına açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, xx.xx.2004-cü il tarixdə Xırdalan şəhəri, Sumqayıt şossesində yerləşən və “Tər-Tər” firmasına məxsus olan 1 hektar torpaq sahəsinin 1/2-ni (0,5 ha) alqı-satqı yolu ilə almışdır. (Abşeron Rayöon 1 №-li Notariat Kontoru, reyestr M 4Ə/1413. X16-si YN-1272, kod 30801006, qeydiyyat kitabında № 7958/xx.xx.2005-ci il) Sahə daş hasarla əhatəyə alınmış və orada 243,2 kv.m qeyri-yaşayış sahəsi də tikilmişdir. Elektrik təchizatı üçün ll- T/1021 saylı 29 aprel 2005-ci il tarixli Texniki Şərt alınmış, sahəyə su xətti çəkilmişdir. Süd məhsulları istehsal etmək üçün açılacaq mini zavod üçün müəyyən avadanlıqlar alınmışdır. O özü əslən Qarabağ bölgəsindən olduğuna görə məqsədi həmin çətin dövrdə az da olsa insanları işlə təmin etmək olmuşdur. Ancaq həmin dövrdə bəzi məmurlar tərəfindən onların işlərinə bürokratik əngəllər olmuş, maneçilik törədilmişdir. Onlar sahəni abadlaşdıraraq orada 600 ədəd meyvə ağacları və bəzək kolları da əkmişlər. Ancaq göstərilən səbəblərdən və suyun kəsilməsi üzündən həmin ağaclar da qurayaraq sıradan çıxmışdır. Orada bir neçə oğurluq hadisəsi baş verdiyi üçün təəssüf ki, işləri alınmamışdır. Sonradan müvafiq orqanlara bir neçə proyekt təqdim edib iş qurmaq istəsələr də, naməlum səbəblərə görə həmin orqanlardan razılıq və dəstək ala bilməmişlər. 2011-ci ilin may ayında Cavabdeh1 Xırdalan şəhər üzrə nümayəndəsi F.Orucov ona telefonla zəng edərək ora dəvət etmiş və göstərilən ərazidə X5 tikilməsi planı olduğunu bildirmişdir. Çox çəkmədən ərazinin daş hasarının sökülməsi xəbərini almışdır. 18 sentyabr 2012-ci il tarixdə o, qanunla nəzərdə tutulmuş kompensasiya və ya razılaşma (əvəzləşmə) yolu ilə alınmış torpağın əvəzinin ödənilməsi üçün Cavabdeh1 Başçısı cənab Z.Fərəcova müraciət etmişdir. 12 oktyabr 2012-ci il tarixdə o, Abşeron RİHB-nın Xırdalan şəhər üzrə nümayəndəsi F.Orucov tərəfindən ora dəvət olunmuş, ancaq uzun müddət F.Orucovdan yalan və boş vəddən başqa bir şey görməmişdir. Onun dəfələrlə icra başçısına və müvafiq orqanlara müraciət etməyinə baxmayaraq, hələlik bu müraciətlərin bir müsbət nəticəsi olmamışdır. Ona məxsus olan 0,5 ha torpaq sahəsi qanunsuz olaraq zəbt edilmişdir. Torpağın qalan hissəsində yerləşən qeyri-yaşayış sahəsindən istifadə olunması mümkün deyil. Çünki ərazinin daş hasarı (bir hissəsi) uçurulmuş, sahənin darvaza və giriş qapısı sökülüb aparılmış, yeri isə daşla hörülmüşdür. Dəfələrlə müraciət etməklərinə baxmayaraq, vəd etsələr də, icra başçısının göstərişlərinə belə məhəl qoymayaraq sahəyə girmək üçün onlara yol vermirlər. Belə olan surətdə onlar faktiki olaraq torpaqdan və mülkiyyətdən istifadə hüququndan məhrum olmuşlar. AR Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. AR MM-nin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona digər sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. AR Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. AR MM-nin 21.1-ci maddəsində deyilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsində zərərə aşağıdakı kimi anlayış verilir. "Zərər” dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakın zədələnməsi (Real gəlir), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (Əldən çıxmış fayda) başa düşülür. AR MM-nin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. AR MM-nin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulan zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində fiziki və ya hüququ şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, Cavabdeh1 vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində ona maddi zərər vurulmuşdur. Belə ki, 150 metr uzunluğu, 3 m hündürlüyü olan daş hasar sökülmüş, tikinti materiallarından isə digər məqsədlər üçün istifadə edilmişdir. Hesablamaya görə bu günki qiymətlərlə ona 20000 manat zərər dəymişdir ki, bunun da smetası məhkəməyə təqdim edilmişdir. Hesab edir ki, bu zərəri Abşeron RİH ödəməlidir. Çünki, Xırdalan X5 layihələndirilməsi və tikintisinə icazə verilməsi barədə Abşeron RİH Başçısının 1866 saylı, xx.xx.2011-ci il tarixli Sərəncamı ilə həmin tikintiyə nəzarət RİH-nin Memarlıq və Tikinti Şöbəsinə tapşırılmışdır. Bundan əlavə daş hasarını Abşeron RİH və Xırdalan Bələdiyyəsinin işçiləri sökmüşdür. Odur ki, o, Xırdalan X5 tikintisi zamanı ona məxsus olan torpaq sahəsinin daş hasarını sökülməsi nəticəsində ona dəymiş 20000 manat məbləğində dəymiş zərərin Abşeron RİH-dən tutularaq ona ödənilməsi, ümumi torpaq sahəsinin digər hissəsində yerləşən qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun Abşeron RİH-nin hesabına açılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi X9 məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək X1 tikintisi zamanı ona məxsus olan daş hasarın sökülməsi nəticəsində ona dəymiş maddi ziyanın Cavabdeh1ndən tutularaq ona ödənilməsi və torpaq sahəsinə giriş-çıxış yolunun Abşeron RİH-nin hesabına açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 inşaası zamanı torpaq sahəsinə çəkilmiş daş hasar sökülmüş, həmin sahəyə giriş-çıxış yolu bağlanmışdır. Tələbdə həmin hasarın kim və ya hansı orqan tərəfindən sökülməsi barədə hər hansı qeyd yoxdur və həmin faktı təsdiq edəcək sübut ərizəyə əlavə edilməmişdir. Eyni zamanda iddia tələbində iddiaçı torpaq sahəsinin də bir hissəsinin zəbti olundğunu qeyd etsə də, yenə də torpağın kim tərəfindən zəbt olunduğuna aydınlıq gətirməmiş və sübut təqdim etməmişdir. Aşağıda qeyd edəcəkləri əsaslara görə hesab edir ki, iddia tələbi Cavabdeh1nə qarşı hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı rayon İcra hakimiyyətinə müraciət edərək torpaq sahəsinə mövcud olmuş giriş-çıxış yolunun bərpa edilməsinə köməklik göstərilməsini xahiş etmiş və iddiaçının özünün iştirakı ilə əraziyə baxış keçirilmişdir. İddiaçı vaxtilə torpaq sahəsinə giriş-çıxış yolunu naturada RİH-nin əməkdaşlarına tanıtmış və həmin yoldan yenidən istifadə edilməsi üçün razılıq verilməsini və bu razılığın rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Tərəflərindən həmin ərazidən istifadə edilməklə mərkəzi yola çıxışa hər hansı etirazlarının olmadığı bildirilmişdir. Lakin sonradan aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının özünün də iştirakı ilə baxılıb seçilmiş ərazi kənar şəxsin mülkiyyətindədir. İddiaçıya yaranmış vəziyyətlə bağlı məlumat verilmiş və kənar şəxsin mülkiyyətində olan torpaq sahəsindən giriş-çıxış yolu kimi istifadə edilməsinə RİH tərəfindən rəsmi qaydada razılıq verilməsinin və həmin giriş-çıxış yolunun koordinatlarının təsdiq olunmasının mümkünsüz olduğu bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçıya məxsus torpaq sahəsinə bitişik olan və iddiaçının giriş-çıxış yolu kimi istifadə etmək istədiyi torpaq sahəsi Abşeron İcra Hakimiyyəti təəfindən kənar şəxsin mülkiyyətinə verilməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, hazırki iddia tələbi üzrə heç bir halda Cavabdeh1 cavabdeh kimi cəlb edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmədən iddia tələbinin Cavabdeh1nə qarşı hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini, qalan cavabdehlərə qarşı hissədə isə məhkəmənin mülahizəsinə buraxılmaısnı xahiş etdi. Cavabdeh Abşeron Rayon Xırdalan Bələdiyyəsinin nümayəndəsi X11 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Abşeron Rayon Xırdalan Bələdiyyəsinin yalnızca hüquq və maliyyə şöbəsi vardır. Bələdiyyə tikintilərə nəzarət edən və ya tikililəri sökən orqan deyildir. Abşeron rayon Xırdalan Bələdiyyəsi iddiaçıya məxsus heç bir tikilini sökməmişdir və İddiaçı bələdiyyənin ona məxsus tikilini sökməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. AR MPM-nin 77-ci maddəsinə əsasən, iddiaçı mübahisə predmeti olan ərazidə Abşeron Rayon Xırdalan Bələdiyyəsinin söküntü işləri apardığını sübut etməlidir. Həmçinin Abşeron Rayon Xırdalan Bələdiyyəsinin söküntü işləri aparmaq üçün texnikası da yoxdur. Odur ki, sözügedən torpaq sahəsinin digər hissəsində yerləşən qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun açılması bələdiyyənin səlahiyyətində deyildir. Qeyd edilənlərə əsasən, o, iddianın rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X7 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ilə birlikdə təhqiqat obyektinə baxış keçirmək üçün getmişlər. İddiaçının ərazisinə keçmək üçün yer olmadığından, Xırdalan X5 həyətindən keçərək əraziyə daxil olmuşlar. Onlarda baza məlumatı olmadığı üçün ekspertiza qərardadının 2-ci sualını cavablandırmaq mümkün olmamışdır. Servitut hüququ ilə yaşıllığın sahibindən icazə alaraq yolu bərpa etmək mümkündür. Odur ki, o, əvvəlki yolun olub-olmamasını əmlakın Elektron Bazası olmadığı üçün təhqiqat apara bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 Xırdalan Şəhəri üzrə Nümayəndəliyi və üçüncü şəxs Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh orqan və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair 28 dekabr 2004-cü il tarixli, JN-1272 saylı Dövlət Aktından görünür ki, Abşeron Rayon 1 saylı DNK-nun xx.xx.2004-cü il tarixli 4Ə/1413 saylı alqı-satqı müqaviləsi ilə daimi istifadə hüququna verilmiş 0,50 hektar ölçüsü olan torpaq İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan 02 dekabr 2004-cu il tarixli Texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 163 reyestr, 163 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron Rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesində yerləşən qeyri-yaşayış binası ½ hissədə İddiaçı, ½ hissədə X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2022-ci il tarixli, 10/6758 saylı ekspert rəyindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesində yerləşən 0,50 ha torpaq sahəsinin (“Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2004-cü il tarixli, JN 1272, Kod 30801006 saylı Dövlət Aktında qeyd edilən torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) daxilində yerləşən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən Abşeron Rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi küçəsində yerləşən 1/4 hissə İddiaçı, 1/2 hissə X4 adına 02 dekabr 2004-cü il tarixdə, 01 nömrəli reyestr kitabında 041 səhifədə, 163 reyestr nömrəsi ilə qeydiyyata alınmış qeyri-yaşayış sahəsinə giriş-çıxış yolu mövcud deyil. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim edilmədiyindən İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesində yerləşən 0,50 ha torpaq sahəsinin (“Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2004-cü il tarixli, JN 1272, Kod 30801006 saylı Dövlət Aktında qeyd edilən torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) daxilində yerləşən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən Abşeron Rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi küçəsində yerləşən 1/4 hissə İddiaçı, 1/4 hissə X4 adına 02 dekabr 2004-cü il tarixdə, 01 nömrəli reyestr kitabında 041 səhifədə, 163 reyestr nömrəsi ilə qeydiyyata alınmış qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun hansl istiqamətdən açılması barədə tədqiqat aparılmadı. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmədə izahatında Xırdalan X5 tikintisi zamanı ona məxsus olan torpaq sahəsinin daş hasarını sökülməsi nəticəsində 20000 manat məbləğində dəymiş zərərin Abşeron RİH-dən tutularaq ona ödənilməsi xahiş etmiş,lakin məhkəmədə sübutların tədqiqatı zamanı özünün izahatından başqa hər hansı bir mötəbər sübuta istinad etməmişdir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddia tələbinin Xırdalan X5 tikintisi zamanı ona məxsus olan torpaq sahəsinin daş hasarını sökülməsi nəticəsində 20000 manat məbləğində dəymiş zərərin Abşeron RİH-dən tutularaq ona ödənilməsi tələbinə dair iddiaçının izahatı digər sübutlarla təstiqini tapmadığından həmin izahata tənqidi yanaşılmalıdır. Məhkəmə iddia tələbinin qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun Abşeron RİH-nin hesabına açılması hissəsi ilə də razı deyildir. İddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesində yerləşən qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun faktiki vəziyyətini müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2022-ci il tarixli, 10/6758 saylı ekspert rəyi ilə həqiqətən də müəyyən edilmişdir ki, mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən Abşeron Rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi küçəsində yerləşən 1/4 hissə İddiaçı, 1/2 hissə X4 adına 02 dekabr 2004-cü il tarixdə, 01 nömrəli reyestr kitabında 041 səhifədə, 163 reyestr nömrəsi ilə qeydiyyata alınmış qeyri-yaşayış sahəsinə giriş-çıxış yolu mövcud deyildir.Lakin, iddiaçı iddia ərizəsində Cavabdeh1, Cavabdeh1 Xırdalan Şəhəri üzrə Nümayəndəliyi və Abşeron Rayon Xırdalan Bələdiyyəsini cavabdeh kimi göstərib, giriş-çıxış yolunun Abşeron RİH-nin hesabına açılmasını tələb etsədə, Cavabdeh1 məhz hansı hərəkətləri nəticəsində giriş-çıxış yolunun bağlanmasına dair sübutlar təqdim etməmişdir.Ona görə məhkəmə hesab edir ki,iddiaçı ilkin olaraq hansı hallar (İcra hakimiyyətinin sərəncamı,Bələdiyyənin qərarı və c) və həmin halları təstiq edən sübutlar əsasında hüququnun pozulmasını müəyyən etməli və hüququnun pozulmasına əsas olmuş həmin rəsmi sənədləri müvafiq məhkəmə qaydasında mübahisələndirməli və yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255-ci maddəsi ilə müəyyən edilmiş qaydada servitut almaq üçün müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X2, kod210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİKCTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 Xırdalan Şəhəri üzrə Nümayəndəliyi, Abşeron Rayon Xırdalan Bələdiyyəsi və üçüncü şəxs Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı Xırdalan X5 tikintisi zamanı ona məxsus olan torpaq sahəsinin daş hasarının sökülməsi nəticəsində ona dəymiş 20000 (iyirmi min) manat məbləğində zərərin Cavabdeh1ndən tutularaq ona ödənilməsi, ümumi torpaq sahəsinin digər hissəsində yerləşən qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun Cavabdeh1 hesabına açılması barədə iddia tələbi rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X2, kod210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİKCTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-148/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-148/2022
14.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver