Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1485/2022 25.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onun vəkili-nümayəndəsi X1, Cavabdeh, onun vəkilinümayəndəsi Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna maneələrin aradan qaldırılması və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 25 aprel 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna maneələrin aradan qaldırılması və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məxsus Abşeron ray, Masazır kəndi, H.Z.Tağıyev küç, ev 122-də yerləşən yaşayış sahələrinə istifadə edilməsi ilə bağlı cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, yaşayış sahələri yerləşən torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və yaşayış sahələrinin sərhədlərinin naturada müəyyənləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıların qardaşıdır. 2000-ci ildə onlar birlikdə torpaq almaq qərarına gəlmişlər. Bununla bağlı sənədləşmə işlərinin daha sonra çətinlik olmadan həyata keçirilməsi üçün torpaq sahəsinin bir nəfərin adına alınmasını qərarlaşdırmışlar. Aralarındaki razılaşmaya əsasən torpaq sahəsi Cavabdeh adına alınmışdır. Torpaq sahəsinin 0.08 ha hissəsi iddiaçının payına düşməli idi. Həmin hissə bölündükdən sonra qalan 0,03 ha torpaq sahəsi isə onların aralarında bölünməli idi. Bu razıalşmaya uyğun hərəkət etmişlər. İddiaçı özünə aid 0,08 ha torpaq sahəsində yaşayış sahəsi inşa etmişdir. İddiaçılar özünə aid olan ərazidə özləri üçün yaşayış sahəsi tikdirmişlər. Nəticədə hazırda mübahisə predmeti olan torpaq sahəsində 3 tikili mövcuddur. Üç qardaş artıq 21 ildir həmin torpaq sahəsində tikilmiş yaşayış sahəsində yaşayırlar. Onlar bu şəkildə yaşadıqdan bir müddət sonra torpaq sahəsini və yaşayış sahələrinin rəsmiləşdirliməsini istədikdə cavabdeh bununla razılaşmamışdır. Bir müddət sonra isə həmin torpaq sahəsindən çıxıb getməli olduqlarını bildirmişdir. Hazırda iddiaçılar həmin yaşayış sahəsində yaşasalar da, oradan tamamilə istifadə edə bilmirlər. Belə ki, cavabdeh onların həmin yaşayış sahələrindən istifadə hüquqlarını məhdudlaşdırır. Onlara aid hissədə mövcud olan yaşayış sahəsinin qazlaşdırılmasına və digər kommunal xidmətlərin təşkil edilməsinə maneələr yaradılır. Bu onların hüquqlarının kobud pozuntusudur. Nəticə etibarı ilə həmin torpaq sahəsində yerləşən onlara aid yaşayış sahəsinə istifadə hüquqlarına maneələr aradan qaldırılmalıdır və həmin yaşayış sahələri sərhədləri naturada müəyyən edilib, istifadə yaşayış sahələrindən və torpaq sahəsində istifadə qaydaları müəyyən edilməlidir. Odur ki. məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı2, İddiaçı1, onların vəkili-nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddiaya verilən etirazı müdafiə edərək bildirdi ki, o, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 1-ci Qarabağ müharibəsinin veteranıdır. Müharibədən qayıtdıqdan sonra Bakıda işləyib yaşamaq qərarına gəlmişdir. Xırdalan südçülük - tərəvəzçilik sovxozunun direktorunun 26 aprel 1995-ci il tarixli 84 nömrəli məktubuna əsasən, “Xırdalan südçülük - tərəvəzçilik sovxozunda işləyən fəhlə və qulluqçulara verilən həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi haqqında” Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyinin 06.08.1996-cı il tarixli, 28 nömrəli Sərəncamı ilə ona fərdi ev tikintisi üçün 0,1 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. 1998-ci ildə həmin sahədə özünə ev tikmiş və 2003-cü ildə həmin evdə yaşamağa başlamışdır. Qardaşı İddiaçı2 evləndikdən sonra 2005-ci ildən qayınanasına məxsus olan Xocasən qəsəbəsində yerləşən evdə yaşamış, lakin 2009-cu ildə qayınları və qayınanası tərəfindən evdən çıxarılmışdır. Qardaşı ailəsi ilə birlikdə evsiz qalmasın deyə öz torpaq sahəsində ev tikməyə qərara gəlmişdir. Həmin evi tikmək üçün isə özünə avtomobili alınması üçün topladığı 10.000 manatı xərcləmişdir. Həmçinin, ona məxsus torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmiş və sahə X5 kitabında 17.05.2010-cu il tarixdə 14153 nömrə ilə uçota alınmışdır. Bundan başqa, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 17.06.2010-cu il tarixli, 784 nömrəli Sərəncamı ilə ona məxsus torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin Sərəncama əsasən ona məxsus torpaq sahəsində yeni ev tikmiş və elə 2010-cu ildə qardaşı İddiaçı1 evləndikdə valideynlərinin xahişi ilə ona ailəsi ilə birlikdə tikdiyi həmin evdə yaşamasına icazə vermişdir. Qeyd etdiklərini qohumları və qonşuları təsdiq edə bilərlər. Lakin hazırda qardaşları ona məxsus evləri və torpaq sahəsini mənimsəmək istəyirlər və səbəbsiz yerə münaqişə yaratmağa çalışırlar. Qardaşları icazəsi ilə müvəqqəti məskunlaşdıqları torpaq sahəsinə və həmin sahədə tikilmiş yaşayış sahələrinə dair hər hansı bir subyektiv hüquqa malik deyillər və bu səbəbdən onların ona qarşı qaldırdıqları iddia tələbləri rədd edilməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Abşeron RİHB-nını Masazır kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən 29.01.2020-ci il tarixdə verilmiş 29 nömrəli məktubdan görünür ki, İddiaçı2 öz ailəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Digər vətəndaş İddiaçı1 isə Abşeron RPİ-nin pasport masasına qeydiyyata götürülməklə ünvan 1 ünvanında öz ailəsi ilə bilrikdə yaşayır. Mülki iş materiallarında olan şəhadətnamənin və qəbzlərin surətlərindən görünür ki, Səfərov X3 rayonu, Masazır kəndi, H.Z.Tağıyev küçəsi, ev 122 ünvanı üzrə Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi kimi uçota alınmış və vergi ödəmişdir. Mülki iş materiallarına əlavə olunan qəbzlərdən müəyyən olnur ki, İddiaçı2 tərəfindən su, qaz, işıq və.s xərclər ödənilmişdir. Mülki iş materiallarına əlavə olunan Abşeron RİHB-nın Masazır kəndi üzrə nümayəndəliyinin Xırdalan südçülük-tərəvəzçilik sovxozunda işləyən fəhlə və qulluqçulara verilən həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikilməsi haqqında 06.08.1996-cı il tarixli 28 nömrəli sərəncamı və sərəncamından çıxarışdan görünür ki, Cavabdeh Masazır kəndi üzrə nümayəndəliyinin Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun 26 aprel 1995-ci il tarixli 84 nömrəli məktubuna əsaslanaraq torpaq sahəsinin naturadan bölgüsü rayon memarlıq şöbəsi ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasında kənd yeri üçün tövsiyyə olunmuş layihə üzrə 0.1 ha ölçüsündə torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. Mülki iş materiallarına əlavə olunan Abşeron rayon İcra Hakimiyyəti Başçısının 17 iyun 2010-cu il tarixli 784 nömrəli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Masazır kəndi üzrə nümayəndəsinin 06.08.1996-cı il tarixli 28 nömrəli sərəncamı ilə Masazır kəndi ərazisində ona məxsus 0,10 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Mülki iş materiallarına əlavə olunan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən 04.05.2010-cu il tarixli 742 nömrəli rəyinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəsinin 06.08.1996-cı il tarixli 28 saylı sərəncamına əsasən Cavabdeh ayrılmış 0,10 ha olmaqla ayrılmış torpaq sahəsi qanunamüvafiqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz edilmişdir. Mülki iş materiallarına əlavə olunan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Cavabdeh Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəsinin 06.08.1996-cı il tarixli 28 nömrəli sərəncamına əsasən 1000 kv.m sahəsi olan fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququ yoxdur. Beləliklə, məhkəmə kollegiyası yaranmış hazırkı vəziyyətdə belə nəticəyə gəlir ki, cavabdehin özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, MM-nin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oradan istifadə hüququ müəyyən oluna bilməz, lakin həmin vətəndaşların oraya köçürülməsinə də qadağalar qoyula bilməz. Həmin Məcəllənin 172.2-ci maddəsinə əsasən Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyinin 06.08.1996-cı il tarixli, 28 nömrəli Sərəncamı ilə cavabdehə fərdi ev tikintisi üçün 0,1 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ünvan 3 ünvanda ayrı-ayrı vaxtlarda üç tikili tikilmiş, tərəflərin hər biri özünə aid həmin tikililərdə ailə üzvləri ilə birlikdə yaşayırlar.Tərəflərin izahatına görə hər bir tikilinin kommunal xidmətləri üzrə müqavilələr onların hər birinin adınadır. İddiaçıların izahatlarına görə həmin torpaq sahəsindən və tikililərdən istifadə edilməsində onlara cavabdeh tərəfindən müxtəlif maneçiliklər vardır. Cavabdeh iddiaçılardan İddiaçı2 kommunal xidmətlərə dair müqavilələri adına rəsmiləşdirilməsinə maneçilik edir, yəni müqavilələrin cavabdehlə bağlanmalı olmasını bildirir. Məhkəmə iddia tələbinin yaşayış sahələrindən istifadə edilməsi ilə bağlı cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, işin müəyyən edilən hallarından göründüyü kimi tərəflər uzun müddətdir ki, qeyd edilən ünvanda inşa edilmiş özbaşına tikililərdə ailələri ilə birlikdə yaşayırlar, Onların hər birinin adına yaşayış yerləri üzrə kommunal istifadə ilə bağlı müqavilələri olmuşdur.Cavabdeh tərəfindən iddiaçılardan İddiaçı2 kommunal xidmətlərə dair müqavilələrin adına rəsmiləşdirilməsinə edilən maneçilik həmin müqavilələrin cavabdehlə bağlanmalı olmasıdır ki, bu hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, həmin müqavilələr istehlakçı ilə bağlanmalıdır, cavabdeh isə iddiaçıların yaşadığı özbaşına tikililərdə yaşamır və həmin sahə üzrə də istehlakçı olmadığından onun bu barədə iddiaçı Qadir Səfərova olan maneçiliyi qanunsuz hesab olunmalı , bu hissədə iddia əsaslı olmaqla təmin edilməli, Abşeron ray, Masazır kəndi, H.Z.Tağıyev küç, ev 122- ünvanda cavabdeh tərəfindən iddiaçı Səfərov Qadir Yaqub oğluna onun yaşadığı tikiliyə dair kommunal xidmətlərin təşkili ilə əlaqədar edilən maneələr aradan qaldırılmalıdır. Məhkəmə iddia tələbinin yaşayış sahələri yerləşən torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və yaşayış sahələrinin sərhədlərinin naturada müəyyənləşdirilməsi hissəsinə münasibətdə qeyd edir ki, bu səlahiyyətlər potensial mülkiyyətçi hesab olunan cavabdehə məxsus səlahiyyətlər olduğundan iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırki iş üzrə cavabdeh dövlət rüsumundan azad edildiyindən ödənmiş rüsum iddiaçılar aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Abşeron ray, Masazır kəndi, H.Z.Tağıyev küç, ev 122- ünvanda Cavabdeh tərəfindən iddiaçı Səfərov Qadir Yaqub oğluna onun yaşadığı tikiliyə dair kommunal xidmətlərin təşkili ilə əlaqədar edilən maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1485/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1485/2022
25.04.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver