Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1495/2023 11.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh2 və onun nümayəndəsi-vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu X5 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin cinayət işində bir neçə zərərçəkmiş şəxs tanınmış və onlardan biri də Cavabdeh2 olmuşdur. Cinayət işinin materiallarına görə cavabdehə cinayət əməli nəticəsində 5574 manat maddi ziyan dəymişdir. İddiaçı Cavabdeh2 ilə barışıq əldə etmək üçün oğlunun ona vurduğu maddi ziyanı ödəməyə çalışmışdır. Bu məqsədlə, həm iddiaçının, həm də X1 atası tərəfindən danışıqlar aparılmış və cavabdehə vurulmuş maddi ziyanın bir qismi məhkəmə baxışı zamanı ödənilmişdir. Yerdə qalan 2600 manat məbləğin isə maddi imkan olduqca hissə-hissə ödənilməsi barədə razılıq əldə olunmuşdur. Lakin Cavabdeh2 həmin borcu təsdiq edən notarial qaydada müqavilə bağlamağı təklif etmiş, iddiaçı da aralarında barışıq əldə olunsun deyə, həmin kredit müqaviləsini bağlamağa razılıq vermişdir. Bundan sonra, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, lakin bu kredit müqaviləsi Elçinin cavabdehə vurduğu maddi ziyana görə bağlanmışdır, yəni, iddiaçı həqiqətdə bir manat da olsa pul almamışdır. İddiaçı müqavilənin bağlanmasına razılıq versə də cavabdeh bu müqavilədən sui-istifadə edərək icra qeydinin verilməsi üçün notariat ofisinə müraciət etmişdir. Bu günlərdə həmin kredit müqaviləsi ilə əlaqədar icra qeydinin veriləcəyi barədə notarial ofisindən məktub göndərilmişdir. Bu səbəbdən də, iddiaçı məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cinayət işinin gedişində barışıq əldə olunsa cəzanın yüngülləşdirilməsi nəzərdə tutulmuşdur. Hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə başqa bir əqdi pərdələmək niyyəti ilə bağlanmışdır. İddiaçının oğlu onsuz da məsuliyyət daşıyır və cavabdehin iddiaçının oğlundan pul tələbi qanunla istisna edilməmişdir. Bu səbəbdən də, tərəflər arasındakı müqavilə münasibəti düzgün sənədləşdirilməmişdir. Atanın oğluna görə öhdəlik daşıması barədə irəli sürülən fikir absuddur. İddiaçı notariusa gedəndə oğlunun əvəzinə müqavilə bağlayan zaman hər hansı bir təsir olmamışdır. Başqa sözlə, iddiaçı oğlunun azadlığa çıxması məqsədilə həmin müqaviləni bağlamışdır. Oğlu ziyan vurubsa iddiaçının borc alması məsələsi absurddur. İddiaçı müharibə veteranıdır və yoldaşı da sağlamlıq cəhətdən ağır vəziyyətdədir. İddiaçının həmin pulu ödəməyə halbuki, heç maddi imkanı belə yoxdur. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçının iddia tələbləri əsassızdır. Tərəflər arasında müqavilə bağlanmış və bu, danılmaz faktdır. Rəsmi müqavilə bağlanmış və onun əksini təsdiq edən fakt yoxdur. Ata oğlunun əməlinə görə də öhdəlik daşıyır. Notariusun depozit hesabına pul ödənilmişdir. Əks halda, müqavilə bağlanmazdı və bu, notariusun iş materiallarında vardır. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, müqavilə bağlanmış və yanvar ayına kimi borcun ödənilməsi ona bildirilmişdir. O, depozitə 2600 manat pul ödəmişdir. O, iddiaçı ilə kredit müqaviləsi bağlasa da pul vəsaiti götürməmişdir və buna dair kamera çəkilişləri vardır. İnsanlıq naminə müqaviləni bağlamışdır. İddiaçı borc müqaviləsinin bağlanması barədə ona müraciət etməmişdir. O, qarşı tərəfə 2600 manat ödəmiş və iddiaçının ona 2600 manat borcu vardır. Cavabdeh ünvan 1 ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, cavabdeh xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirib iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron rayon 1 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə, 3M-661 reyestr nömrəsi ilə təsdiq edilmiş, borcverən Cavabdeh2 ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, borcverən borcalana xx.xx.2022-ci il tarixədək 2600 manat borc verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. -Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 24-N nömrəli qərarı ilə təsdiq edilmiş “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş”dən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 3M-661 reyestrli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 2600 manat borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən notarius tərəfindən icra qeydinin aparılacağı barədə bildirmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(105)-439/2022 saylı qərarından görünür ki, apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 1(012)-19/2022 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərardan daha sonra görünür ki, Abşeron rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 1(012)-19/2022 saylı hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə cəzaçəkmənin əvvəlinin onun həbs olunduğu xx.xx.2020-ci il tarixdən hesablanması, X5 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılması hökm olunmuşdur. Hökmdən daha sonra görünür ki, bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X5 ilə cinayət əlaqəsinə girərək 02 iyun 2019-cu il tarixdə saat 21 radələrində Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə getmiş və ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün həyətdə mövqe seçib gözləmiş, X5 isə həmin evə plastik pəncərənin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olub yataq otağındakı dolabdan 714 manat dəyərində, 17 qram çəkidə, 1 ədəd qızıl boyunbağı, 84 manat dəyərində, 2 qram çəkidə, 1 ədəd qızıl boyunbağı, 336 manat dəyərində, 8 qram çəkidə, 1 ədəd qırmızı qaşlı qızıl qadın üzüyü, 210 manat dəyərində, 5 qram çəkidə, 1 ədəd brilyant qaşlı qızıl qadın üzüyü, 210 manat dəyərində, 5 qram çəkidə, 1 ədəd “fantaziya” qızıl qadın üzüyü, 168 manat dəyərində, 4 qram çəkidə, 1 ədəd qızıl nişan üzüyü, 294 manat dəyərində, 7 qram çəkidə, 1 ədəd qızıl nişan üzüyü, 168 manat dəyərində, 4 qram çəkidə, üzərində “Zaura nənələrindən” sözləri həkk olunmuş 1 ədəd qızıl qolbağı və 3390 manat nağd pulu gizli olaraq talamış, həmin qızıl-zinət əşyalarını Yusif Əsgərov satmış və əldə olunmuş pulu öz aralarında yarı bölüb şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs Cavabdeh2 ümumilikdə, 5574 manat xeyli miqdarda ziyan vurmuşdur. Hökmdən daha sonra görünür ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilən Cavabdeh2 ifadəsində göstərmişdir ki, 03 iyun 2019-cu il tarixdə saat 12 radələrində yaşadığı evdə təmizlik işləri aparan zaman qonaq otağındakı pəncərənin dəmir barmaqlığının qırıldığını aşkar etmiş, buna görə də yataq otağına keçib əri İlqarın pencəyinin ciblərini yoxlamış, məlum olmuşdur ki, oradan qızıl-zinət əşyaları və 3390 manat nağd pul oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona 5574 manat maddi ziyan dəymişdir. Ona vurulmuş ziyan ödənilmiş, hazırda, şikayətçi deyil. -Cavabdeh2 məhkəməyə ünvanladığı ərizədən görünür ki, cavabdeh ərizəsində “İddiaçı ona borc müqaviləsi bağlamaq təklifini irəli sürdüyünü” bildirmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, 87 saylı evdə, Cavabdeh2 isə İsmayıllı rayonu, Namazgah kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı oğlu X5 qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə cinayət əməli törətmiş və Abşeron rayon Məhkəməsinin qanuni qüvvəsini almış 06 iyul 2022-ci il tarixli, 1(012)- 19/2022 saylı hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Sözügedən məhkəmə aktı əsasında iddiaçının oğlunun zərərçəkmiş şəxslərə maddi ziyan vurması öz təsdiqini tapmışdır. Belə ki, hazırki iş üzrə Cavabdeh2 həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və məhkəmə hökmü ilə sonuncuya 5574 manat maddi ziyan vurması təsdiqi olunmuşdur. Məhkəmə araşdırması ərəfəsində iddiaçı oğlunun əvəzinə cavabdehə vurulmuş ziyanın bir qismini ödəməklə qalıq qalmış məbləği rəsmiləşdirmək məqsədilə xx.xx.2022-ci il tarixdə borc müqaviləsi bağlamışdır. Hazırda, İddiaçı oğlunun əvəzindən cavabdehə ödənilməli olan borc məbləğindən savayı əlavə olaraq, 2600 manat borcunun olmadığını iddia edərək mübahisəli kredit müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq): 6.1.5 maddəsinə əsasən, müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 390.1. maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qanunvericilikdən göründüyü kimi, mülki qanunvericiliyin əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipindən çıxış edərək məhkəmə qeyd edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Hazırki mülki iş üzrə iş materiallarına əlavə olunmuş Abşeron rayon 1 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə 3M-661 reyestr nömrəsi ilə təsdiq edilmiş kredit müqaviləsinin tərəfləri İddiaçı və Cavabdeh2 çıxış etməklə, sözügedən müqavilə Notariat ofisinin notariusu X2 tərəfindən 3M-661 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla təsdiq edilmişdir. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri, müqavilənin doğuracağı hüquqi nəticələr izah edilməklə informasiya sisteminə daxil edilmişdir. Müqavilə bağlanarkən tərəflərin fotoşəkilləri çəkilərək müqaviləyə yerləşdirilmiş, müqavilə tərəfləri kredit müqaviləsini imzaladıqdan sonra imzasının qarşısında soyadını yazmışlar. Mülki Məcəllənin: 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4.maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarı”nda qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Məhkəmə iddia tələbinin mahiyyətini məhz kredit müqaviləsinin etibarsızlığı təşkil etdiyindən diqqəti ona yönəldərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 82.4. maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş, mülki iş materiallarına əlavə edilmiş Abşeron rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 1(012)-19/2022 saylı hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən, təqsirli bilinməsi, digər zərərçəkmişlərlə yanaşı, hazırki iş üzrə Cavabdeh2 maddi ziyan vurması öz təsdiqini tapmış və məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(105)-439/2022 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Məhkəmə hökmü ilə cavabdeh ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini bildirib şikayəti olmadığını qeyd etsə də məhkəmə araşdırması zamanı eyni zamanda, müəyyən olunmuşdur ki, iddiaçının oğlu X3 Cavabdeh2 vurulmuş ziyanın bir qismi ödənilmiş və bu, məhkəmə iclası zamanı tərəflərin izahatı ilə də inkar edilməmişdir. Beləliklə, tərəflər sözügedən ziyanın ödənilməsi məqsədilə borc müqaviləsi bağlamış, lakin iddiaçı həqiqətən də tərəf olaraq onun cavabdehə hər hansı bir məbləğdə borcunun olmadığını, həmin müqavilənin formal olaraq bağlandığını iddia edərək kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə hazırki mübahisəyə aşağıdakı Plenum Qərarının hüquqi mövqeyinə istinad etməklə hüquqi qiymət verməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021ci il 12 aprel tarixli Qərarı). Beləliklə, məhkəmə Plenum qərarındakı hüquqi mövqeyə istinad edərək, mülki iş materiallarına əlavə olunmuş kredit müqaviləsinin etibarlı hesab edilməsi üçün əsas olan şərtlərə nəzər yetirərək müəyyən etmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əqdin etibarlı olması üçün zəruri olan şərtlərə, yəni, subyekt tərkibinə, əqdin formasına və məzmununa dair şərtlərə cavab vermiş olsa da, müqavilə tərəflərinin iradə sərbəstliyi, hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi nöqteyi-nəzərindən şübhə doğurur ki, məhkəmə bununla bağlı da aşağıdakıları qeyd edir: Mülki Məcəllənin: 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 404.1. maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Beləliklə də, 2600 manat borcun verilməsini ehtiva edən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi həmin pul vəsaitinin borcverən Cavabdeh2 tərəfindən borcalan İddiaçı verilməsi görüntüsünü yaratsa da, məhkəmə araşdırması zamanı həmin borc məbləğinin həqiqətən də, cavabdeh tərəfindən verilməsi öz təsdiqini tapmamışdır. İlkin növbədə, məhkəmə, məhkəmə gedişatının nəticəsinə və daxili inamına əsaslanaraq bildirir ki, tərəflər arasında iddiaçının oğlunun əvəzində cavabdehə vurulmuş ziyanı, yəni, 2600 manat pul vəsaitini ödəmək barədə öhdəliyi vardırsa, yenidən borc müqaviləsi bağlamaqla cavabdeh tərəfindən iddiaçıya borc verilməsi inandırıcı deyildir. Həmçinin, cavabdeh öz növbəsində, məhkəmə iclasında verilmiş suallara cavab olaraq, təfərrüatlı izahatlar verə bilməmiş, verdiyi izahatlar arasında kəskin ziddiyyətlər təzahür etmiş, qanunun tələblərinə uyğun yerinə yetirilməli olan prosedur olaraq, 2600 manat pul vəsaitini depozitə qoyub götürdükdən sonra həmin məbləği həqiqətən də iddiaçıya verib-verməməsini izah edə bilməmiş, “kameraların, şahidlərin olması” ilə əlaqələndirmişdir. Halbuki, müqavilə tərəfi kimi, borc müqaviləsinin bağlanmasında birbaşa olaraq özü iştirak etmiş cavabdeh həmin hadisəni daha təfərrüatlı şəkildə izah edə bilərdi. Bu isə tərəflərin bağlanmış əqdi başqa niyyətlə, iradə ifadəsinin zədələnməsi nəticəsində, başqa sözlə isə, “pərdələmək” niyyətilə bağlandığının bariz sübutudur. Başqa sözlə, bağlanmış kredit müqaviləsi tərəflərin qarşılıqlı iradə ifadələrinin vahidliyini və həqiqiliyini əks etdirmir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin: 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini, Plenum Qərarlarının hüquqi mövqeyinə istinad edərək qeyd edir ki, etibarsız hesab edilməsi xahiş olunan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin tərəflərin iradə ifadələrinin zədələnməsi nəticəsində bağlanması, başqa sözlə, tərəflərin həqiqi niyyətlərini əks etdirmədiyindən iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməli, İddiaçı ilə Cavabdeh2 arasında Abşeron rayon 1 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə, 3M-661 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsi etibarsız hesab edilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq, ödənilməli olan 100 manat dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında Abşeron rayon 1 saylı Notariat ofisində xx.xx.2022ci il tarixdə, 3M-661 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh2 dövlət rüsumuna görə 100 (yüz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov