Məhkəmə qərarları › İş №2(012)-1497/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1497/2023

10.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1497/2023 10.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil Rəhman oğlunun, Cavabdeh1, Cavabdeh2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri 39 saylı Notariat Kontoru və "xxxx" ASC-yə qarşı «daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh1 ona məxsus olan fərdi yaşayış evini girov qoyaraq pul götürüb ona verəcəyi vədi ilə aldadaraq 23 sentyabr 2015-ci il tarixdə şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natavan küçəsi 2-ci döngədə yerləşən 5 saylı fərdi yaşayış evini Bakı şəhəri 39 saylı Notariat Kontorunda öz adına (Cavabdeh1 adına) bağışlanma müqaviləsi əsasında rəsmləşdirildikdən sonra xx.xx.2015-ci il tarixdə AR ƏMDK-nin yanlnda DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydə aldıraraq, 20 oktyabr 2015-ci il tarixdə ünvan 1 ünvanda "xxxx" İKB ASC-nin 10 saylı filialında ipoteka ilə yüklü edərək həmin tarixli, 22-G1-0-473- 15 saylı kredit müqaviləsi əsasında illik 25 faiz dərəcəsi ilə verilmiş həmin vaxtın məzənnəsi ilə 15057,90 manat təşkil edən 14300 ABŞ dolları pulu ələ keçirərək özünün əlbir olduğu şəxslərlə digər Cavabdeh2 qğlu ilə aralarında bölərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla bağlı Cavabdeh1 barəsində onun və digər zərərçəkmiş şəxslərin müxtəlif məbləğlərdə pullarının ələ keçirilməsi faktları ilə bağlı 13 may 2016-cı il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində AR-sı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320,1 və 320.2-ci maddələri ilə cinayət işi açılmış və bu günə qədər istintaqı davam etmişdir, istintaq müddətində müxtəlif vaxtlarda müxtəlif istintaq hərəkətləri aparılmış, qətimkan tədbirləri seçilmiş və tətbiq edilmişdir. Qeyd edir ki, o, cavabdehlərdən Cavabdeh2 onu tanış etdiyi öz tanışı olan digər Cavabdeh1 etibarnamə vermişdir ki, “Nikoyl Bank”-dan 35000 manat pul çıxarsın və ona versin. O isə əvəzində 5000 manat pul verəcəkdi. Əvvəlcə banka birlikdə getmək razılaşdırılsa da, Əhliman ona xəbər etmədən bankdan cəmi 15000 ABŞ dolları götürmüşdür. O, bunu biləndə lazım olmadğını və sənədlərini qaytarmaqlarını demişdir. Lakin cavabdehlər telefonu söndürüb ona cavab vermədən aradan çıxmışlar. Araşdırılmış istintaq gedişatı zamanı cavabdehlər özləridə olanları etiraf etmiş və məlum olmuşdur ki, onun niyyəti evini tanımadığı şəxsə bağışlamaq olmamışdır, belə ki, yeganə evini əvəzsiz qaydada tanımadığı şəxsə bağışlamağı müəyyən bir sövdələşmənin olduğunun əyani və bariz göstəricidir. Belə ki, o, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 adlı şəxslərin cinayətkar əməllərinin qurbanı olmuşdur. Həmin şəxslər tanışlıqlarından, onun cavabdehlərə olan güvənindən və etibarından istifadə etmiş, onu aldatmış və xeyli miqdarda ziyan vurmuşlar. Hal-hazırda icra orqanı tərəfindən evinin boşaldılması tələb olunur və onun yeganə qalacaq yeri qeyd edilən mənzildir. Bu səbəbdən də, onunla Cavabdeh1 arasında 23 sentyabr 2015-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi’’ barədə qətnamə çıxarılması tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirir ki, onun banklara çoxlu borcu olmuşdur. Unibankdan problemli kreditlər departamentindən gəlmişlər. Onun ödəniş etməyə imkanı olmamışdır. Ona görə də Unibankın işçisinə evini bankda girov qoyub bankdan borcumu ödəmək üçün borc götürmək istədiyini bildirmişdir. Həmin Əhməd adlı işçi sonra ona zəng edərək, Cəmilə adlı bir qızın ona kömək edə biləcəyini demişdir. O, Cəmilə ilə görüşmüş, evin sənədlərini təqdim etmişdir. Cəmilə isə ona bu işə baxan adam olduğunu bildirib, onu Etibarla tanış etmişdir. Etibar isə ona Ekologiya Nazirliyində əmisi oğlunun işlədiyini və evi əmisi oğlunun adına keçirməklərini, sonra bankda girov qoyub pul götürməklərini təklif etmişdir. Onun banklara borcu olduğu üçün ona kredit verilməmişdir. Etibar onu Əhlimanla tanış etdikdən sonra onlar birlikdə notariusa getmişlər. O, notariusda evi Əhlimana bağışlamışdır. Əhlimanla Etibar bankdan pul götürmək üçün getmişlər. Cavabdehlər ona zəng edərək bankın 15000 ABŞ dolları məbləğində pul verdiyini demişlər. O isə razı olmayaraq, sənədlərini qaytarmalarını bildirmişdir. Etibar ona pul götürməyəcəyini desə də, onu aldatmışlar. Pulu cavabdehlər götürmüş, lakin puldan bir manat da olsun ona verməmişlər. O, Polisə müraciət etmiş, Fuad adlı müstəntiq 6 ay onu süründürmüşdür. Polis bölməsində Əhliman izahatında həqiqətən pulun götürülüb ona verilməli olduğunu bildirmişdir. Lakin pul ona verilməmiş və 5 nəfərin arasında bölünmüşdür. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil Rəhman oğlu məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış evi vardır. Ev bağışlanma müqaviləsi ilə Cavabdeh1 adına keçirilmişdir. Bu əqd uydurma əqd olmuşdur. Belə ki, tərəflər razılığa gəlmişlər ki, bankdan 35000 manat pul götürülsün. Bu pulun 30000 manatı Qədirə verilməli, qalan 5000 manat isə Əhliman və Etibar arasında bölünməlidir. Cavabdehlər 14300 ABŞ dolları pul götürmüş, lakin iddiaçı bu pulla razı olmamışdır. İddiaçı bu halın əvvəlki vəziyyətə qaytarılmasını bildirdikdə Əhliman və Etibar telefonu söndürüb pulu mənimsəmişlər. İddiaçı bundan sonra polisə şikayət etmişdir. Polisdə 178-ci maddə ilə cavabdehlərə cinayət işi açılmışdır. 15 may 2016-cı ildə Əhliman və Etibar gizləndiyi üçün cinayət işi dayandırılmışdır. Bu işlə bağlı son olaraq Xətayi Rayon Məhkəməsində məhkəmə nəzarəti qaydasında cinayət işinin başlanmasının rədd olunması barədə qərar ləğv olunmuşdur. İş araşdırılması üçün ibtidai istintaq qaytarılmışdır. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, o, elektrik işləmişdir. Ceyhunu isə 2014-cü ildə tanımışdır. Belə ki, o, Ceyhundan mebel götürmüş və hissə-hissə ödəmişdir. Ceyhun ona bir nəfərin bankdan pul götürmək istədiyini demiş və evi onun adına keçirib bankdan pul götürüb həmin şəxsə verməyini təklif etmişdir. O, əvvəlcə razı olmamış, lakin pula ehtiyacı olduğundan razılaşmışdır. Ceyhun ona pulu götürüb, Etibara verməyini demişdir. Onlar notariusa getdilər və bağışlanma edilmişdir. Danışıqları aparan isə Etibar olmuşdur. O, Etibarla banklara getmiş, lakin pul verilməmişdir. Daha sonra onlar Nikoyl banka getmişlər. Bank onlara 14300 ABŞ dolları məbləğində pulu manatla vermişdir. O, bankdan pulu götürmüş puldan 1300 manat məbləğini bankın işçisi Əşrəfə,qalanını isə Etibara vermiş, Etibar həmin puldan 500 manat ona qaytarmışdır. Sonra onlar Qara Qarayevə çörək yeməyə getmişlər və orada Ceyhun onları qarşılamışdır. Ramiz də orada olmuşdur. Sonra Qədir ona zəng edərək pulun verilmədiyin bildirmişdir. Həmin vaxt o, aldadıldığını başa düşmüşdür. Bundan sonra o, Abşeron polis idarəsinə Etibardan və Ramizdən şikayət etmiş və Etibar ilə Ramiz tutulmuşdur. O, polis idarəsində izahatında evin onun adına müvəqqəti keçirildiyini, əsl niyyətin evi girov qoyub bankdan pul götürmək olduğunu bildirmiş,həqiqətdə də də İddiaçı öz evini ona bağışlamaq niyyəti olmamışdır. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, qonşusu Taleh Cəmilə adlı şəxs ilə birlikdə gəlmiş və onu Qədir adlı şəxslə tanış etmişdir. Qonşusu Taleh iddiaçının eviini banka girov qoyub pul götürmək istədiyini demişdir. O isə Qədirin ASAN xidmətdən borcunun olması barədə çıxarış götürməsini bildirmişdir. O, rayon qeydiyyatında olduğu üçün öz adına evi sənədləşdirməmişdir. Onun da Ceyhun adlı tanışı olmuşdur. Ceyhun adlı şəxs isə Əhliman adlı tanışının olduğunu bildirmişdir. O, bu vaxta qədər Əhlimanı tanımamışdır. O, Əhlimanla Qədiri görüşdürmüş və birlikdə notariusa getmişlər. Ev Əhlimanın adına keçirilmişdir. Daha sonra banka getmişlər və o çöldə gözləmişdir. Əhliman isə banka daxil olmuş, pulu götürüb getmişdir. Əhlimana zəng etdikdə isə Əhliman ona “Ayla” şadlıq sarayına gəlməyini demişdir. O həmin şadlıq sarayına getmiş, orada Ramizi, Ceyhunu və Əhlimanı görmüşdür. Ramiz, Ceyhun və Əhliman ona guya onun borcu olduğunu və bu pulun da özlərinə çatacağını bildirmişlər. Ramiz, Ceyhun və Əhliman əvvəlcədən qurğu qurmuşlar. Odur ki, ona pul çatmamışdır. İddiaçının evi bağışlamaq niyyəti olmamış, evini girov qoyub pul götürmək istəmişdir. Əhliman yalan danışır. Ramiz Əhlimanın qohumudur. O, pulu Ramizə vermiş, Ramiz, Ceyhun və Əhliman isə pulu üç yerə bölmüşlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natavan küçəsi 2-ci döngədə yerləşən 5 saylı fərdi yaşayış evi bankın balansındadır. Tərəflər arasında bağışlanma müqaviləsi bağlanmışdır. Bankdan alınan borc ödənilməmiş, nəticədə bank girov qoyulmuş evi əldə etmişdir. Əgər tərəf hesab edir ki, əqd uydurma olmuşdur, onda iddia müddətini ötürməməli idi. 2015-ci ildən sonra tərəf iddia qaldırmamışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə münasibətdə iddia tələbilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göstərilənləri nəzərə alaraq, İddiaçı iddia tələbinə dair mülki iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Hesab edir ki, müddət ötürülmüşdür. İddiaçı Cavabdeh1 pulunu tələb etməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri 39 saylı Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il qeydiyyat tarixi ilə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Şəhəri 39 saylı Notariat Kontorundə bağlanmış 23 sentyabr 2015-ci il tarixli, 4Ə-110 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini hədiyyə alan Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan Xətai RPİ-nin İstintaq Şöbəsi tərəfindən verilmiş 16 iyun 2018-ci il tarixli qərardan görünür ki, AR CM-nin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə istintaq edilən Cavabdeh2 barəsində ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Xətai Rayon Prokrorluğu tərəfindən verilmiş 28 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis mayoru Məhəmmədəli Cümşüdovun 16 iyun 2018-ci il tarixli qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Xətai RPİ tərəfindən verilmiş 28 may 2022-ci il tarixli qərardan görünür ki, AR CM-nin 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə istintaq edilən Cavabdeh2 barəsində ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 6(011)-66/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Həsənbəy Şərifovun ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında 28 may 2022-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, qeyd edilən xüsusatlar araşdırılmaqla, cinayət işinin ibtidai istintaqının davam etdirilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obeyktiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-cı maddəsinə əsasən Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinin dispozisiyasına əsasən, bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: - bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; - hədiyyə alanın əmlakı artır; - hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; - hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; - hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Hazırki mübahisənin həlli üçün iddiaçının fərdi yaşayış evinin cavabdehə bağışlamasının əvəzli olub-olmaması məsələsinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, bağışlanma müqaviləsi qeyd olunan maddi hüquq normasının (MM-nin 666.1 maddəsi) tələblərinə uyğun olaraq bağlanmamışdır. Burada niyyət İddiaçı tərəfindən əmlakın Cavabdeh1 bağışlanılması olmamış, bu qəd əvəzzis olaraq bağışlanma müqaviləsinin dispozissiyasına uyğun bağlanmamışdır. İzah olunmalıdır ki, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Lakin, hazırki iş üzrə tərəflər bankdan 35000 AZN kredit götürərək onun 30000 AZN hissəsini İddiaçı, yerdə qalan hissəsini isə öz aralarında bölmək niyyəti ilə bu əqdi bağlayıb, daha sonra bank tərəfindən onlara daha az yəni 15000 AZN pul verildikdə İddiaçı ümumiyyətlə pul verməyərək bütün pulu mənimsəmişlər. Göründüyü kimi, burada əzəvsiz olaraq hədiyyəni qəbul etməkdən, bağışlanılmaqla bağlı əqd bağlanması baş verməmişdir. (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 19 dekabr Qərarı) Lakin,işin faktiki hallarından, tərəflərin qarşılıqlı münasibətlərindən aydın şəkildə görünür ki, fərdi yaşayış evinin bağışlanılması müqaviləsi bankdan kredit götürülməsi ilə bağlı əqdi pərdələmək niyyəti ilə baş verib və həmin əqd görünüş üçün bağlanmış uydurma əqddir. Belə olan halda Mülki Məcəllənin 340 maddəsinə əsasən uydurma əqd əhəmiyyətsiz əqd hesab olunur və əhəmiyyətsiz əqdlər də etibarsız əqdlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında izah etmişdir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin .... etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2- ci maddəsinin şərh edilməsinə dair” 2022-ci il 18 mart tarixli Qərarları). Hazırkı iş üzrə İddiaçı düşdüyü çətin vəziyyətdən yararlanmaq, fayda əldə etmək niyyəti ilə cavabdehlər onu aldatmış, özünün xoş niyyətinə inandırmış, həqiqi niyyətini pərdələmək üçün yalandan kredit götürərək ona verəcəyinə inandırmış, bu səbəbdən bağışlama ilə bağlı əqd bağlamışlar. Belə olan halda tərəflər arasında imzalanan bağışlama əqdinin predmetinin mövcud olmaması və bu müqavilənin yalnız görünüş başqa bir əqdi bankdan kredit götürmək üçün evin girov qoyulması niyyətini pərdələmək üçün bağlanması məlum olur. Bu isə onu göstərir ki, əslində evin bağışlanması həqiqəti əks etdirmir, tərəflərin bankdan pul götürməsi üçün pərdələnmiş niyyətidir. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.2-ci maddəsi nəzərdə tutur ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsız hesab olunur (MM 337.3 və 337.4-cü maddələri). Beləliklə, MM-nin 337.2, 337.3, 337.4, 340.1-ci maddələrinin tələblərinə görə predmeti olmayan bağışlama müqaviləsi etibarlı sayıla bilməz və bağlandığı andan əhəmiyyətsiz əqd hesab olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında formalaşan hüquqi mövqeyə görə, etibarsızlıqla bağlı işlərə baxarkən tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürməsindən asılı olmayaraq məhkəmələr müstəqil surətdə müəyyən etməlidir. Beləliklə bağışlama müqaviləsinin bağlanması zamanı iddiaçının bununla bağlı iradə ifadəsinin olmadığı müəyyən edildiyi üçün həmin əqd əhəmiyyətsiz əqd olmuşdur. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz. Bu baxımdan əhəmiyyətsiz əqdlərin etibarsızlığını tələb etmək hüququ hər hansı müddətlə məhdudlaşmır. Bu səbəbdən məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsinin hazırki mülki iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə tələbin hüquqi əsası olmadığına görə təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.1-cı maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinin tələbinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı halda iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar