Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1511/2023 14.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanındakı fərdi yaşayış evində smart kartla işləyən sayğacın abonentdən icazəsiz adi sayğacla əvəz edilməsi nəticəsində qanunsuz və əsassız olaraq hesablanmış 1129,10 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Hüseyn Arif küçəsində yerləşən 16 saylı evin sahibidir. Bu evdə kirayənişin hüququna malik olmayıb, lakin kommunal xərcləri ödəmək şərti ilə Elçin Kazımov öz ailəsilə birlikdə yaşayır. Həmin evdə smart kartla işləyən sayğac var idi. Ondan icazəsiz Elçin Kazımov naməlum səbəbdən Abşeron rayon qaz idarəsinə müraciət etmiş, sayğacı dəyişmiş, nəticədə ona məlum olmayan borc əmələ gəlmişdir. Belə ki, Elçinin dediyinə görə həmin evdəki sayğac 2022-ci ilin fevral ayında dəyişdirilib. Sayğac dəyişdirilən zaman ona 676,10 manat məbləğində borc yazılmışdır. Halbuki o, yay aylarında maksimum 8 və ya 9 manatlıq qaz istifadə etmişdir. Abonent saldosunda cihazların istifadə edilməsində su qızdırıcı əlavə edilmişdir, halbuki onun evində su qızdırıcı olmayıb. Onun bu hadisədən uzun müddət xəbəri olmamışdır. Qaz idarəsində ona məlum olmuşdur ki, sayğacın istismar müddəti bitdiyi üçün köhnə sayğac dəyişdirilməlidir. Onun tərəfindən heç vaxt sayğaca kənar müdaxilə olmamışdır. 6-7 ay ərzində 676,10 manat dəyəri olan qazdan istifadə etməsi mümkün deyil. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. O bildirdi ki, təbii qazı evdə yaşayan Elçin Kazımov istehlak etdiyindən borcu da o ödəməlidir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O bildirdi ki, evdə kimin yaşamasından asılı olmayaraq borcu abonent ödəməlidir. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 bildirdi ki, 3 il iddiaçıya məxsus evdə yaşamış və bu ilin yanvar ayında oradan çıxmışdır. O, evdə olanda 600-700 manat borc var idi, hazırda borcun 1129,10 manat olması mümkün deyil. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanındakı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci ildə tərtib olunmuş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktdan görünür ki, sifarişçi X1 Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yaşadığı evdəki sayğac növbəti dövlət yoxlamasına aparılmışdır. Qeydlər: M1 (30.00) M2 (19316). Akt E.C.Kazımov tərəfindən imzalanmışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli bildirişinin surətindən görünür ki, abonent İddiaçı (kod **********00810) təbii qaza görə cəmi 1126,45 manat borcu var və sonuncu ödəniş xx.xx.2022-ci ildə 15,20 manat məbləğində icra edilmişdir. İddiaçı (kod **********00810) işdə olan abonent saldosundan görünür ki, onun 2023cü ilin yanvar ayına kimi təbii qaza görə cəmi 1129,10 manat borcu vardır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçının evində X2 yaşamış və təbii qazdan istifadə etmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya məxsus evdə təbii qazdan istifadəyə görə sonuncu dəfə ödəniş 2022-ci ilin fevral ayında edilmişdir. xx.xx.2022-ci ildə tərtib olunmuş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktla, sifarişçi X1 Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yaşadığı evdəki sayğac növbəti dövlət yoxlamasına aparılmışdır. İşdən görünür ki, abonent İddiaçı (kod **********00810) məxsus evdə təbii qaz istehlak edilmiş, lakin onun dəyəri Cavabdehnə ödənilməmişdir. Hazırda İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanındakı fərdi yaşayış evində smart kartla işləyən sayğacın abonentdən icazəsiz adi sayğacla əvəz edilməsi nəticəsində qanunsuz və əsassız olaraq hesablanmış 1129,10 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının abonent hesabına borc istehlak edilmiş təbii qazın dəyərinə görə qeyd edilmişdir. Əslində hazırki mübahisə ünvan 1 ünvanındakı fərdi yaşayış evinin sahibi İddiaçı ilə orada müvəqqəti yaşamış, təbii qazı istehlak edərək onun dəyərini ödəməmiş X2 arasındadır. Qüvvədə olan qanunvericiliyə görə istehlak edilmiş təbii qazın dəyərini abonent ödəməli olduğundan məhkəmə İddiaçı hazırki iddiasının təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə iclasında iddiaçı tələbinin əsaslılığına dair dəlillərini sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1511/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1511/2023
14.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver