Məhkəmə qərarları › İş №2(012)-1526/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1526/2021

28.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1526/2021 28.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Cavabdeh X4 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı X4 Bakı Regional Qazın Satışı Departamentinin qazdan istifadəyə görə hesablanmış 458.30 manat borcun əsassız hesab edilməsi və 30 aprel 2020-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, xüsusi qərardad çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı X4 Bakı Regional Qazın Satışı Departamentinin qazdan istifadəyə görə hesablanmış 458.30 manat borcun əsassız hesab edilməsi və 30 aprel 2020-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, xüsusi qərardad çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X4 Bakı Regional Qazın Satışı Departamentinin qazdan istifadəyə görə hesablanmış 458.30 manat borcun əsassız hesab edilməsi, 30 aprel 2020-ci il tarixli, ******* nömrəli saxta aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələbinə əsasən 30 aprel 2020-ci il tarixli, ******* nömrəli saxta aktla bağlı xüsusi qərardad çıxararaq tədbir görülməsi üçün Prokurora məlumat verilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Tağıyev X3 rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsi ev 9 ünvanda qeydiyyatda olmaqla yaşayır və ünvan 2 ünvanında yerləşən yeni tikilən fərdi yaşayış evi ona məxsus olmaqla 2020-ci ilin aprel ayına kimi həmin ünvan qazla təmin olunmamış, orada ümumiyyətlə yaşayış yoxdur və olmamışdır. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən 30 aprel 2020-ci il tarixdə quraşdırılmış smart kart sayğac üzrə və 30 aprel 2020-ci il tarixli, ******* nömrəli akt üzrə onun heç bir borcu yoxdur və ola da bilməzdi. Belə ki, o, 12 iyul 2020-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, ali təhsilli olduğu üçün 03 iyul 2020-ci il tarixdə ehtiyata buraxılmaqla Azərbaycan Respublikası SHXÇDX-nin Abşeron Şöbəsində hərbi qeydiyyata alınmış və Bakı Regional Qazın Satışı Departamenti tərəfindən 30 aprel 2020-ci il tarixli, ******* nömrəli saxta akt tərtib edilən zaman guya onun həmin akta imza etməkdən imtina etdiyi qeyd edilmişdir. O, hərbi xidmətdə olduğu halda bu hal mümkün ola bilməzdi və bunu təsdiq edən hərbi biletin aidiyyəti 1-ci və 24-cü vərəqlərini və Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli Qəsəbə İƏDÜ Nümayəndəsinin 12 yanvar 2021-ci il tarixli, 49 nömrəli arayışının əslini sübut olaraq iddia ərizəsinə əlavə etmişdir. Bir daha qeyd edir ki, onun qazdan istifadəyə görə heç bir borcu yoxdur və Bakı Regional Qazın Satışı Departamentinin 30 aprel 2020-ci il tarixli, ******* nömrəli saxta akta əlavə edilmiş qaz borclarının olduğu divarın onun evinə heç bir aidiyyəti yoxdur. Göstərilənlərə əsasən hesab edir ki, cavabdehin yetərli əsaslar və sübut olmadığından qazdan istifadəyə görə ona hesablanmış borcun əsassız hesab edilməsinə və 30 aprel 2020-ci il tarixli, ******* nömrəli saxta aktın ləğv edilməsinə dair məhkəmə tərəfindən qətnamə çıxarılmalıdır və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələbinə əsasən 30 aprel 2020-ci il tarixli, ******* nömrəli saxta aktla bağlı xüsusi qərardad çıxararaq tədbir görülməsi üçün Prokurora məlumat verilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilir. Məhkəmə iclasında cavabdeh X4 nümayəndəsi X8 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının (bundan sonra Qaydalar) 4.1 bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilən dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacı quraşdırılmışdır. 30.04.2020-ci il tarixdə istehlakçının (iddiaçının) qaz syğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, İddiaçı sayğacdan kənar qaz xətti vasitəsi ilə təbii qazdan qeyriqanuni olaraq istifadə edir. Faktla bağlı yerində 1 (bir) ədəd fotoşəkil çəkilmiş və fotoşəkildə əyani surətdə istehlakçının (iddiaçının) sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etdiyi görünməkdədir. Bununla əlaqədar Birliyin əməkdaşları tərəfindən həmin tarixdə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.04.2020-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta müvafiq olaraq itirilmiş təbii qazın bərpası üzrə tələblər müəyyən edilmiş, tələblərə əsasən istehlakçının (iddiaçının) qaz işlədicilərindən PQ2-nin (iki gözlü qaz plitəsi) maksimal saatlıq qaz sərfi 0.6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ (qənaətli su qızdırıcısı)-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq aşağıdakı nəticə əldə edilmişdir: 0.6x24x90=1296 m3, 1.5x24x90=3240 m3, 1296 m3+ 3240 m3 =4536 m3, 4536 m3 x 0.10 manat = 453,60 manat. Göründüyü kimi İddiaçı hesablanmış dəymiş ziyan məbləği 453,60 manat təşkil edir. Bundan əlavə iddiaçı təbii qazdan istifadəyə görə əlavə borcu olduğundan bu günə olan borcu 464,60 manat təşkil edir. İstehlakçının istifadəsində olan qaz cihazlarının sərfiyyatına uyğun hesabat aparılmış dəyəri ödənilməyən qazın həcmi müəyyən edilmiş və istehlakçıdan qeyri-qanuni istifadə etdiyi qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İddiaçı iddia ərizəsində qeyd edilənlərin əsası yoxdur. Hər bir istehlakçı Qazdan istifadə Qaydalarının tələbinə uyğun olaraq qazdan istifadə etməli və istifadə etdiyi qazın dəyərini tam ödəməlidir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının tələbinə əməl edilməmiş, mövcud qanunvericilik kobud şəkildə pozulmuş və dövlət əmlakı talanmışdır. Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz inkişafına dair X9 Tədbirlər Planının 4.1.4.-cü bəndində Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi təsbit olunmuşdur. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlmişdir. Ona görə də İddiaçı cavabdeh X1rşı iddiasına etiraz edir və göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh X4 nümayəndəsi X8 ərizə təqdim edərək mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılması və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq): 60-cı maddəsinin İ. bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azəriqaz İB-nin İddiaçı ünvanladığı SOCAR**********30560046X02297 saylı 21 dekabr 2020-ci il tarixli məktubdan görünür ki, Bakı Regional Qazın Satışı Departəmentinə ünvanlanmış **********00256 saylı istehlakçı hesabında yaranmış borcun araşdırılması barədə 07.12.2020-ci il tarixli ərizəyə baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ünvan 4i ünvanında yerləşən mənzildə sayğacsız təbii qazdan qeyri-qanuni istifadə olunması aşkar olunaraq bu barədə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.04.2020-ci il tarixli ******* nömrəli akt tərtib olunaraq 453.60 manat dəymiş ziyan hesablanmışdır. Hazırda istifadədə olan mexaniki qaz sayğacı vasitəsi ilə istifadə edilmiş təbii qaza görə 4.70 manat olmaqla, 18.12.2020-ci il tarixinə istehlakçı hesabında ümumilikdə 458.30 manat borc mövcuddur və istehlakçı tərəfindən ödənilməlidir. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.04.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman abonentin qeydiyyatsız təbii qazdan istifadə etməsi aşkar olunduğundan dəymiş ziyanın hesablanması qərara alınmışdır. -Azəriqaz İB-nin 30.04.2018-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 4536 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq 30.04.2020-ci il tarixli ******* saylı akt olmuşdur. -İstehlakçının qaz təsərrüfatının 30.04.2020-ci il tarixli inventar aktından görünür ki, Abşeron rayonu üzrə qrup rəhbəri Zaur Qasımov, mühəndis Məhəbbət Mahmudov tərəfindən tərtib olunmuş aktdan görünür ki, Abşeron rayonu Hökməli kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğaca baxış keçirilən zaman abonent kodu **********00256 olan istehlakçının sayğacdan əvvəl təbii qazdan istifadə etdiyi aşkar olunduğundan təbii qaz təchizatı qaynaq vasitəsilə dayandırılmış, akt istehlakçı İddiaçı tərəfindən imzalanmaqdan imtina edilmişdir. -Abonent kodu **********00256 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 4i ünvanında 28.04.2020-ci il tarixdə Natek Enerji G4 Mexanika tipli 40017453 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4) (1/1) Aktlara əsasən hesablanmış abonentin 2020-ci ilə aid olan borcu 458.60 manat (453.60+4.70=458.30) göstərilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.08.2021-ci il tarixli 10/2592 saylı rəyindən müəyyən olunur ki, ekspertə təqdim edilmiş Abşeron rayonu, Hökməli qəsəbəsində İddiaçı məxsus 14 A saylı ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. -Abşeron rayonu Hökməli qəsəbə İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12.01.2021-ci il tarixli 49 saylı arayışdan görünür ki, Hökməli qəsəbəsi Koroğlu küçəsi 14a saylı yeni tikilən fərdi yaşayış evinə təbii qazın verilməsi 30 aprel 2020-ci ildə olmuşdur. Mülkün sahibi İddiaçı həmin dövrdə həqiqi hərbi xidmətdə olmuşdur. -SX-0523197 saylı hərbi biletin surətindən görünür ki, ali təhsilli İddiaçı 03.07.2020-ci il tarixdə hərbi xidmətdə olmuşdur. -Asan-Sumqayıt tərəfindən verilmiş 13.01.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Tağıyev X3 rayonu Hökməli qəsəbəsi Koroğlu küçəsi 9 saylı evdə qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın mexanika tipli olduğunu, ona nəzarət edilməsi qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasma səbəb birbaşa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğıılarınm tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə Abşeron rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli 2(012)-1526/2021 saylı qərardadına əsasən tikinti texniki ekspertizası təyin edilmiş, həmin qərardad əsasında məhkəməyə daxil olmuş 27.08.2021-ci il tarixli 10/2592 saylı rəyi ilə Abşeron rayonu, Hökməli qəsəbəsində İddiaçı məxsus 14 A saylı ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halının, eləcə də qoşulmaya xarakterik əlamətlərin aşkar edilmədiyi göstərilmişdir. Məhkəmə ekspert rəyini əsas götürüb mülki iş materiallarında olan digər sənədlərlə yanaşı qiymətləndirib belə nəticəyə gəlir ki, rəy əsaslıdır və Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən əsas sübut növü kimi nəzərə alınmalıdır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.04.2021-ci il tarixli 2(012)-1526/2021 saylı rəyini əsas sübut kimi götürərək hesab edir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində İddiaçı məxsus 14 A saylı ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halının, eləcə də qoşulmaya xarakterik əlamətlərin aşkar edilmədiyi halda Azəriqaz İB-nin əməkdaşları tərəfindən əsassız olaraq təbii qazdan qeyri-qanuni istifadə edilməyə görə 30.04.2020-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin akta əsasən 458,30 manat cərimə borcu hesablanmışdır. İş materiallarından və cavabdehin nümayəndəsinin izahatından müəyyən edilir ki, iddiaçının mənzilində quraşdırılmış sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Məhkəmə qeyd edir ki, 30.04.2020-ci il tarixli ******* saylı akt tədqiq edilərkən həmin aktın iki nəfər Azəriqaz əməkdaşları tərəfindən tərtib edildiyi və aktda hal şahidlərinin iştirakının təmin olunmadığı müəyyən olunmuşdur ki, bu isə aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Göründüyü kimi iddiaçının sübut kimi göstərdiyi akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Bundan başqa, iş materiallarına əlavə olunmuş arayışdan, hərbi biletdən də göründüyü kimi, cavabdehin nümayəndələri tərəfindən akt tərtib olunduğu müddətdə, iddiaçı hərbi xidmətdə olduğu halda tərtib edilmiş və aktın iddiaçı tərəfindən imzalanmaqdan imtina edildiyi qeyd edilmişdir. Belə ki, sayğacın iddiaçının mənzilindən kənarda quraşdırılması həmin sayğacın onun tərəfindən mühafizə olunmasını, yaxud qeyri-qanuni istifadə etməsini istisna edir. Göründüyü kimi bütün bunlar iddiaçının sayğacdan qeyri-qanuni təbii qazdan istifadə olunmasını tamamilə inkar edir. Mülki Prosessual Məcəllənin: 77-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd olunanlara əsasən iddia ərizəsini əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, X7 tərəfindən əsassız olaraq hesablanmış 458,30 manat borc abonent kodu **********00256 olan İddiaçı məxsus abunə hesabından silinməlidir. Məhkəmə iddiaçının iddia tələbinin 30 aprel 2020-ci il tarixli, ******* nömrəli saxta aktla bağlı xüsusi qərardad çıxararaq tədbir görülməsi üçün Prokurora məlumat verilməsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehin əməllərində cinayət əməllərinin aşkara çıxarılmasına dair əsaslı sübutlarını məhkəməyə təqdim etmədiyindən və məhkəmə iclasında iştirak etməməklə həmin halları sübuta yetirmədiyindən, eyni zamanda məhkəmə araşdırılması zamanı belə hallar müəyyən olunmadığından, məhkəmə ərizənin həmin hissədə əsassız hesab edib təmin edilməməsi qənaətinə gəlir. Belə ki, Mülki Prоsеssuаl Məcəllənin: 265.4. mаddəsinə əsаsən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. 265.5. mаddəsinə əsаsən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmə bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən hazırki mülki iş üzrə ödənilməli olan ekspertiza tədqiqatının dəyərinə görə 102 manat ekspertiza xərci cavabdehdən tutularaq dövlət nəfinə köçürülməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. X7 tərəfindən əsassız olaraq hesablanmış 458,30 (dörd yüz əlli səkkiz manat otuz qəpik) manat borc abonent kodu **********00256 olan İddiaçı məxsus abunə hesabından silinsin. Aparılmış ekspertiza tədqiqatına görə 102 (yüz iki) manat X2 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar