Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1548/2024 04.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərişıq ASC-nin əməkdaşları tərəfindən hesablanmış 550 ( beş yüz əlli) manat borcun əsassız olduğu üçün silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev onun mülkiyətindədir. Həmin ünvanda Abonent kodu **********00858 olmaqla cavabdeh Azərişıq ASC tərəfindən işıqla təmin olunmaqdadır. Cavabdehin əməkdaşları tərəfindən küçədə yerləşən sayğaca baxış keçirilmiş sayğaca müdaxilə olduğu qeyd edilməklə 29 mart 2021-ci il tarixində 021692 saylı Akt tərtib edilmişdir. Həmin aktı əsas götürərək cavabdeh qrum tərəfindən mənə 550 ( beş yüz əlli ) manat borc hesablanmışdır. Hesablanmış borc qanunsuz və əsasızdır. Küçədə yerləşən sayğaca o, cavabdehlik daşıya bilməz. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, onun və ya ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanması yolverilməzdir. Onun müdaxilə etdiyi qeyd edilən sayğacın onun faktiki mülkiyyətində olan ərazidə yox, kənarda quraşdırılmış olmasını və bu səbəbdən onun sayğacı kənar müdaxilələrdən güdməyi qeyri-mümkündür. Müdaxilənin məhz o və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, sayğac çıxarılan zaman müdaxilə Azərişıq ASC-nin əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə Azərbaycan Respublikası DNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin aktı əsasında sayğaca müdaxilə olunması sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca o və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən hesablanmış borc qanunsuz və əsassız olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: - "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli 021692 saylı aktdan görünür ki, abonent kodu **********00858 nömrəli, ünvan 2 ünvanında İddiaçı yaşadığı mənzilə E.E.İ.Q-na uyğun olaraq yoxlama zamanı quraşdırılmış elektrik sayğacının dövlət və alt qapağının möhüründə müdaxilə izləri olması aşkarlanmışdır. - "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında 214497 saylı xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, abonent kodu **********00858 nömrəli, ünvan 2 ünvanında yaşayan İddiaçı yaşadığı mənzildə olan sayğacı NDM 021692 saylı akta əsasən sökərkən məlum olmuşdur ki, sayğacın dövlət möhürü pozulub. - Abonent kodu **********00858 nömrəli, ünvan 2 ünvanında yaşayan İddiaçı saldosundan görünür ki, tərtib edilmiş akt nəticəsində ona xx.xx.2021-ci il tarixdə 324,28+62,09=386,37 manat borc yazılmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenergetika haqqında, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 5.3-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən edilir: 5.3.1. hava budaqlanmasında-binada, yaşayış evində və ya dayaqda bərkidilmiş birinci izolyatorda; 5.3.2. kabellə daxil olduqda- binanın, yaşayış evinin və ya mən-zilin girişindəki qidalandırıcı kabelin uclarında. Yaşayış binalarının, yaxud yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyriistehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Qaydaların 7.10-cu bəndinə əsasən Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə əsasən Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, abonent İddiaçı məxsus elektrik sayğacı yaşayış sahəsindən kənarda quraşdırılmışdır. Belə olan halda o, sayğacın texniki vəziyyətinə və sazlığına görə məsuliyyət daşıya bilməz. Qaydaların 7.13-cü bəndinə əsasən Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. İşin araşdırılan hallarından müəyyən olunur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş yuxarıda qeyd olunan aktda qüsurlara yol verilmiş, faktı təsdiq edən akt yazılarkən bitərəf olan hal şahidlərinin iştirakı təmin edilməmişdir. Hal şahidlərinin imzasının zəruriliyi ondan ibarətdir ki, akt tərtib edilərkən onu tərtib edənlər özlərinin marağı əsasında deyil, obyektivlik əsasında tərtib etsinlər. Məhkəmə qeyd edir ki, abonentə yazılmış cərimə borcu akta əsasən yazıldığından və akt E.E.İ.Q.-nın tələblərinə uyğun tərtib edilmədiyindən borc da öz növbəsində əsassız hesab edilərək silinməlidir. MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda şərh edilən işin hallarına əsasən xx.xx.2021ci il tarixli 021692 saylı aktda göstərilən qüsura görə abonent məsuliyyət daşımır. Ona görə də iddia tələbi qismən təmin edilməli, iddiaçının abunə kodundan silinməsini tələb etdiyi məbləğdən xx.xx.2021-ci il tarixli 021692 saylı akt əsasında yazılan 386,37 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. **********00858 saylı abonent kodu üzrə "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 021692 saylı akta əsasən İddiaçı hesablanmış 386,37 manat borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-1548/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1548/2024
04.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver