Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1550/2021 27.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Hafiz Mikayılovun iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə 27 aprel 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı - 03.03.2002-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qızı- 03.03.2002-ci il təvəllüdlü X1 anadangəlmə sağlamlıq imkanları məhduddur. Aysun daimi yataq xəstəsi olmaqla, gəzə, danışa və özünü idarə edə bilmir. Belə ki, ağıl zəifliyi var və ona daimi qulluq lazımdır. Aysun 1-ci dərəcəli əlil olmaqla ona “serebral iflicin digər növü, uşaq serebral iflici, spastik diplegik forma. Paraplegiya və tetraplegiya, tetraplegiya” diaqnozu ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Nərgizin xəstəliyi ilə bağlı fəaliyyət qabiliyyətsiz elan edilməsi zəruridir və bu səbəbdən də ərizəçi məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs olan Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki iş materiallarında olan 455780 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, 03.03.2002-ci il təvəllüdlü X1 anası Ərizəçi, atası X5r. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən tibbi-sosial ekspert komissiyasının sonuncu müayinəyə dair elektron çıxarışdan müəyyən edilir ki, 03.03.2002-ci il təvəllüdlü X3 “serebral iflicin digər növü, uşaq serebral iflici, spastik diplegik forma. Paraplegiya və tetraplegiya, tetraplegiya” diaqnozu ilə müddətsiz olaraq 1-ci dərəcəli əlillik verilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının 12.03.2021-ci il tarixli, 542 saylı rəyindən görünür ki, X2 “Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli gerilik” müəyyən edilir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, 03.03.2002-ci il təvəllüdlü X2 “uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli gerilik” aşkar olunur. O, anası - Ərizəçi himayəsində yaşayır və daima qulluğa ehtiyacı vardır. Buna görə də təbii olaraq hərəkətlərinə nəzarət etmək və öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur.Bu səbəbdən də, məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının 12.03.2021-ci il tarixli, 542 saylı rəyi ilə razılaşıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 03.03.2002-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03.03.2002-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə 03.03.2002-ci il təvəllüdlü X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1550/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1550/2021
27.04.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver